Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:20

Cahangir Hacıyevin bacanağı azadlığa buraxılıb


C.Hacıyev
C.Hacıyev

Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin bacanağı, onunla birlikdə mühakimə olunmuş İsmayıl Hidayətzadə azadlığa buraxılıb. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, sentyabrın 27-də Nizami rayon Məhkəməsi bu barədə qərar çıxarıb.

«Intertobacco» Zaqatala Tütün Fabrikinin rəhbəri olmuş İ.Hidayətzadə cəzasının üçdə ikisini çəkməsi əsasıyla vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Məhkəmə iclasının onun saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsində keçirildiyi bildirilir.

Məlumatı C.Hacıyevin bacısı Əminə Hacıyeva da AzadlıqRadiosuna təsdiqləyib.

İ.Hidayətzadə bacanağının rəhbərliyi dövründə Beynəlxalq Bankdan kredit götürüb qaytarmamaqda suçlanaraq, 2016-cı ildə həbs olunub. Ona 7 il həbs cəzası kəsilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 5 ilə endirib.

C.Hacıyevin ikinci cinayət işində bacanağı da onunla birlikdə mühakimə olunurdu. Sentyabrda onun haqqındakı əvvəlki hökm də nəzərə alınmaqla İ.Hidayətzadəyə 5 il 6 ay həbs kəsildi. O, kredit kimi götürülən vəsaitlərin mənimsənilməsində suçlansa da, özünü təqsirli bilmirdi.

2015-ci ilin dekabrından həbsdə olan C.Hacıyev mənimsəmə və vəzifəsindən sui-istifadə ittihamıyla 15 il həbs cəzası çəkirdi. Bu il sentyabrın 15-də ona yenidən hökm oxunub. Bu dəfə əvvəlki cəzası da birləşdirilməklə, 16 il 6 ay azadlıqdan məhrum edilib. C.Hacıyev bu dəfə Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4.7 milyard manatlıq mənimsəmədə təqsirli bilinib.

XS
SM
MD
LG