Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:42

Neft hasilatını azaltmağa dəyərmi – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

OPEC, Rusiya və digər neft hasilatçısı ölkələri aprelin 9-da qlobal neft bazarını sabitləşdirmək məqsədilə hasilatı azaltmağı müzakirə edəcəklər.

Neftin qiyməti son on illərin ən aşağı səviyyəsinə düşüb. Bunu bir səbəbi koronavirus epidemiyasına görə tətbiq olunan səyahət qadağaları və karantinə görə enerji tələbatının kəskin azalmasıdır.

Amma hələ pandemiyadan öncə də neftin qiyməti zəifləmişdi, dünyanın ən böyük neft hasilatçıları olan Səudiyyə Ərəbistanı və Rusiya təchizatı məhdudlaşdırmaq üzrə razılıq əldə edə bilməmişdi.

Birləşmiş Ştatların hasilatın azaldılmasına könülsüz yanaşması durumu daha da qəlizləşdirir, ABŞ antiinhisar qanunlarının pozula biləcəyindən ehtiyatlanır.

"Bərabərləşdirmək olmaz”

ABŞ Prezidenti Donald Trump ötən həftə deyirdi ki, Səudiyyə ilə Rusiya arasında sövdələşməyə vasitəçilik edib, gündəlik hasilat görünməmiş həcmdə – 10 milyondan 15 milyonadək azaldıla bilər.

Amma belə bir ixtisarda OPEC və müttəfiqləri də iştirak etməlidir. Səudiyyə Ərəbistanı və Rusiya isə hasilatı azaltmaqla bağlı hansısa razılığa gəldiklərini açıqlamayıblar.

Kremlin sözçüsü Dmitry Peskov aprelin 8-də deyib ki, hasilatın təbii azalmasıyla onu azaltmaq arasında fərq var.

“Tələbatda ümumi azalma ilə qlobal bazarlarda sabitləşmə üçün azaltmanı müqayisə edirsiz. Bunlar fərqli konsepsiyalardır və bərabərləşdirmək olmaz”, – Peskov vurğulayıb.

Aprelin 9-da OPEC, Rusiya və digər hasilatçıların toplantısı video konfrans vasitəsilə keçiriləcək.

Görüş ərəfəsində ABŞ Konqresinin 50 respublikaçı üzvü Səudiyyənin Vəliəhd şahzadəsi Mohammed bin Salmana məktubda yazıblar ki, krallıq hasilatı azaltmaqla qiymətlərin sabitləşməsinə kömək etməsə Vaşinqtonla ər-Riyadın iqtisadi və hərbi əməkdaşlığına risk yaranar.

Bu məktub ABŞ-ın hasilatı azaltmaqdan ötrü Səudiyyəyə son təzyiq cəhdidir.

Neft sövdələşməsi yaxşı fikir deyil

“Bloomberg” agentliyi isə yazır ki, koronovirus pandemiyası dövründə dünyaya ucuz neft və rəqabət lazımdır. Qiyməti qaldırmaq cəhdləri yaxşı fikir deyil.

“Hamı qiymətin düşməsinin gərəkməsi fikrilə razılaşır; amma heç kəs demir ki, indi dünya iqtisadiyyatının dirçəlməsi üçün məhz ucuz neft lazımdır”, – məqalədə deyilir.

“Neft müasir ticarətin əsas enerji mənbəyidir. Qlobal ümumdaxili məhsulun 100 dolları yeddi litr (1,85 qallon) neftlə əmələ gəlir. 30 qabaq bu, 10 litr idi, amma neftin qiymətinin rolu vacibliyini saxlayır”, – məqalədə deyilir.

Agentlik dünyada neft hasilatının üç mərkəzdən idarə olunduğunu – ABŞ, Səudiyyə Ərəbistanı və Rusiyanın birlikdə qlobal maye karbohidrogen hasilatının 45 faizini verdiyini yazır.

“Bu üç böyük hasilatçı neftin qiymətinə görə bir araya gəlməlidirmi sualının cavabı ‘xeyr’dir. Dünyanın qalan hissəsi qlobal neft bazarlarına daha artıq müdaxilədən çox az şey qazanacaq. Bunun əvəzində qlobal miqyasda rəqabəti qoruyacaq daha yaxşı qaydalar lazımdır. Amma bazarı idarə etmək meylinə dirəniş göstərilməlidir”, – agentlik vurğulayır.

XS
SM
MD
LG