Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:33

Xəbərdarlıq: Rusiya Trump-a kömək etməyə çalışır – Qərb mediası


Vladimir Putin (solda) və Donald Trump, arxiv fotosu
Vladimir Putin (solda) və Donald Trump, arxiv fotosu

ABŞ media orqanlarının yazmasına görə, kəşfiyyat məmurları konqresmenlərə xəbərdarlıq ediblər ki, Rusiya Prezident Donald Trump-a kömək etmək üçün 2020-ci il seçkisinə müdaxilə edir.

Bu haqda fevralın 20-də “The New York Times”, “The Washington Post” və AP yazıblar. Onlar xəbərdarlığın fevralın 2-də qapalı brifinqdə səsləndirildiyini xəbər verirlər.

Onlar brifinqdən xəbərdar, anonimlik şərtilə danışan iki rəsmiyə istinad ediblər.

Trump-ın müttəfiqləri şübhəylə yanaşırlar

“The New York Times” yazır ki, brifinq Trump-ı qəzəbləndirib, deyib ki, demokratlar bu informasiyadan ona qarşı istifadə edəcəklər.

ABŞ kəşfiyyat cameəsinin gəldiyi qənaətə görə, Rusiya 2016-cı ildə prezident seçkisinə müdaxilə edib, bunu sosial media kampaniyaları, demokratların hesablarından elektron yazışmaları oğurlamaqla edib, məqsədi Trump-ın kampaniyasını gücləndirmək, rəqibi Hillary Clinton-a zərbə vurmaq olub.

Trump isə bu qənaətləri “yalan” adlandırıb, seçki komandasının Rusiya məmurları ilə işləməsi iddialarını rədd edib. Rusiya da seçkiyə müdaxilə etmədiyini bildirib.

Qəzetin yazmasına görə, Trump-ın müttəfiqləri brifinqdə kəşfiyyat məmurlarının xəbərdarlığını mübahisələndiriblər, prezidentin Rusiyayla bağlı sərt mövqe tutduğunu deyiblər.

Bu ay keçirilən ictimai dinləmədə isə Federal Təhqiqat Bürosunun (FBI) direktoru Christopher Wray Nümayəndələr Palatasının Ədliyyə Komitəsinə demişdi ki, Moskva noyabr seçkisi öncəsi “informasiya müharibəsi” aparır, gizli sosial media kampaniyası vasitəsilə ictimaiyyəti parçalamağa, narazılıq toxumları səpməyə çalışır.

Prezidenti ən çox nə qəzəbləndirib

“The New York Times” yazır ki, 13 fevral brifinqindən sonra prezident milli kəşfiyyatın direktorun vəzifəsini icra edən, postundan getməkdə olan Joseph Maguire-ni bunun baş verməsinə görə danlayıb. Cənab Trump özəlliklə Kaliforniyadan olan demokrat, impiçment proseduruna rəhbərlik etmiş, Nümayəndələr Palatasından Adam B. Schiff-in dinləmədə iştirakından qəzəblənib, qəzet belə yazır.

Prezident gileylənib ki, cənab Schiff bu kəşfiyyat məlumatından ona qarşı “silah kimi” istifadə edəcək. O həm də brifinq haqda ona niyə dərhal məlumat verilməməsindən qəzəblənib, informasiyanı qəzetə ötürən şəxs deyib.

Bəzi kəşfiyyat məmurları isə brifinqi taktiki səhv sayıblar. Onların fikrincə, gəlinən qənaətləri yumşaq şəkildə çatdırmaq, yaxud respublikaçıları qəzəbləndirməmək üçün heç ortaya çıxarmamaq olardı. Brifinqi Maguire-nin köməkçisi, kəskin danışmasıyla ad çıxarmış Shelby Pierson aparıb.

Prezident çərşənbə günü elan edib ki, Maguire-ni Almaniyadakı səfir, Trump-ın kəskin tərəfdarı Richard Grenell ilə əvəzləyir. Bəzi indiki və keçmiş məmurlar belə bir spekulyasiya irəli sürüblər ki, brifinqin bu addımda rolu olub. Amma administrasiyanın bəzi rəsmiləri zamanlamanın təsadüfən belə alındığını deyiblər.

Kəşfiyyat məmurları rusiyalıların indi daha ehtiyatlı davrandığını, Facebook və digər sosial mediadan daha kreativ şəkildə istifadə etdiklərini bildirirlər. 2016-cı ildən fərqli olaraq, rusiyalı əməliyyatçılar indi amerikalının dezinformasiyanı təkrarlamasına çalışırlar. Üstəlik, rusiyalıların xaricdən deyil, Birləşmiş Ştatlardakı serverlərdən işlədiyi iddia olunur, çünki bilirlər ki, Amerikanın kəşfiyyat agentlikləri ölkə daxilində əməliyyat apara bilməzlər.

XS
SM
MD
LG