Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 03:40

Virus xofundan neft ucuzlaşır - Qərb mediası


Çində tibb işçiləri
Çində tibb işçiləri

Yeni ölümcül virusun qlobal iqtisadi təsir xofu dünyada nefti ucuzlaşdırıb. Bazar ertəsi neftin qiymətləri iki faizdən çox düşüb.

Çində yayılmış epidemiyadan artıq 80-dək ölən var, yoluxanların sayı 3 minə yaxınlaşır. “Frans Pres” təhlilçilərə istinadla yazır ki, bu virusun yaratdığı böhran 2003-cü ildə Asiya bazarlarını silkələmiş SARS virusu qədər pis ola bilər.

Koronavirusun yayılması Çinin xəstəliyin episentri olan, 11 milyon nəfərin yaşadığı Vuhan şəhərini qapatmasıyla sonuclanıb. Pekin daxil bir sıra digər şəhərlərlə bağlı isə sərt səyahət qadağaları qoyulub.

SARS-dan daha sarsıdıcı ola bilər

Bu arada Çində Yeni İl bayramı qeyd olunur, yüzmilyonlarla adam ölkə boyunca səyahət edir, milyardlar xərcləyir.

Hökumət bazar günü axşam bayram tətilini uzatmaq, məktəbləri yanvarın 30-dək bağlı saxlamaq qərarı verib.

AxiCorp şirkətindən Stephen Innes xəbərdarlıq edib ki, Çinə və dünyaya iqtisadi şok nəhəng ola bilər.

Onun sözlərinə görə, qlobal iqtisadiyyata ən böyük təhdid təkcə xəstəliyin qlobal səyahət vasitəsilə sürətlə yayılması ilə əlaqədar deyil.

“Çinin nəhəng sənaye və istehlak mühərriklərinə iqtisadi şok sürətlə digər ölkələrə də yayılacaq və bu qloballaşma ilə əlaqədar gücləndirilmiş ticari və maliyyə əlaqələri vasitəsilə baş verəcək”, – o bildirir.

Onun sözlərinə görə, 2003-cü ildə SARS dünyada inkişaf etmiş bazarlara daha az təsir göstərib, bu dəfə isə dünyanın qalan hissəsi epidemiyanın zərbəsini daha çox hiss edə bilər.

Çində Yeni il bayramına görə bir çox regional bazarlar bağlı olub. Ancaq açıq olan Tokio bazarında iki faiz ucuzlaşma qeydə alınıb. Banqkokda üç faizədək düşüş isə ölkənin səyahət sektoruyla bağlı narahatlıqla əlaqələndirilir.

Mumbay, Vellinqton, Manila və Cakartada da ciddi itkilər yaşanıb.

Neft iki faizdən çox ucuzlaşıb

İki əsas - Brent ve WTI markalı neft iki faizdən çox ucuzlaşıb. Dünyanın ikinci iqtisadiyyatında tələbə təsirlə bağlı narahatlıq fonunda qiymətlər ötən həftə altı faiz düşüb.

“Dünyada təchizat bolluğu yarandığından neft bir çox bazarlara nisbətən şokedici iqtisadi artım qarşısında daha zəif durumdadır”, – OANDA-nın təhlilçisi Jeffrey Halley söyləyib.

Bu arada yenin məzənnəsi dollara qarşı sürətlə artıb. Amma dollar Cənubi Koreya vonu, Tailand bahtı, İndoneziya rupisi, Avstraliya dollarına qarşı möhkəmliyini saxlayıb.

Agentlik qeyd edir ki, əsas diqqətin virusun yayılmasına fokuslanmasına baxmayaraq, treyderlər bu həftə Apple, Facebook və Samsung kimi əsas şirkətlərin gəlirlərini açıqlamasını da diqqətlə izləyəcəklər.

“Reuters” yazır ki, Çinin ən böyük şirkətləri artıq iqtisadi təsiri hiss etməkdədir. Haidilao International Holding restoranlar şəbəkəsi bazar günündən cüməyədək ölkə boyunca filiallarını bağlayıb.

Tencent Holdings Ltd nəhəngi işçilərinə fevralın 7-dək evdən işləməyi tövsiyə edib.

XS
SM
MD
LG