Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:17

Astara sakini: ‘Dövlət, vətən deyirlər, amma...’


Qarabağ döyüşlərində həlak olmuş Şixəli Qasımovun məzarı
Qarabağ döyüşlərində həlak olmuş Şixəli Qasımovun məzarı

Astara şəhər sakini Rövşən Qasımov deyir ki, Qarabağ ugurunda döyüşlərdə həlak olmuş qardaşı Şıxəli Qasımovun qəbrinin başdaşısı dağılıb. Onun sözlərinə görə, özünün də imkanı yoxdur ki, qəbirə yeni başdaşı qoydursun. R. Qasımov vurğulayır ki, bu məsələ ilə bağlı yerli məmurlara edilən müraciətlər də nəticəsiz qalıb:

“Astara şəhər 4 saylı orta məktəb qardaşımın adını daşıyır. Qardaşım 1994-cü ildə Şişqaya uğrunda gedən döyüşlərdə həlak olub. Şəhərin Giləkəran qəbiristanlığında dəfn edilib. O vaxtları başdaşının keyfiyyətsiz olması ilə bağlı müəyyən orqanlara müraciət etdik. Amma başdaşı olduğu kimi qaldı. Bu illər ərzində keyfiyyətini itirib, dağıllb.”

“Top kimi məni fırladırlar ”

O deyir ki, bu məsələ ilə bağlı döymədiyi qapı qalmayıb:

“Astara Rayon İcra Hakimiyyətində dəfələrlə olmuşam. Onlar da gəlib vəziyyətlə tanış olublar. Dedilər həll edərik. Bir müddət keçəndən sonra dedilər ki, Astara şəhər bələdiyyəsi bu işi görəcək. Heç bir nəticə vermədi. Prezidentə müraciət etdim. Ötən il yanvarda aldım cavabı. Yazmışdılar ki, qəbirüstü işlər görüləcək. İki ilə yaxındır heç bir iş görülməyib. Belə də çox məbləğ lazım deyil, 900 manat pul istəyir. İnanın ki,imkanım yoxdur. Ailəmi çətinliklə saxlayıram. Yoxsa özüm işi görərədim. Başdaşını düzəldən usta da işləri güzəştlə görür.Bu qədər hörmətsizlik olmaz. Dövlət, vətən deyirlər, amma...Bunların yalançı sevgisi kimə lazımdır? Top kimi məni fırladırlar. Deyirlər ki,iş görüləcək, fakt odur ki,iş getmir.Nə qədər pullar sağa-sola gedir...”

QARABAĞ VETERANI: “İŞ İSTƏYİRƏM”

Astara şəhər sakini, Qarabağ döyüşlərinin iştirakçısı Samir Əzizov da ona qarşı biganəlikdən şikayyətçidir:

“Ailəliyəm, bir azayşlı uşağım var.Qarabağ veteranıyam. Şəhərdə yaşadığım üçün mənə payıbəlli torpaq da düşməyib. Əkin yerim yoxdur ki, özümü dolandırım. Ehtiyac içində yaşayıram. Mənim qaz, işıq, su pulumu yaxınlarım ödəyir. İş istəyirəm. İcra hakmiyyətində, məşğulluq mərkəzində dəfələrlə olmuşam. 2017-ci ildən işsiz kimi qeyidiyyatdayam. Mənə iş vermirlər. Mənə deyirlər ki, kimə istəyirsən yaz. Mən də yazmışam. Yuxarılara yazdığım məktubların cavabları yenə bunların üstünə gəlir. ”

Onun sözlərinə görə iqtisadi vəziyyəti ağırdır:

“Sosial vəziyyətim kritikdir. Qarabağ veteranı kimi 80 manat alıram. Onunla dolanırıq.Yoldaşım üçün iş tapılmır. Gəlir yoxdur.Allha yalvarırıq ki, xəstələnməyək. Xəstələnsək müalicə üçün pul lazım olacaq. 6-7 ildir ki, ağır sosial durumdayam. Məşğulluqda dəfələrlə olmuşam.Mənə deyirlər gözlə, haçan iş olar verərik. Televizyada gecə-gündüz veteranlara qayğıdan danışırlar.Amma mən bu qayğını görmürəm.Məmurlar yeri gələndə deyirlər ki, hara istəyirsən şikayət elə.”

RƏSMİLƏR NƏ DEYİR?

Astara rayon Məşğulluq Mərkəzi
Astara rayon Məşğulluq Mərkəzi

Astara Rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Xanverdi Şirinov Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olanların ailələrinə və Qarabağ veteranlarına qayğı ilə yanaşdıqlarını deyir. Onun sözlərinə görə, ölkənin ərazi bütövlüyü ugurunda həlak olmuş Şixəli Qasımovun başdaşı məsələsi həll olunacaq:

“Yaxın vaxtlarda başdaşı təzələnəcək. Samir Əzizova da kömək edəcəyik.Bizə müraciət etsin.”

Astara Rayon Məşğulluq Mərkəzinin direktoru Vahab Vahabov isə Samir Əzizovu tanımadığını bildirir:

“Yanımıza gələnlər çox olur.Gəlsin kömək edək.”

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.Hər iki tərəf itkilər verib.

Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini ATƏT-in Minsk qrupu tənzimləyir. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir.Sülh danışıqları, hələlik, nəticə verməyib.

XS
SM
MD
LG