Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:25

Dünyada işsizlik artır


ABŞ-da iş yerləri bağlanır
ABŞ-da iş yerləri bağlanır

Aprelin 2-də koronovirus epidemiyasının iqtisadi təsirləri daha kəskin şəkildə diqqət mərkəzinə keçib. Belə ki, Birləşmiş Ştatlarda və digər aparıcı iqtisadiyyatlarda işsizlik müraciətlərinin artması xəbərləri gəlir.

Aprelin 2-də Birləşmiş Ştatlardakı Cons Hopkins Universiteti dünyada koronavirusa yoluxanların sayının 1 milyonu keçdiyini açıqlayıb, 53 mindən çox xəstə dünyasını dəyişib.

Ötən həftə Birləşmiş Ştatlarda rekord sayda – 6,6 milyon yeni işsizlik müraciəti daxil olub. Yəni cəmi ikicə həftə ərzində işdən çıxarılan amerikalıların sayı 10 milyon çatıb.

Mart ayı üçün ABŞ işsizlik rəqəmləri aprelin 3-də açıqlanmalıdır.

Koronavirusdan öncə ABŞ iqtisadiyyatı möhkəm idi, fevralda cəmi 3,5 faizlik işsizlik qeydə alınmışdı ki, bu da 50 il ərzində ən aşağı göstərici idi.

İndi ABŞ əhalisinin təxminən 90 faizinə evdən çıxmamaq göstərişi verilib, restoranlar, digər xidmət sahələri, bir çox zavod və mağazalar bağlanıb.

Britaniyada son iki həftədə sosial müavinət üçün müraciət edənləri sayı 10 dəfəyədək artaraq 1 milyona yaxınlaşır. Bu müddət ərzinə Avropada azı bir milyon nəfərin işini itirdiyi bildirilir.

Avropada virus qurbanlarının sayı artır

Bu arada Avropada koronavirusdan ölüm halları da artmaqdadır. İtaliyada 760 yeni ölüm qeydə alınıb, xəstəlikdən ölənlərin sayı 13 min 915-ə çatıb.

İspaniyada bir gündə rekord sayda, 950 nəfər vəfat edib və ümumi ölü sayı 10 minə yüksəlib.

Fransada koronavirus qurbanlarının sayı 5 min 400-ə yaxınlaşır.

Amma dünya üzrə əsl rəqəmin daha yüksək olduğu güman edilir. Test ləvazimatları çatışmır, digər tərəfdən bəzi ölkələrin epidemiyanın miqyasını ört-basdır etməyə çalışması sarıdan şübhələr var. Üstəlik, xəstəliyi yüngül formada keçirənləri sayı bəlli deyil.

Çin aprelin 3-də 31 yeni yoluxma halı açıqlayıb, ikisinin ölkəiçi səviyyədə yoluxma olduğunu bildirib. Çində indiyədək virusa 81 min 620 nəfərin yoluxduğu, 3 min 322 nəfərin vəfat etdiyi bildirilir. Amma bu rəqəmlərin həqiqiliyinə şübhələr var.

Yaponiyada hökumət epidemiyanın ən çox yayıldığı regionlara tapşırıb ki, xəstəxana çarpayılarını daha ağır xəstələr üçün saxlasınlar, xəstəliyi yüngül keçirənlər, yaxud simptomları olmayanlar evlərdə, otellərdə qalsınlar.

İndiyədək Yaponiyada hətta yüngül simptomları olanlar belə xəstəxanaya yerləşdirilirdi.

Yaponiyada 2 min 800 yoluxma, 73 ölüm qeydə alınıb, yəni digər yerlərdəki kimi yoluxmalarda kəskin sıçrayış baş verməyib.

XS
SM
MD
LG