Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 16:27

WhatsApp mesaj yönəltməyi məhdudlaşdırır – Qərb mediası


İllüstrativ foto
İllüstrativ foto

Facebook Inc-ə (FB.O) məxsus WhatsApp xidməti bu gün – aprelin 7-dən mesaj yönəltməyi (forward) məhdudlaşdırıb, istifadəçilər onlara yönəldilmiş kontenti hər dəfə bircə nəfərlə paylaşa biləcəklər. Məqsəd koronovirus böhranı başlanandan saxta tibbi məsləhətlərin qarşısını almaqdır. Bu haqda “Reuters” yazır.

Dünyada 70 mindən çox adamın ölümünə səbəb olmuş pandemiya, Dünya Səhiyyə Təşkilatının (DST) təbirincə desək, həm də dezinformasiya “infodemiyası” ilə müşayiət olunur. Hökumətlər isə sosial media şirkətlərini problemlə mübarizəyə səsləyiblər.

Şəxsi söhbət məkanı

Dünyada 2 milyarddan çox istifadəçisi olan WhatsApp bloqda bildirib ki, koronovirus başlanandan yönəldilən mesajların sayında “ciddi artım” qeydə alınıb.

“Bu mesajların yayılmasını azaltmağa, WhatsApp-i şəxsi söhbət məkanı kimi saxlamağın vacibliyinə inanırıq”, – bəyanatda deyilir.

Xidmət hələ 2018-ci ildən belə bir addım atmışdı. O zaman platformada şayiələrin yayılması Hindistanda kütləvi döyülmə və ölümlə nəticələnmişdi.

Ötən ildən istifadəçilər bir mesajı bir dəfəyə yalnız beş nəfərə, yaxud qrupa ata bilirdilər, daha əvvəl bu limit 20 idi. App beş dəfədən artıq göndərilən mesajları da işarələyirdi.

WhatsApp bildirir ki, öncəki məhdudiyyətlər belə mesajların yayılmasını 25% azaldıb.

Xidmət istifadəçiləri şübhəli kontenti faktları dəqiqləşdirən qurumlara göndərməyə həvəsləndirir. DST və milli səhiyyə orqanlarına isə yeni koronovirus haqda etibarlı informasiyanı avtomatlaşdırılmış hesablarda paylaşmaq imkanı yaradıb.

Zoom hakerləri

“The Associated Press” agentliyi isə koronovirus böhranından hakerlərin necə yararlanmasından yazır.

Ceri Weber Zoom video konfrans platformasında dissertasiyasını müdafiə etməyə başlayanda exo və başqa səslər buna mane olur, kimsə onun sözlərini təkrarlayır. Sonradan Britney Spears-in musiqisi səslənir və kimsə Weber deyir ki, ağzını yumsun. Kimsə onu zorlamaqla hədələyir.

Duke Unoversitetində doktorluq dərəcəsini müdafiə etmək üzrə olan Weber-in hakerlər tərəfindən qısnanması 10 dəqiqə çəkir. Agentlik bunun “Zoom-un bombalanması” adlı getdikcə artan kiber hücum olduğunu yazır.

Koronavirus pandemiyasına ucbatından hazırda on milyonlarla adam video konfranslara üz tutub. Bu konfranslara bəzən hədələr, irqçi, antigey, antisemitik mesajlar səsləndirən, pornoqrafik fotolar göstərən dəvət olunmamış qonaqlar da qoşulur. Artıq bu hücumlar Federal Təhqiqatlar Bürosunun (FTB) və digər hüquq-mühafizə orqanlarının da diqqətini çəkib.

FTB-nin Bostondakı idarə video-telekonfrans iştirakçılarına təhlükəsizliklərini artırmağı tövsiyə edib.

Nyu Yorkun Baş prokuroru isə Zoom platformasına məktubunda istifadəçilərin gizliliyi və təhlükəsizliyinin necə qorunmasını soruşub. Konnektikutdan senator Richard Blumenthal da şirkətdən bu haqda ayrıca informasiya istəyib.

Zoom isə trolları “partini pozanlar” adlandırır. Tənqidçilər bunu şirkətin hücumlara elə də böyük əhəmiyyət verməməsi kimi yozurlar.

Şirkət ötən həftə agentliyə göndərdiyi bəyanatında iclasların təhlükəsizliyinə ciddi yanaşdığını açıqlayıb, istifadəçilərdən istənilən insident haqda birbaşa Zoom-a məlumat vermələrini xahiş edib.

XS
SM
MD
LG