Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:19

Amnesty: Dünyada edamlar azalır, məxfilik azalmır


Amnesty International insan haqları təşkilatının yeni hesabatında deyilir ki, dalbadal son dörd ildə ölüm cəzasından qlobal istifadə azalıb və hazırda son onillikdə ən aşağı həddinə enib.

Aprelin 21-də açıqlanmış hesabatda bildirilir ki, dünya boyunca qeydə alınmış edamların sayı 2019-cu ildə 657 olub. Bu, 2018-ci ildə olduğundan 33 edam azdır.

Sözü gedən edamların hamısının cəmi 20 ölkədə icra edildiyi bildirlir.

Təşkilatın araşdırmalar üzrə direktoru Clare Algar deyir ki, “ölüm cəzası ən qəddar və qeyri-insani cəza növüdür” və onun cinayətdən çəkindirdiyini göstərən dəlillər yoxdur:

"Ölkələrin böyük əksəriyyəti bunu qəbul edir və edamların azalmaqda olduğunu görmək ruhlandırıcıdır”.

Bu statistikada Çin yoxdur

Lakin insan haqları gözətçisinin hesabatında deyilir ki, edamların icrası barədə məlumatlarda şəffaflığın olmaması edamların reallıqda daha çox olduğunun göstəricisi ola bilər.

Hesabatda bildirilir ki, edamların statistikasında, məsələn Çində icra olunmuş ölüm hökmləri barədə məlumat yoxdur, halbuki Çin dünyanın “ən böyük cəlladı” hesab olunur.

Burada icra edilən edam sayının minlərlə olduğuna inanılır.

Ölüm Hökmləri və Edamlar” adlanan hesabata görə İran azı 251, Səudiyyə Ərəbistanı 184, İraq azı 100 və Misir azı 32 edamla “cəllad siyahısında” ilk beş yeri tuturlar.

Bu ilin yanvarında Belarusda ölüm cəzasına məhkum edilmiş qardaşlar - Stanislau və Illia Kostseu (Kostev)
Bu ilin yanvarında Belarusda ölüm cəzasına məhkum edilmiş qardaşlar - Stanislau və Illia Kostseu (Kostev)

Məhbus bəzən edam olunacağını bilmir

Algar bunu da bildirib ki, dünya boyunca edamlar “Belarusdan Botsvanaya, İrandan Yaponiyaya qədər məxfilik şəraitində həyata keçirilir.

Bir çox hallarda edam barədə məhbusun yaxınlarına və vəkillərinə əvvəlcədən bildiriş verilmir.

Xanım Algarın sözlərinə görə Çinlə yanaşı Şimali Koreya və Vyetnam da ölüm hökmü materiallarını məxfi saxlayır.

Belə ölkələrdən biri olan İranda edamlar tarixi baxımdam sayca ən aşağı səviyyəyə enib, lakin ölkə 15 yaşında ikən “çoxsaylı zorlama törətmək ittihamları ilə ədalətsiz məhkəmə tərəfindən” ölüm cəzasına məhkum edilmiş iki nəfəri məxfi şəkildə edam edib.

Amnesty bildirir ki, “bu iki şəxsin edam olunacaqlarından xəbərləri yox idi və onların cəsədlərində şallaq izləri görünürdü”.

Buna baxmayaraq İranda edamların sayı bir ildə azı iki edam azalıb. Lakin 253 edam ediləndən dördünün yaşı 18-dən aşağı olub.

Amnesty International bildirir ki, edamların ümumi sayının “əhəmiyyətli şəkildə” azalması ölüm hökmlərinin icrasında israrlı olan Misir, Yaponiya və Sinqapurdan dəqiq rəqəmlərin verilməsi ilə bağlıdır.

Edamların sayı İŞİD-çilərə görə də artıb

Qazaxıstan, Rusiya və Türkmənistan ölüm hökmlərinə qoyulmuş moratoriumu hələ də saxlayırlar.

2010-cu ildən bəri Əfqanıstanda da edam edilən olmayıb.

Ayrıca olaraq Pakistanda da edam sayının azalması davam edib. 2019-cu ildə bu ölkədə 14 edam icra olunub.

Hesabatda bildirilir ki, 2019-cu ildə 184 nəfəri edam etmiş Səudiyyə ölüm cəzasından “siyasi opponentlərə qarşı silah” kimi istifadə edir.

Hesabatda qeyd olunur ki, İraqda 2019-cu ildə edamların sayı iki dəfə artaraq azı 100 nəfərə çatıb.

Lakin bu da əlavə edilir ki, Səudiyyədəki rəqəmlərin artımı ölüm hökmlərinin son illərdə əsasən İŞİD ekstremist qruplaşması üzvlərinə şamil edilməsi ilə də bağlıdır.

ABŞ 11 ildir ki, Amerika qitəsində edam edən yeganə ölkə olaraq qalır. ABŞ-da bu müddətdə 22 edam icra olunub.

Amnesty qeyd edir ki, 2019-cu ildə ABŞ-da edamların ləğvi sahəsində ayrı-ayrı ştatlar uğurlu addımlar ata bilib.

XS
SM
MD
LG