Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 19:50

Suriya kürdləri İran və Rusiyayla əməkdaşlığa gedəcəkmi – Qərb mediası


Suriyanın kürd və ərəb sakinləri bombardmandan qaçır
Suriyanın kürd və ərəb sakinləri bombardmandan qaçır

“The National Interest” dərgisində Matthew Petti Suriyanın şimalındakı kürd qüvvələrin Türkiyəyə qarşı Rusiya və İranla birləşməsinin mümkünlüyünü araşdırır.

Kürdlərin başçılıq etdiyi SDF-in (Suriya Demokratik Qüvvələri) baş generalı Mazloum Kobani Türkiyəyə qarşı Suriya Prezidenti Bashar al-Assad-la alyansın müzakirə olunduğunu deyib. SDF-ə bağlı diplomat Sinam Mohamad dərgiyə deyib ki, SDF Assad-la danışıqlara “hazırdır”. Di gəl, Assad-ı dəstəkləyən Rusiya və İran daha ehtiyatlı davranış sərgiləyir.

Ruslar necə davranacaq

Suriyanın şimal-şərqində yerləşən Rojava İnformasiya Mərkəzi dərgiyə Assad-yönlü qüvvələrin Menbic və Deyr əz-Zur yaxınlığına yığışdığını bildirib. Ancaq bu qüvvələrin Türkiyəyə əməliyyatda kömək edəcəyi, yaxud ona mane olacağı bəlli deyil. “The Washington Post”un yazarı David Ignatius iddia edib ki, Assad özünün işğal məqsədləri ilə qüvvələrini səfərbər edir.

Bu arada İran Türkiyəylə sərhəddə təlimlərə başlamaqla əks siqnal verib. Parlamentin Spikeri Ali Larijani Türkiyəyə səfərini ertələyib.

Rusiya lideri Vladimir Putin türkiyəli həmkarı Recep Tayyip Erdogan-a telefon zəngində onu sülh prosesinə təhlükə yaratmamağa çağırıb. Rusiyanın Xarici işlər naziri Sergei Lavrov ABŞ-ın SDF-ə dəstəyini pisləsə də Suriya siyasətində kürdlərin rolu variantını açıq saxlayıb.

Lavrov-la görüşmüş İraq kürdlərinin təmsilçisi Fawri Hariri deyir ki, Lavrov Dəməşqlə Kürdlər arasında vasitəçilik vədi verib.

“Məncə, onlar, bütün tərəflərlə danışacaqlar. İndiyədək Rusiya Suriyada belə davranıb, hamıyla razılaşma əldə edib”, – Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun əməkdaşı Anna Borshchevskaya deyib.

İranın mövqeyi

“İranın oturuşmuş mövqeyi kürdləri Assad-la bir növ kompromisə gedərək Suriyanın bu hissəsini Türkiyənin mümkün işğalından qorumaq idi. İran tərəfdən hər iki tərəfi kompromisə aparmaq cəhdləri olub”, – bunu Tehrandakı Shahid Beheshti Universitetində regional araşdırmalar üzrə professor köməkçisi Hamidreza Azizi deyir.

Ancaq məsələ ondadır ki, SDF ancaq kürdlərdən ibarət deyil, tərkibində Assad-a qarşı çıxan xeyli sayda qüvvələr var. Wilson Mərkəzinin bu yaxınlarda açıqladığı hesabatda SDF döyüşçülərinin 50-70 faizinin ərəblər olduğu bildirilirdi. Amy Austin Holmes-in müsahibə aldığı döyüşçülərin 60 faizə qədəri demişdi ki, Assad hakimiyyətdə qaldıqca münaqişənin siyasi həlli mümkünsüzdür.

Müəllifin danışdırdığı təhlilçilər bir məqama da diqqət çəkirlər. İranlılar narahatdırlar ki, Türkiyənin işğalı və suriyalı qaçqınları ölkənin şimal-şərqinə yerləşdirməsi Suriyanın həmin hissələrində demoqrafik strukturu Assad hökumətinin ziyanına dəyişə bilər.

Qeyd edək ki, Türkiyə iki gün öncə Suriyanın şimal-şərqində “Barış Pınarı” (“Sülh bulağı”) əməliyyatına başlayıb. Erdogan məqsədin bu ərazini terrorçulardan təmizləmək olduğunu deyir. Türkiyə Suriyanın şimalında “təhlükəsiz zona” yaradaraq 2 milyonadək suriyalı qaçqını oraya yerləşdirməyi planlaşdırır.

XS
SM
MD
LG