Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:42

İnternet nə vaxtsa uyğurlar üçün sığınacaq idi...


Çində uyğur türklərinin saxlandığı düşərgədən görüntülər
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Çində uyğur türklərinin saxlandığı düşərgədən görüntülər

Çinin müsəlman uyğur azlığı üçün internet əvvəllər azad söz vadisi olsa da, sonradan nəzarət məkanına çevrilib. Vaşinqton Universitetinin antropologiya professoru, tədqiqatçı Darren Byler 8 il ərzində bu dəyişiklik prosesini araşdırmaqla məşğul olub.

Alimin fastcompany.com saytında dərc edilmiş məqaləsində qeyd edilir ki, polis Çinin şimal-qərbində yaşayan 12 milyonluq uyğur əhalisindən etnik kimlikləri göstərilən şəxsiyyət vəsiqələrini və smartfonlarını üstlərində gəzdirməyi tələb edir.

Dini məkanların və nəqliyyat qovşaqlarının girişində quraşdırılmış rəqəmsal media və nəzarət məntəqələrində insanların üzü şəxsiyyət vəsiqələrindəki şəkillə tutuşdurulur. Adamlar üstlərində tələb olunan smartfon və vəsiqə olmadan keçməyə çalışsalar, rəqəmsal cihaz həyəcan siqnalı ilə polisi çağırır.

«Ancaq hətta qaydalara əməl etmək belə onları problemdən qurtarmır. Bəzən gündəlik yoxlama zamanı polis insanlardan öz açıq telefonlarını təhvil verməyi tələb edir, onu əllə yoxlayır, yaxud skanerə qoşur», – Byler yazır.

İnternet bölgəyə necə ayaq açdı

Byler 2011-2018-ci illərdə 24 ay ərzində Sintzyan (Sincan) Uyğur Muxtar Rayonunda han və uyğur miqrantlar arasında tədqiqat aparıb. Bu müddət ərzində o, Sintzyan İncəsənət İnstitutunda çalışıb və bu ona yüzlərlə han və uyğurdan müsahibə götürmək imkanı yaradıb. Uyğur və Çin dillərini yaxşı bilməsi də bu işdə ona kömək olub.

«Tədqiqata başladığım ilk vaxtlarda smartfondan istifadə ciddi polis nəzarətində deyildi. 2018-ci ildə isə uyğur müsahiblər telefonlarını üstlərində gəzdirmədikləri halda saxlana biləcəklərini yaxşı bilirdilər», – o yazır.

Yazıda deyilir ki, Orta Asiya ilə həmsərhəd olan bu ərazi yalnız 2000-ci illərdə ölkəyə tam inteqrasiya oluna bilib. 1990-cı və 2000-ci illərdə neft, qaz və digər təbii resursların hasilatı ilə bağlı bu əraziyə milyonlarla qeyri-müsəlman han mənşəli vətəndaş köçüb.

2011-ci ildə Çin hökuməti Sintzyanda 3G şəbəkəsi yaradıb. Yerli dükanlardan ucuz smartfon almaq mümkün olub və uyğurlar Çinin «WeChat» adlı yeni sosial mediasından istifadə etməyə başlayıblar.

2009-cu ildə Facebook və Twitter-in qadağan edilməsindən sonra bütün ölkədə Çinin «Tencent» şirkətinə məxsus bu sosial şəbəkədən istifadə olunmağa başlanıb.

Uyğurların yazıda ərəb əlifbasından istifadə etməsi dövlət sensorlarının onları anlamasını çətinləşdirirdi.

Araşdırma zamanı Byler uyğurların internetdən fərqli istifadə etdiyini görüb. Dövlət rəsmiləri onları potensial terrorçu kimi gördüyü üçün onlara qarşı daha ciddi nəzarət tətbiq olunub.

Nə vaxtsa forumlar təşkil edirdilər

Smartfonlarda «WeChat»dan istifadə uyğurlara qısa audio mesajlar, video və şəkillər paylaşmaq imkanı verib. 2012-ci ildə isə uyğurdilli yarımmüstəqil forumlar düzəldə biliblər.

«İlk vaxtlar Çin rəsmilərinin şifahi uyğur dilini və memlərə, şəkillərə daxil edilən uyğurdilli mətnləri izləmək, nəzarətdə saxlamaq üçün texniki imkanları yox idi. Onlar uyğur internetini yandırıb-söndürə bilirdilər, ancaq fərqli dildə danışdıqları üçün uyğurların dediklərinə tam nəzarət edə bilmirdilər», – məqalədə deyilir.

Byler müsahibələr və şəxsi müşahidə sayəsində uyğurların bu forumlarda mədəniyyət, siyasi hadisələr, yerli icmalarından kənar iqtisadi imkanları müzakirə etdiklərini görüb: «Cəmi bir neçə il ərzində regionda, Türkiyə və Özbəkistanda tanınan onlayn islam müəllimləri uyğur sosial mediasında da məşhurlaşmağa başlayıb. Bu mesajlar, əsasən, islam əxlaqından, nəyin halal, nəyin haram olmasından, insanların necə geyinməli, necə dua etməli olduqları haqda idi».

Ancaq bu, Çin rəsmilərinin xoşuna gəlməyib. Onlar uyğurların islami görkəmini, kişilərin saqqal saxlamasını, gündə beş dəfə namaz qılmasını uyğur əhalisinin «ekstremizmə yuvarlanması» kimi görməyə başlayıblar.

Etibarlı, «normal» vətəndaş

Çin hökuməti ölkənin şərqindəki Kunminq şəhərində baş vermiş intiharçı hücumunu uyğurların «talibanlaşması» ilə əlaqələndirib və «terrora qarşı xalq müharibəsi» elan edib.

2016-cı ildə hökumət regionun bütün əhalisindən biometrik məlumat, o cümlədən DNT, yüksək dəqiqlikli səs yazıları, üz skanları toplamağa, onların «WeChat» sosial şəbəkəsindəki və gündəlik həyatdakı fəaliyyətini izləməyə başlayıb. Eyni zamanda, milyonlarla uyğur və digər müsəlman azlıqlardan olan vətəndaşlarla müsahibələr aparılıb. Bu, kimlərin etibarlı, «normal» vətəndaş sayıla biləcəyini müəyyən etmək üçün edilir. Bunun üçün şəxsin sosial şəbəkələrdəki fəaliyyəti, dini davranışı diqqətlə izlənilir.

Regionda qazaxlar, qırğızlar, taciklər və s. də daxil olmaqla, bütün müsəlman əhalisinin sayı 15 milyona qədərdir. Bütün bu yoxlamaları və nəzarət məntəqələrinin işini təmin etmək üçün regiona 90 minədək polis əməkdaşı və 1.1 milyonadək dövlət qulluqçusu göndərilib.

Hökumət yoxlama və dəyərləndirmə üçün Çinin özəl texnologiya şirkətlərinin köməyinə müraciət edir. Bu şirkətlərin hazırladığı kompüter proqramları və cihazların köməyi ilə hədəfə alınan şəxsin «WeChat» tarixçəsindəki şəkil, video, səs yazılarını saniyələr içində daramaq mümkündür.

«Bu proses nəticəsində 1.5 milyon uyğur və müsəlman «etibarsız» sayılaraq nəhəng düşərgə sistemində məcburi tədrisə məruz qalıb», – Darren Byler yazır.

XS
SM
MD
LG