Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:26

Rəy sorğusu: İmpiçmentə dəstək artır


Palatanın kəşfiyyat komitəsində impiçment dinləməsi, 21 noyabr, 2019-cu il
Palatanın kəşfiyyat komitəsində impiçment dinləməsi, 21 noyabr, 2019-cu il

Son bir neçə həftə ərzində ABŞ Prezidenti Donald Trump-ın impiç olunmasına ictimai dəstək yüksəlib. Bunu Reuters/Ipsos-un keçirdiyi rəy sorğusu üzə çıxarıb. Sorğu noyabrın 25 və 26-da keçirilib.

Sorğunun nəticələrinə görə, Birləşmiş Ştatlarda yetkin yaşlıların 47 faizi hiss edir ki, Trump “impiç olunmalıdır”. 40 faizi isə bu fikirdə deyil.

Bu nəticə Reuters/Ipsos-un son bir neçə həftədə keçirdiyi sorğularla müqayisə olunub.

“Reuters” son həftələr ABŞ Nümayəndələr Palatasının komitəsində keçirilən impiçment dinləmələrinin televiziyada yayımlanmasına diqqət çəkir.

7 faizlik fərq

Dinləmələr noyabrın 13-də başlanıb. Ondan qabaq Reuters/Ipsos sorğusu üzə çıxarıb ki, impiçmentə “təmiz dəstək”, yəni onu dəstəkləyənlərlə qarşı çıxanlar arasındakı fərq 3 faizdir.

Dinləmələrin ilk həftəsindən sonra bu fərq 4-ə, daha sonra 5-ə qalxdı. Sonuncu rəy sorğusu “təmiz dəstəy”in 7 vahid olduğunu göstərir.

Hazırda Nümayəndələr Palatası Trump-ın iyulun 25-də ukraynalı həmkarı Volodymyr Zelenskiy ilə telefon söhbətini araşdırır. Həmin zəng zamanı Trump Zelenskiy-dən xahiş edib ki, onun prezident seçkisində potensial rəqibi Joe Biden və oğlu Hunter barəsində araşdırma aparılsın. Hunter Ukraynanın enerji şirkəti üçün işləyib. Eyni zamanda Trump-ın 2016-cı ildə prezident seçkisinə Rusiyanın deyil, Ukraynanın müdaxilə etməsi iddiasını təbliğ etməsi araşdırılır.

Demokratlar Trump-ı Ukraynaya 391 milyon dollarlıq yardımı saxlamaqla hakimiyyətdən sui-istifadədə suçlayırlar.

Demokratların nəzarətində olan Palata impiçment maddələrini təsdiqləyərsə, respublikaçıların üstünlük təşkil etdiyi Senat Trump-ın impiçmentini keçirməlidir. Respublikaçılar Trump-ı vəzifəsindən kənarlaşdırmağa elə də meylli görünmürlər. O, 2020-ci ildə yenidən prezident seçilmək istəyir.

Trump hər hansı yol vermədiyini deyir, impiçment araşdırmasını “kələk”, demokratların 2016-cı il seçkisinin nəticələrini alt-üst etmək cəhdi adlandırır.

İmpiçmentə dəstək partiyalara görə dəyişir

Elə impiçmentə dəstək də partiyalara görə dəyişir. Rəy sorğusuna görə, hər 10 demokratdan 8-i Trump-ı impiçment etməyin tərəfdarıdır. Hər 10 respublikaçıdan 8-i isə buna qarşı çıxır.

“The Associated Press” agentliyi isə yazır ki, Palatanın Ədliyyə Komitəsi impiçment araşdırmasında estafeti ələ almaq üzrədir. Bunu demokratlar dünən – noyabrın 26-da elan ediblər.

Ədliyyə Komitəsi artıq gələn həftəyə – dekabrın 4-nə dinləmə təyin edib. Qeyd edək ki, Palatada aparılan araşdırmalara məhz Ədliyyə Komitəsi yekun vurmalı, impiçment maddələrini müəyyənləşdirib Senata göndərməlidir.

Kəşfiyyat Komitəsi özünün təhqiqat fazasını yekunlaşdıraraq hesabat hazırlamaq üzrədir.

Demokratlar Milad bayramına qədər məsələ üzrə yekun səsvermə keçirmək istəyirlər.

XS
SM
MD
LG