Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:36

Erdogan Dəməşqi hədələyir


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

Türkiyə əsgərlərinə yenidən hücum olunarsa, Suriya rejiminin qüvvələri “hər yerdə” vurulacaq. Bu xəbərdarlıqla bu gün – fevralın 12-də Prezident Recep Tayyip Erdogan çıxış edib. O, Dəməşqin müttəfiqi Rusiyanı İdlibdə “qırğın” törətməkdə suçlayıb.

“Buna görə də elan edirəm ki, bundan sonra müşahidə postlarında, yaxud başqa yerlərdə əsgərlərimizə azacıq ziyan dəyərsə, Soçi razılaşmasına baxmayaraq, rejim qüvvələrini hər yerdə vuracağıq”, – Erdogan parlamentdə hakim partiyanın iclasında deyib.

Bu günlərdə Suriyanın şimal-qərbindəki İdlib əyalətini rejimin bombalaması nəticəsində azı 12 türkiyəli əsgər öldürülüb. İdlib Suriyada üsyançıların sonuncu istehkamı sayılır.

2018-ci ildə Türkiyə ilə Rusiyanın Soçi atəşkəs razılaşması imzalamasına baxmayaraq, Suriya rejiminin qüvvələri Rusiyanın raket zərbələrinin dəstəyilə əyaləti üsyançılardan almaqdan ötrü hücuma keçiblər.

Son vaxtlar Türkiyə əsgərləri ilə Prezident Bashar al-Assad-a sadiq qüvvələr arasında birbaşa toqquşmalar güclənib. Elə Moskvayla Ankara arasında gərginlik də artıb. Elə Erdogan-ın Rusiyanı birbaşa tənqid etməsi də nadir görünən hadisədir.

“Rusiya qüvvələrinin və İranın dəstəklədiyi silahlıların tərəf tutduğu rejim davamlı olaraq dinc sakinlərə hücum edir, qırğın törədir, qan axıdır”, – o vurğulayıb.

Erdogan deyib ki, rejim qüvvələrini İdlibdəki 12 müşahidə postuna yaxın buraxmamaq üçün Türkiyə “gərəkəni edəcək”.

“Tərəddüdsüz və yubanmadan edəcəyik”

“Frans Pres” yazır ki, Ankaranın xəbərdarlıqlarına baxmayaraq, Suriya qüvvələri irəliləyir, şəhərləri bir-bir tutur.

“Fevralın sonunadək rejim qüvvələrini Soçi razılaşmasındakı sərhədlərə sıxışdıracağıq. Həm quruda, həm də havada gərəkən hər şeyi tərəddüdsüz və yubanmadan edəcəyik”, – deyən prezident əlavə edib ki, İdlibdə yaşayış məntəqələrini vuran təyyarə “daha azad hərəkət edə bilməyəcək”.

Kremlin bu gün yaydığı məlumatda isə deyilir ki, Erdogan rusiyalı həmkarı Vladimir Putinlə Suriya böhranını müzakirə edib. Məlumatda Rusiya-Türkiyə razılaşmalarının tam həyata keçirilməsinin vacibliyi vurğulanır.

“Soçi memorandumu daxil olmaqla mövcud Rusiya-Türkiyə razılaşmalarının tam həyata keçirilməsinin vacibliyi qeyd olundu”, – Kremlin telefon söhbəti haqda bəyanatında deyilir.

Bəyanata görə, liderlər Suriya böhranının həllinin müxtəlif aspektlərini, hər şeydən öncə İdlib de-eskalasiya zonasında toqquşmaların qızışmasını müzakirə ediblər.

Moskva və Ankaranın 2018-ci ildə əldə etdiyi memorandumda İdlibdə neytral zona yaradılması, buradan “radikal” döyüşçülərin çıxarılmasının tələb olunması nəzərdə tutulur.

Rusiya isə israrla bildirir ki, İdlibdə “terrorçu” qrupları döyüşləri davam etdirir.

XS
SM
MD
LG