Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:29

Faiq Əmirliyə bir ay inzibati həbs cəzası verilib


F.Əmirli
F.Əmirli

"Azadlıq" qəzetinin yayım direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Faiq Əmirliyə bir ay inzibati həbs cəzası verilib. Aprelin 9-da Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürova bu barədə qərar çıxarıb.

Məhkəmədə ancaq polislər iştirak edib. Hətta F.Əmirlinin vəkili də olmayıb. Prosesi izləməyə gələn jurnalistlər isə məhkəmə zalına buraxılmayıb.

Məhkəmənin qərarında iddia olunur ki, F.Əmirli aprelin 8-də saat 18:00 radələrində Səbail rayonu, Ş.Allahverdiyev küçəsində gəzəndə karantin rejimini pozub.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, məhkəmədə 8-ci polis bölməsinin sahə inspektoru Ədalət Məmmədov deyib ki, 8-ci bölmənin əməliyyat müvəkkili xidmət aparanda bir nəfər şəxsin küçədə gəzdiyini görüb, ona yaxınlaşaraq, niyə çöldə olduğunu soruşub: "Həmin şəxs zibil atmaq üçün çıxdığını deyib. Üzərində sənəd olmayıb. O, bölməyə dəvət edilib, barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsiylə protokol tədbir olunub. Amma Faiq Əmirli protokolu imzalamaqdan imtina edib".

"Bütün gecəni onun yerini bilmədik"

F.Əmirli isə məhkəmədə deyib ki, zibil atmaq üçün evdən çıxıb, oradan mağazaya getmək istəyib. Bu zaman "Azadlıq" qəzetinin əməkdaşı olduğunu sübut edən vəsiqəni götürmək üçün evə qayıdanda mülkigeyimli şəxs ona yaxınlaşaraq, adını soruşub: "Mən də özümü təqdim elədim. Evdən zibil atmaq üçün çıxdığımı dedim. Zibil qutuları evdən təxminən 60 metr aralıda yerləşir".

Həyat yoldaşı da AzadlıqRadiosuna bildirib ki, aprelin 8-də saat 20:30 radələrində yaşadıqları evin yanında mülkigeyimli şəxslər F.Əmirlinin zorla maşına mindirib aparıblar.

"Üç maşın olublar. Faiqi boynundan tutub, zorla maşınlardan birinə oturdub aparıblar", - Lalə Əmirli bildirib.

Həyat yoldaşının sözlərinə görə, F.Əmirlinin yerini öyrənməkdən ötrü dərhal Daxili İşlər Nazirliyinin "102" xidməti, həmçinin ərazi üzrə Səbail rayonu, 8-ci polis bölməsi ilə əlaqə saxlayıb: "Bölmədən dedilər ki, bura gətirilməyib. "102"dən dedilər ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinin pozuntusuna görə Səbail rayon Məhkəməsinə aparılıb. Məhkəməyə zəng elədim, dedilər ki, bura elə adam gətirilməyib. Bütün gecəni onun yerini bilmədik".

L.Əmirlinin sözlərinə görə, aprelin 9-da səhər saatlarında yenidən Daxili İşlər Nazirliyinin "102" xidməti ilə əlaqə saxlayıb. Onu polis bölməsinə yönləndiriblər. Polis bölməsindən isə deyilib ki, artıq məhkəməyə aparılıb.

Xatırlatma

F.Əmirli bundan öncə, 2016-cı il avqustun 20-da saxlanmışdı. O, əvvəlcə Cinayət Məcəlləsinin (CM) 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra F.Əmirliyə yeni ağır ittiham irəli sürülmüşdü. Ancaq ona verilmiş bəzi ittihamlar məhkəmə öncəsi götürüldü.

F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edildi.

O, 3 il 3 ay azadlıqdan məhrum edilib.

Daha sonra F.Əmirliyə münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Səbail rayon Məhkəməsinin hökmü ilə ona verilmiş 3 il 3 aylıq həbs cəzasının 2 il 2 ay 5 günü şərti hesab olunub. F.Əmirli 2017-ci il sentyabrın 15-də azadlığa çıxıb.

AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayırdı. F.Əmirlinin həbsindən sonra "Azadlıq" qəzetinin çapı da dayanıb.

Amma rəsmilər ölkədə siyasi motivli həbslərin olması haqqında deyilənləri təkzib edirlər.

XS
SM
MD
LG