Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 22:59

Reuters: ABŞ Rusiya ‘yardımının’ pulunu tam ödəyib


Rusiyanın göndərdiyi yük
Rusiyanın göndərdiyi yük

ABŞ Rusiyadan koronavirus epidemiyası ilə mübarizə üçün Birləşmiş Ştatlara göndərilmiş tibb cihazlarının və qoruyucu vasitələrin pulunu tam ödəyib.

Bu barədə Reuters agentliyinə adının çəkilməsini istəməyən Ağ Ev rəsmisi bildirib.

Həmin rəsmi vurğulayıb ki, Vaşinqton tibb cihazlarını ABŞ-a bazar qiymətindən ucuz satdığına görə Moskvaya minnətdardır.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi bəyan etmişdi ki, Birləşmiş Ştatlar Rusiyadan tibbi ləvazimat və cihazlar alıb və bu yük Rusiyanın hərbi-nəqliyyat təyyarəsi ilə Nyu York hava limanına gətirilib.

Amma Rusiyanın dövlət mediası sözü gedən tibbi avadanlıq yükünün Moskvanın Vaşiqntona “hədiyyəsi” olduğunu bildirirdi.

Məhz bu anlaşılmazlığı aradan qaldırmaq üçün ABŞ rəsmi bəyanat verərək Rusiyanın göndərdiyi yükün pulunun verildyini bildirmişdi.

Görünür bu, Rusiya tərəfini qane etməmişdi. Çünki bu bəyanatdan az sonra Rusiya XİN-in sözçüsü Maria Zakharova demişdi ki, ABŞ göndərilmiş avadanlığın pulunun yalnız yarısını ödəyib.

Sözçü izah etmişdi ki, pulun qalan hissəsi guya Rusiya Birbaşa İnvestisiyalar Fondu tərəfindən ödənib.

Məsələ burasındadır ki, faktiki olaraq ABŞ-a pulla satılmış yükü Putinin sözçsüsü Dmitry Peskov da “humanitar yardım” adlandırmışdı.

Trump Rusiya ilə alış-verişə görə tənqid olunur

ABŞ-da prezident Donald Trump-ın bir çox opponentləri onu Rusiyadan tibb avadanlığı almaq qərarına görə kəskin tənqid edirlər.

Onlar deyirlər ki, Moskva bundan öz təbliğat məqsədləri üçün sui-istifadə edir.

Trump-ın özü jurnalistlərə bildirmişdi ki, Rusiyanın göndərdiyi ağ ciyər süni tənəffüs cihazlarını minnətdarlıqla qəbul edib.

Prezident qeyd etmişdi ki, bu cihazlar “çox sayda insanın həyatını xilas edə bilər”.

O bunu da demişdi ki, Rusiya təbliğatı onu qətiyyən narahat etmir.

Sözü gedən avadanlığın göndərildiyi Nyu Yorkda koronavirus epidemiyası ilə bağlı son dərəcə gərgin vəziyyət yaranıb.

Nyu York ştatının qubernatoru Andrew Cuomo bu yaxınlarda demişdi ki, epidemiya bu templə yayılmaqda davam edərsə, bir həftədən sonra süni nəfəs cihazlarının çatışmazlığı yaranacaq.

Rusiyanın bu cihazlardan hansı sayda göndərdiyi və buna görə nə qədər pul aldığı barədə məlumat verilmir.

ABŞ avadanlığı sanksiyalı şirkətdən alıb

Bu arada Rusiyanın RBK agentliyinin verdiyi xəbərə görə ABŞ-a göndərilən cihazların bir hissəsinin ABŞ sanksiyaları altında olan Rostex qrupuna daxil şirkət tərəfindən istehsal edildiyi məlum olub.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, beləliklə, faktiki olaraq ABŞ özünün qoyduğu sanksiyaları pozmuş olub.

ABŞ-ın Rusiya üzərinə 2014-cü ildən qoyduğu sanksiyalar qara siyahıda olan Rusiya şirkətləri ilə hər hansı alış-verişi qadağan edir.

RBK-nın yazdığına görə Londondakı King's College Universitetindən hərbi təhqiqatçı Robet Lee-nin təqdim etdiyi fotoşəkillərdə Rusiyanın göndərdiyi təyyarənin içindəki süni nəfəs cihazlarının Aventa M adını daşıdığı görünür. Bu adda cihazların Ural Cihazqayırma Zavodunda (UCZ) istehsal olunduğu məlumdur.

Öz növbəsində UCZ Rusiyanın sanksiya altında olan Radioelektron Texnoliogiyalar konserninə daxildir.

Maraqlıdır ki, yükün pulunun guya yarısını vermiş Rusiya Birbaşa İnvestisiyalar Fondunun özü də ABŞ sanksiyaları altındadır.

XS
SM
MD
LG