Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:59

Almaniya öz ölkəsində müxalifətə işgəncə verənləri mühakimə edir


Anvar Raslan
Anvar Raslan

Almaniyanın Reynland-Pfalts torpağının ali məhkəməsində tarixdə ilk dəfə olaraq Suriya prezidenti Bashar al-Assad hərbçilərinin məhkəməsi başlanıb. Onlar işgəncələrdə ittiham edilirlər.

Məhkəmənin əsas müttəhimi – Anvar Raslan Suriya xüsusi xidməti rəisinin keçmiş müavinidir. İkinci müttəhim isə onun tabeçiliyində olmuş Eyad al-Gharib-dir. Onlar Almaniyada qaçqın kimi yaşasalar da, 2019-cu ilin fevralında həbs olunublar.

İstintaq materiallarından məlum olur ki, Suriya hərbi kəşfiyyatının 251-ci şöbəsindəki xüsusi həbsxanada Assadın opponentlərinə işgəncələr verilib. Bu şöbəyə Raslan rəhbərlik edirdi.

Cəhənnəm kimi həbsxana

Bu həbsxanada 2011-ci ilin aprel və sentyabr ayları arasında 4000-dən çox məhbusa elektroşokerlərdən, zorlamalardan, ağır seksual alçaltmalardan istifadə edilərək olmazın işgəncələr verilib.

Sözü gedən məhbuslara bəzən yemək və dava-dərman verilmirdi. Almaniya prokurorluğunun itthamnaməsində deyilir ki, həmin həbsxanada azı 58 nəfər həlak olub.

Koblents şəhərində yerləşən məhkəmə Raslanı insanlığa qarşı cinayətlərdə əlbir olmaqda ittiham edir.

İttihamnamədə deyilir ki, Raslan həbsxanada antihökumət fəallarının başına gətirilənlərdən xəbərdar olub.

Onun tabeçiliyində olan Eyda al-Gharib-in azı 30 işgəncədə şəxsən iştirak etdiyi iddia olunur.

Bu məhkəmə prosesində şahid kimi iştirak etmək üçün 6 suriyalı müraciət etmişdi, lakin pandemiya karantininə görə onlardan yalnız üçünün ricası təmin olunub.

Assad həbsxanasında işgəncələrə məruz qalan məhbuslardan biri
Assad həbsxanasında işgəncələrə məruz qalan məhbuslardan biri

Örkən nə qədər uzun olsa da...

Guardian qəzetinin yazdığına görə Anvar Raslan Berlindəki qaçqınlar sığınacağında yaşayırdı. O ad və soyadını dəyişməmişdi və başqa qaçqınlar, xüsusuilə də fəallar onu dərhal tanıya biliblər.

2015-ci ildə Almaniya polisinə Raslanın özü müraciət edib. O Suriya və Rusiya kəşfiyyatının onu güdməsindən şübhəli olduğunu bildirmişdi.

Bu da xəbər verilir ki, Suriyadakı işi barədə Almaniya rəsmilərnə Raslanın özü məlumat verib.

Eyad al-Gharib-ə gəlincə isə, o da 2018-ci ilin yayında qaçqın statusu almaq üçün keçdiyi söhbətdə Almaniya hakimiyyət orqanlarına demişdi ki, Suriyada adamların həbsxanaya gətirilməsində rejimə köməklik edib.

Beynəlxalq presedent

Assad ordusunun keçmiş hərbçiləri üzərində məhkəmə Almaniyada 2002-ci ildə qəbul edilmiş “beynəlxalq hüququn ümumiliyi” haqqında qanunun sayəsində mümkün olub.

Bu qanun Almaniya ədliyyəsinə ölkə xaricində baş vermiş cinayətlərə görə mühakimə etmək səlahiyyəti verir. Qanun hətta müttəhimlər və zərərçəkənlər Almaniya vətəndaşı olmadıqda belə tətbiq edilə bilir.

Guardian yazır ki, Almaniya məhkəməsində beynəlxalq qanunların ümumiliyi prinsipindən istifadə olunması ərəb ölkələrində və başqa yerlərdəki hərbi canilərin Avropada mühakimə olunması üçün presedent yarada bilər.

XS
SM
MD
LG