Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:31

Koronavirus xəbərləri – İran, Macarıstan, Orta Asiya


Tehranda sərgi mərkəzində müvəqqəti xəstəxana
Tehranda sərgi mərkəzində müvəqqəti xəstəxana

İranda koronavirusdan 144 yeni ölüm halı qeydə alınıb və virus qurbanlarının sayı 2 min 400-ə yaxınlaşıb.

Səhiyyə Nazirliyinin sözçüsü Kianoush Jahanpour martın 27-də deyib ki, artıq ölkədə azı 32 min 332 nəfər virusa yoluxub.

İran dünyada koronovirusun ən çox yayıldığı ölkələr sırasındadır. Digər öndə gedən ölkələr Çin, İtaliya, İspaniya və Birləşmiş Ştatlardır.

Hökumət əhalinin evdə qalmaqla bağlı tövsiyələrə əməl etmədiyini, Novruz bayramı tətillərinin təxirə salmadığını, bu səbəbdən xəstəliyin ikinci dalğasının mümkün olduğunu bildirib.

Dövlət televiziyasının məlumatına görə, ordu paytaxt Tehranda sərgi mərkəzində 2 min çarpayılıq xəstəxana qurub.

Macarıstan

Macarıstanın Baş naziri əhalini iki həftə ərzində evdən çıxmamağa çağırıb, yeni qaydalar tətbiq edib.

Viktor Orban martın 27-də dövlət radiosuyla müraciətində deyib ki, aprelin 11-dək adamların yalnız işə getməsinə, ərzaq və dərman almasına, uşaqlarını günərzi mərkəzlərə aparmasına icazə veriləcək.

O, yaşı 65-dən yuxarı olanlar üçün xüsusi alış-veriş saatları təklif edib, əhalini infeksiyanın yayılmaması üçün 2 metrlik “fiziki təcrid” məsafəsini gözləməyə çağırıb.

Macarıstanda koronavirusa 300 nəfər yoluxub, 10 nəfər vəfat edib.

Orban deyib ki, real rəqəmlər daha yüksək ola bilər.

Orta Asiya

Qazaxıstan hökuməti iki şəhərdə məhdudiyyətləri genişləndirib, şirkətlərin çoxuna gələn həftə əməliyyatları dayandırmağı tapşırıb.

Ölkədə 120 nəfərin virusa yoluxduğu bildirilir. Ən çox yoluxmalar paytaxt Nur-Sultan və Almatıdadır. Bir gün öncə bir nəfərin vəfat etdiyi açıqlanıb.

Qonşu Özbəkistanda da koronavirusdan bir nəfər dünyasını dəyişib, 75 nəfərin yoluxduğu xəbər verilir. Bəzi şəhərlərdə məhdudiyyətlər qoyulub, Daşkənd sərnişin nəqliyyatına bağlanıb.

Martın 27-nə olan məlumata görə, Qırğızıstanda koronavirusa 58 nəfər yoluxub. Paytaxt Bişkekdə və bir sıra digər şəhərlərdə fövqəladə vəziyyət elan olunub.

Türkmənistan və Tacikistan isə hələlik, yoluxma halı açıqlamayıblar.

XS
SM
MD
LG