Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:29

Texnologiya şirkətləri siyasi reklamla bağlı vədlərinə ‘əməl etmirlər’


Google şirkətinin loqosu
Google şirkətinin loqosu

Facebook, Twitter və Alphabet-ə məxsus Google şirkəti istifadəçiləri üçün siyasi reklamla bağlı yetərincə şəffaflıq təmin edə bilməyiblər. Bunu “Reuters” agentliyi yeni açıqlanmış hesabata istinadla yazır.

Londonda mənzillənən “Privacy International” xeyriyyə təşkilatının hesabatında deyilir ki, dünyada sosial media xidmətlərinin bir çox istifadəçilərin reklam hədəflərinin necə seçilməsi haqda dərin bilgisi yoxdur.

Hesabatda Google şirkətinin reklam hədəfləri haqda informasiyanı açmaqda “özəlliklə geri qaldığı” bildirilir, bu da reklamçılara imkan verir ki, müxtəlif istifadəçi qruplarına məqsədli mesaj ötürsünlər.

“Görülməli çox işin olduğunu bilirik”

Google şirkətinin sözçüsü Alex Krasov deyib ki, “görülməli çox işin olduğunu bilirik və daha çox regiona və müxtəlif seçki dönəmlərində siyasi reklamlarla bağlı daha artıq şəffaflıq gətirməyin yollarını axtarırıq”.

İndi böyük internet şirkətləri siyasi reklamla bağlı daha artıq informasiya paylaşmalı olurlar. Buna ABŞ kəşfiyyat agentliklərinin gəldiyi bir qənaət səbəb oldu. Kəşfiyyat cameəsi 2016-cı il seçkisi zamanı Rusiyanın amerikalı seçiciləri sosial media kontenti, reklamlar vasitəsilə hədəfə aldığını üzə çıxardı.

Facebook-un sözçüsü isə şirkətin son illər siyasi reklam qaydalarını sərtləşdirdiyini, həm, Facebook, həm də Instagram-da şəffaflığı təkmilləşdirdiyini söyləyib.

Agentlik “Twitter”dən hesabata münasibət ala bilməyib.

Avropa Komissiyası uyğun hesabatını ilin sonunadək açıqlamalıdır, hesabat texnologiya şirkətlərinin Dezinformasiya Praktikası Məcəlləsi üzrə öhdəliklərini necə yerinə yetirdiyini əhatələyəcək.

Şirkətlər Avropa Komissiyasının könüllü tədbirlərinə 2018-ci ilin oktyabrında imza atıblar.

Facebook, Twitter və Google platformalarında siyasi reklamların onlayn kitabxanasını işə salıblar. Ancaq tənqidçilər bu resursun yaxşı təşkil olunmadığını, reklam hədəfləri haqda faydalı informasiya vermədiyini vurğulayırlar.

XS
SM
MD
LG