Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:50

Biləsuvarın İsmətli kəndində örüş dərdi


S.Mirzəyev
S.Mirzəyev

Biləsuvar rayonunun İsmətli kəndinin sakinləri örüş yerləri ilə bağlı şikayətçidirlər. Dediklərinə görə, islahat nəticəsində kənd əhalisinin ümumi istifadəsi üçün nəzərdə tutularaq bələdiyyə mülkiyyətində saxlanan otlaq yeri get-gedə kiçilməkdədir. Onlar iddia edirlər ki, son illər bu ərazinin bir hissəsini ayrı-ayrı imkanlı şəxslər tutub və şumlayıblar.

Kəndin yaşlı sakinlərindən Siyabxan Mirzəyev bildirib ki, problemin kökü ötən əsrin 60-cı illərinə-kolxoz dövrünə gedib çıxır:


«O zaman kolxozun torpağının bir hissəsi yardımçı təsərrüfat üçün Maarif şöbəsinə verilib. Burada qoyunçuluq birliyi yaradılıb. İslahat aparılarkən o torpaqlar kolxoza qaytarılmalı idi. Amma ləğv edilən Əmlak Komitəsi və onun tabeliyində olmuş yerli və regional qurumlar tərəfindən həmin yer qanunsuz olaraq ayrı-ayrı şəxslərə verilib. Ərazidə olan balıq gölü hələlik havadadır, yəqin onu da verəcəklər. Biz tələb edirik ki, torpaqayırma xəritəsi üzə çıxarılsın, bilək ki, örüşümüz haradır».

«Kərəm Həsənovun qəbulunda...»

Kəndin başqa bir sakini Elşən Abbasov deyib ki, mərkəzi icra hakimiyyəti orqanlarına dəfələrlə kollektiv müraciət ünvanlayıblar. O, həmçinin, vəzifəli şəxslərin qəbulunda olduqlarını da söyləyib:

E.Abbasov
E.Abbasov


«Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun iki dəfə qəbulunda olmuşuq. Komissiya yaradıb kəndə göndərsə də, bir nəticə əldə olunmadı. İndiyədək bizə heç bir dövlət orqanından yazılı cavab verilməyib ki, örüş yerini kim verib? Şifahi deyilir ki, sərəncamı yerli icra hakimiyyəti verib. Amma bu torpaqlar dövlət reyestrindən keçiriləndə baxmayıblarmı ki, bura örüş yeridir? Axı əllərinin altında torpaqayırma sənədləri, xəritələr, dəqiq koordinatlar var. Bundan əlavə, hələ də örüşlə dövlət fondunda saxlanılan torpaqlar arasındakı sərhəd müəyyən edilməyib. Çobanlarla münaqişəmiz olur. Bizi gah oradan çıxarırlar, gah da buradan. Bu pərakəndəliyə görə örüşümüzün bir hissəsini də qonşu kəndin əhalisi zəbt edib».

«Kəndçi heyvanını harada otarmalıdır?»

Sakinlərdən İdrət İmanov isə vurğulayıb ki, örüş dolanışacaqları üçün son ümid yeridir: «İsmətli Biləsuvar rayonunda ikinci böyük kənddir. Burada 4 min nəfərdən çox adam yaşayır. Əksəriyyəti də mal-qara saxlamaqla ehtiyaclarını ödəyir. Mənim iki uşağım var, dövlətdən bir manat alacağım yoxdur. Kimdənsə pul, yardım istəmirik. Dövlətin, onun rəhbərinin siyasəti əleyhinə çıxmırıq . Biz də bu dövlətin adamıyıq. Mal-qaramızı otarmağa yer istəyirik. Örüş yeri əlindən alanan kəndçi heyvanını harada otarmalı, nə ilə dolanmalıdır?».

İsmətli kəndi
İsmətli kəndi

Bələdiyyə sədrinin dedikləri...

İsmətli kənd bələdiyyəsinin sədri Mirzəxan İbayev də deyib ki, əhali ilə birgə hərəkət edərək bu məsələnin həlli üçün çalışıb: «Problemi ilk əvvəl yerli torpaq şöbəsi yaradıb. Sonrakı vaxtlarda isə Cəlilabadın regional əmlak idarəsi işləri bir az da dolaşdırıb. Tam məsuliyyətlə bildirirəm ki, o torpaqlarla bağlı bələdiyyənin qərarı olmayıb. Üstəlik, bu torpaqların bələdiyyə mülkiyyətində olmağını da iddia edə bilmirik. Ona görə ki, islahat nəticəsində bələdiyyəyə keçən torpaqların dövlət aktı bizə verilməyib. Çoxsaylı dövlət qurumlarına müraciət etsək də, bizə yazılı məlumat verən olmadı».

«Araşdırmamızın nəticələrini baş idarəyə vermişik»

Cəlilabad Layihə Tədqiqat İdarəsinin rəisi Əfsər Abdullayev də bu mübahisə ilə bağlı araşdırma aparıldığını təsdiq edib: «Biz araşdırmamızın nəticələrini baş idarəyə- Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etmişik. Onlara cavab verilib-verilməməsi barədə bir söz deyə bilmərəm».

Cavab verməyə məsul komitə də ləğv olunub...

2019-cu ilin oktyabrında Əmlak Məsələləri Dövlət Komitəsi ləğv ediləndən sonra Biləsuvar rayonunun İsmətli kəndinin sakinləri bu qurumdan cavab alacaqlarına olan ümidlərini də itiriblər. Hərçənd, bu qurum İqtisadiyyat Nazirliyinə birləşdirilib. Kənd sakinləri bu nazirliyə müraciət edib-etməyəcəkləri ilə bağlı, hələlik, heç nə deməyiblər.

XS
SM
MD
LG