Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:52

Deputat: 'Büdcə rezin deyil…'


V.Əhmədov
V.Əhmədov

2020-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsi yaxın vaxtlarda parlamentin müzakirəsinə çıxarılacaq.

Layihədə dövlət büdcəsinin gəlirlərinin 24 mlrd. 134 mln. 500 min, xərclərinin isə 26 mlrd. 913 mln. 700 min manat olduğu bildirilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov «Turan» agentliyinə deyib ki, gələn il üzrə dövlət büdcəsinin gəlirlərinin əsas hissəsini Dövlət Neft Fondundan transfert təşkil edəcək:

«İstəyirik ki, neftdən yığılan pullar gələcək nəsillərə çatsın»

«Dövlət büdcəsinin gəlir hissəsinə baxanda biz həmişə görürük ki, orada əsas hissəni vergi və gömrük orqanlarından daxilolmalar, bir də Neft Fondundan transfert təşkil edir. Ən ağır yerimiz elə Neft Fondundan transfertdir. Biz həmişə çalışırıq ki, Neft Fondundan dövlət büdcəsinə transfert aşağı səviyyədə olsun. Çünki istəyirik ki, neftdən yığılan pullar gələcək nəsillərə çatsın. Lakin qeyri-neft sektoru ciddi inkişaf etmədiyi üçün bu sahədə gəlirlər yüksək olmur…».

«Müəyyən qədər vergi artırmaları var»

Deputat habelə qeyd edib ki, vergi və gömrük yığmaları da dövlət büdcəsinin gəlir hissəsində böyük rol oynayır: «Son vaxtlar dövlət başçısı tərəfindən bu iki sahədə çox ciddi islahatlar həyata keçirilir. Ona görə də, müəyyən qədər vergi artırmaları var. Düzdür, biz də vergi artırmaların o qədər də tərəfdarı deyilik. Amma cənab prezident sahibkarlara müraciət etdi ki, vergilər vaxtı-vaxtında ödənilməlidir».

Dövlət büdcəsinin xərclər hissəsinə gəlincə, deputat bildirib ki, büdcədən səhiyyə ayrılan vəsait yetərli deyil: «2020-ci ildə səhiyyə sisteminə xərclərin artırılması planlaşdırılıb, bu da icbari tibbi sığorta sistemin tətbiq edilməsi ilə bağlıdır. Tibbi sığorta əhəmiyyətli bir sahədir, insanların sağlamlığı ilə əlaqədardır. Buna daha çox vəsait ayırmağa ehtiyac var. Lakin vəsait imkan daxilində ayrılır. Büdcə rezin deyil və xərcləri elə aparmaq lazımdır ki, problem olmasın. Dövlət başçısı xüsusi diqqətini büdcənin hərbi hissəsinə ayırır. İlbəil onu artırmağa çalışırıq ki, güclü ordumuz formalaşsın, müasir silahlar alınsın…».

V.Bayramov
V.Bayramov

İqtisadi və Sosial İnkişaf Mərkəzin rəhbəri Vüqar Bayramov da hesab edir ki, 2020-ci ilin dövlət büdcəsində gəlirlərin əsas hissəsi Dövlət Neft Fondundan transfertin payına düşəcək:

Neft Fondundan transfert artıb

«Neft və qeyri-neft sektoru üzrə büdcə gəlirlərin təsnifatını aparsaq, yenə də dövlət büdcəsinin formalaşmasında neft sektorunun daha çox pay sahibi olmasını görərik. Gələn il Neft Fondundan dövlət büdcəsinə 11 milyard 560 milyon manat vəsait transfert olunacaq. Bu da əvvəlki illə müqayisədə 0.1 faiz çoxdur».

Ekspert dövlət büdcəsinin gəlir hissəsində vergi daxilolmalarının da roluna toxunub. O bildirib ki, bu daxilolmalar artacaq. V.Bayramovun sözlərinə görə, gələn il Vergilər Nazirliyi 7 mlrd. 875 mln. manat vəsaiti dövlət büdcəsinə verməyə planlaşdırır: «Bu vəsaitin böyük hissəsi mənfəət, əlavə dəyər və fiziki şəxslərin gəlir vergisindən yığılacaq. Dövlət Gömrük Komitəsi də 4 milyard manatdan çox büdcəyə vəsait ödəyəcək».

56.1 faizin 43.9 faizə nisbəti…

V.Bayramovun vurğulamasına görə, 2020-ci ilin büdcə gəlirlərinin 56.1 faizi neft sektorunun, 43.9 faizi isə qeyri-neft sektorunun payına düşəcək: «Bu da ondan xəbər verir ki, növbəti ildə neftin bazar qiyməti yenə də Azərbaycanın büdcəsinin formalaşmasında həlledici olacaq. 2020-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 55 dollar nəzərdə tutulub. Bazarlarda neftin qiyməti daha aşağı olduğu halda fiskal olaraq gəlirlərin formalaşmasına təsir göstərəcək».

Büdcə xərclərində hansı sahələrə artımlar var

V.Bayramovun bildirməsinə görə, bir neçə istiqamət üzrə dövlət büdcəsindən ayırmalar çoxalıb: «Bura səhiyyə və təhsil sahələr daxildir. Səhiyyəyə bu illə müqayisədə 31.3 faiz çox vəsaitin ayrılması icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır. Təhsilə də 2019-cu illə müqayisədə 18.3 faiz çox vəsait ayrılıb. Bu da bir sıra universitetlərdə dövlət hesabına təhsil alan tələbələrin sayın artırılması ilə bağlıdır. Sosial müdafiə və sosial təminat xərcləri artırılır. Büdcə paketində qeyd olunur ki, bu, əmək haqlarını artırmağa imkan verəcək…».

Xatırlatma

Bu ilin dövlət büdcəsində gəlirlər 23 mlrd. 168 mln., xərclər isə 25 mlrd. 190 mln. manat müəyyən edilmişdi. Neftin bir barelinin qiyməti isə gələnilki rəqəmdən 5 dollar çox götürülmüşdü.

XS
SM
MD
LG