Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:44

Adil İsmayılov Kollegiyaya qaytarıldı


A.İsmayılov
A.İsmayılov

Adil İsmayılovun vəkillik fəaliyyətinin bir illik dayandırılması barədə qərar ləğv olundu. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, sentyabrın 24-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin toplantısında bu barədə qərar verilib.

«Adil İsmayılovdan şikayətçi olan vəkil Sahil Quliyev Vəkillər Kollegiyasının rəhbərliyinə təkrar ərizə ilə müraciət edib. O, şikayətini geri götürdüyünü bildirib. Bu əsasla da Adil İsmayılov haqqında əvvəlki qərar ləğv olunub», – məlumatda belə deyilir.

Xəbəri A.İsmayılov da AzadlıqRadiosuna təsdiqləyib.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti sentyabrın 9-da A.İsmayılovun vəkillik fəaliyyətinin bir illik dayandırılması barədə qərar çıxarmışdı. Qərar başqa bir vəkil S.Quliyevin şikayəti əsasında verilmişdi. S.Quliyev şikayətində göstərib ki, A.İsmayılov sosial şəbəkələrdə yaydığı yazılarda vəkillərin ünvanına «qul, mağmın» kimi ifadələr işlətməklə onları təhqir edib.

A.İsmayılov isə konkret heç kimi təhqir etmədiyini deyir: «Mən ad çəkməmişəm, kim özünə götürürsə, öz işidir».

A.İsmayilov son zamanlar sosial şəbəkələrdə müdafiə etdiyi şəxslərlə bağlı keçmiş cinayət işlərinə aid bəzi paylaşımlar yayırdı. Həmin paylaşımların bir neçəsi Daxili İşlər Nazirliyinin qətl və adam oğurluqlarında ittiham edilən keçmiş zabiti, mərhum Hacı Məmmədovun işi ilə bağlı idi. Orada bəzi cinayətlərdən hüquq-mühafizə orqanlarının əvvəlcədən xəbərdar olmasından bəhs edilirdi.

Həmin statuslara hüquq-mühafizə orqanlarından hər hansı münasibət bildirilməmişdi.

XS
SM
MD
LG