Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:07

'Gəncə işi'ndə hakimlə vəkillər arasında qalmaqal yaşandı


Hakim Dadaş İmanov
Hakim Dadaş İmanov

Gəncə hadisələrinə görə həbs olunan şəxslərin məhkəməsində vəkillərlə hakim arasında qalmaqal yaşanıb. Müvəkkilinin işgəncə iddialarının araşdırılması barədə vəkil Zübeydə Sadıqovanın vəsatətinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanov kəskin reaksiya verib.

Gəncə məhbuslarından Şahin Verdiyevin müdafiəsinə təxminən bir aydır qoşulan Z.Sadıqova, təbii ki, müvəkkilinin məhkəməyə ifadəsində onun hüquqlarını müdafiə etməyib. Ş.Verdiyev öz həbsindən sonra günlərlə işgəncələrə məruz qaldığını və bu üzdən məcbur qalaraq, doğru olmayan ifadəni imzaladığını söyləyib. Onun dedikləri mediada da yayılıb. Bu səbəbdən Z.Sadıqova həm müvəkkilinin, həm də digər Gəncə məhbuslarının işgəncə şikayətləri barədə mediada yazılanları da vəsatətinə əlavə edib. Vəkilin vəsatətinə Gəncə hadisələriylə bağlı həbs olunanlardan Ş.Verdiyev və daha 7 nəfərin işinə baxan hakim D.İmanovun reaksiyası belə olub: «Sizə kim ixtiyar verib ki, bunları bura qoyasınız («əlavə edəsiniz» mənasında – red.)? Mən sizi işdən kənarlaşdıracağam, əlavə etdiyiniz bu yazıları da aidiyyəti orqanlara göndərəcəyəm...».

Gəncə məhbusu: «İstəmirəm ki, işimə siz baxasınız»

Hakim eyni işdə vəkil Əziz Qəmbərovun vəsatətini də rədd edib və onu əsas gətirib ki, həmin vəsatətdə təqsirləndirilən şəxsləri «qabaqcadan əlbir olan bir qrup şəxs» kimi yazmaq onların vəziyyətini ağırlaşdırıb. İradı qəbul etməyən müdafiəçi ittiham aktında yazılanları hakimə göstərsə də, onun fikri dəyişməyib. Hakim belə cavab verib: «Mən sizin barənizdə Vəkillər Kollegiyasının rəhbərliyinə müraciət edəcəyəm».

Bir neçə iclasdır davam edən mübahisələri və onlarca vəsatətin rədd edilməsini əsas gətirən vəkillər və hüquqları müdafiə edilən şəxslər hakim D.İmanovun bu prosesdən uzaqlaşdırılması məsələsini qaldırıblar.

«Bir dənə də vəsatətimizi təmin etmirsiniz. Mən istəmirəm ki, işimə siz baxasınız», - Gəncə hadisələrinə görə həbs olunan 24-yaşlı Elmir Hüseynzadə belə deyib.

Vəkil Ş.Hümbətova
Vəkil Ş.Hümbətova

«Aşırı kobud davranır, hörmətsizlik edir»

Hakimin uzaqlaşdırılmasından ötrü verilən yazılı etirazı vəkil Şəhla Hümbətova səsləndirib. O bildirib ki, bu hakim vəkillərlə aşırı kobud davranır, təqsirləndirilən şəxsləri məhkəmə zalından, müdafiəçiləri isə prosesdən uzaqlaşdırmaqla hədələyir, sayqısız davranır: «Vəkillər nəyəsə etirazını bildirmək istəyəndə «oturun yerinizə» kimi aşağılayıcı ifadələrdən istifadə edir».

Hakimlə vəkillər arasında baş vermiş qalmaqallar da yazılı etirazda əksini tapıb: «Vəkil Nazim Musayevin şahidə verdiyi sualları əsassız olaraq çıxarıb, dindirməyə müdaxilə edirdi. Vəkillər məhkəmənin belə gedişinə etirazını bildirəndə isə «Mən bilirəm, siz Avropa Məhkəməsinə hazırlaşırsınız, amma icazə vermərəm ki, burada şou yaradasınız...» şəklində anlaşılmaz reaksiya verdi. Hakim tez-tez təqsirləndirilən şəxslərin sözünü kəsir, «elə etməyin ki, barənizdə başqa maddələrlə cinayət işi başlansın», - deyə onları hədələyir.

​Hakim tərəfsiz olmalıdır. Amma Dadaş İmanov bəri başdan mövqeyini ortaya qoyur. Vəkillərə «siz onların cinayətini müdafiə etmirsiniz, hüquqlarını müdafiə edirsiniz» deməklə, əslində, adamların təqsirsizlik prezumpsiyasını pozur, onların cinayət törətmələri barədə öncədən fikir bildirir».

Hakimin məhkəmədə tərəflərin bərabərliyi prinsipinə əməl etmədiyini, onlarca vəsatətin heç birini təmin etmədiyini vurğulayan vəkillər D.İmanovun bu işdən uzaqlaşdırılmasını istəyiblər.

Dadaş İmanov, Məhəmməd Bağırov və Nural Əliyevdən ibarət hakimlər heyəti bir neçə dəqiqəlik müşavirədən sonra etirazın baxılmamış saxlandığını bildiriblər.

Bu dəfə vəkillər tək sədrlik edənə yox, bütün hakim tərkibinə etiraz verərək bildiriblər ki, qanunun tələbinə görə, D.İmanova etiraza onun özü baxa bilməzdi və digər iki hakim müşavirəyə edərək qərarı elan etməliydi.

Hakimlər kollegiyasına verilən etiraz da baxılmamış saxlanılıb.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub. Nəticədə onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərovun məhkəməsi başlanmadığından, onun bu iddialara münasibəti, hələlik, ictimaiyyətə açıqlanmayıb.

Bu sui-qəsddən bir həftə sonra – iyulun 10-da sosial şəbəkələrdə Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun aksiyaya cəhdində yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Baş Prokurorluğun bir müddət öncə bildirdiyinə görə, Gəncə olayları ilə bağlı toplam altı qrupun (51 nəfərin) işi məhkəməyə göndərilib. Hələlik, iki qrupun məhkəməsi başa çatıb. Bu qruplara daxil olanlar, əsasən, zorakılıq və talanların törədilməsində, odlu silahdan, partlayıcı maddələrdən istifadədə, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimətlə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər. Mühakimə edilənlərə 5 ildən 9 ilədək həbs cəzası verilib. Onların çoxu özünü günahsız sayıb.

Daha bir neçə qrupun məhkəməsi Bakıda davam edir.

Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi, hələlik, heç məhkəməyə də göndərilməyib. Bütövlükdə bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı.

Hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin gerçək olmadığını iddia ediblər.

Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edərək bildirilib ki, onlar məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

XS
SM
MD
LG