Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:04

Kənd Təsərrüfatı Nazirliyində yarım milyonluq yeyintiyə görə şərti cəza


Manat
Manat

Yarım milyon manata yaxın yeyintiyə görə məsuliyyətə cəlb olunanlardan biri şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Dünya Bankının dəstəyi ilə gerçəkləşdirdiyi layihənin icrası zamanı iddia olunan yeyintidə təqsirləndirilənlər bir neçə qrupa bölünüb. Çünki onların arasında nazirliyin işçisindən tutmuş, ayrı-ayrı bankların əməkdaşlarına qədər müxtəlif peşə sahibləri var. Onlardan biri – «Bank Respublika»nın sabiq əməkdaşı Əşrəf Kabulovun məhkəməsi yekunlaşıb. O, təqsirli hesab olunsa da, şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb.

Bu cinayət işinin mahiyyəti budur ki, sözügedən layihə çərçivəsində müxtəlif şirkət və fiziki şəxslərin adına pul ayrılıb və pullar onların bank hesabına köçürülüb. Hesab sahibləri o pulları nağd şəkildə çıxarıb, bir hissəsini onları bu işə cəlb edənlərə qaytarıblar, bir hissəsini də özlərinə götürüblər. İttihama əsasən, bu yolla 420 min manat pul mənimsənilib.

«15-ə yaxın şirkətin adına köçürmələr edilib»

Ə.Kabulov CM-in 193-1 (cinayət yoluyla əldə edilmiş vəsaitləri leqallaşdırma) və 179-cu (mənimsəmə) maddələriylə suçlanır. O, özünü qismən təqsirli sayır. Deyir ki, bu cinayət işində adı keçənlərdən yalnız Esmira Əliyevanı tanıyıb: «Özüm uzun illər «Bank Respublika»da işləmişəm. Esmira Əliyeva ilə də orada birlikdə çalışmışıq. Esmira dedi ki, hesablarına pul köçürməkdən ötrü 4 şirkətə ehtiyac var. Mən də ona 4 şirkətin adını verdim. Bir müddət sonra məndən yenə şirkət adı istədi, dedim ki, başqasını tanımıram. Sonradan istintaqda məlum oldu ki, 15-ə yaxın şirkətin adına köçürmələr edilib. Mən bu işdə adı keçən nə Sevinci tanıyıram, nə də Emili. Ancaq Esmiranı tanımışam».

E.Əliyeva «Atabank»ın Nərimanov filialının mühasibi olub. Bu məsələyə görə onun da haqqında ayrıca cinayət işi var. Daha bir cinayət işində isə nazirlikdə maliyyə menecerinin assistenti işləmiş Sevinc Zeynalova, onun yaxın tanışı Emil Bağırov və IFAD (Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond) layihəsində xidməti müqavilə ilə çalışmış Arzu İsmayılova təqsirləndirilən şəxs qismində cəlb olunub.

İddiaya görə, S.Zeynalova layihə çərçivəsində müxtəlif adamların adına maliyyə köçürmələri barədə sənədlər hazırlayıb. Adlarına pul ayrılan adamların bundan xəbəri olmayıb. Həmin vəsaitlərin bir hissəsi bankda yuxarıda adıçəkilən iki nəfərin – E.Bağırov və A.İsmayılovanın adlarına açılan hesablara köçürülüb.

«Pul nağdlaşdırılıb Emilə verilirdi...»

Sabiq bank mühasibi E.Əliyeva da deyir ki, ondan şirkət tapmağı, hesab açmağı tanışı Emil xahiş edib. O, Ə.Kabulovun məhkəməsində də bu haqda danışıb: «Emil məndən pul köçürmək üçün şirkət istədi. Mən də Əşrəfdən belə bir şirkət tanıyıb-tanımadığını soruşdum. Ondan rekvizitləri aldım, köçürmələri elədim. Mənim bildiyim budur ki, Kənd Təsərrüfatı Nazirliyindən layihələrin icrasına ayrılan pullar köçürülürdü. Pul da nağdlaşdırılıb Emilə verilirdi...».

Prokuror Ə.Kabulova 8 il 6 ay həbs cəzası verilməsini istəmişdi. Məhkəmə isə onu şərti cəza ilə azadlığa buraxmasını vurulmuş ziyanın (mənimsənilən məbləğin) ona aid hissəsini yaxınlarının ödəməsi ilə əsaslandırıb. Kabulovun vəkili məhkəməyə 33 min 600 manat zərərin ödənilməsi barədə sənəd təqdim edib.

Kabulov son sözündə deyib ki, ittihamda bəhs olunan 420 min manatdan cəmi 1 faiz ona çatıb. O isə 8 faizini ödəyib.

Bu iş üzrə məhkəmə araşdırmasında məlum olub ki, mənimsənildiyi iddia olunan vəsaitin 300 min manatdan çoxu Türkiyədəki şirkətin hesabına köçürülüb.

Ə.Kabulovun adı MTN generallarının haqqındakı cinayət işində də keçir. O, həmin işdə zərərçəkmiş statusundadır. İddia olunur ki, sabiq MTN-çilər Ə.Kabulovu banklarda qanunsuz pul köçürmələrinə görə haqqında cinayət işi başlamaqla hədələyib, 30 min manatını alıblar.

XS
SM
MD
LG