Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:29

ABŞ-da 3 trilyon dollarlıq daha bir paket hazırlanıb


Kaliforniyada Oakland Beynəlxalq Aeroportu, arxiv fotosu
Kaliforniyada Oakland Beynəlxalq Aeroportu, arxiv fotosu

ABŞ Nümayəndələr Palatasının demokrat üzvləri koronavirusun təsirlərini aradan qaldırmaq üçün daha bir xilas planı açıqlayıblar. Ölkənin səhiyyə rəsmiləri isə iqtisadi sektorların bu tezliklə təkrar açılmasıyla bağlı xəbərdarlıq səsləndirirlər.

Dünyada koronavirusdan ölüm halları 292 minə yaxınlaşır.

ABŞ-da yoluxucu xəstəliklər üzrə baş ekspert Dr. Anthony Fauci Konqresə xəbərdarlıq edib ki, qadağaları tezliklə qaldırmağın ağır fəsadları ola bilər, xəstəliyin yeni dalğaları yaranar.

Fauci deyib ki, 14 gün ərzində yoluxmalarda davamlı azalma gözlənilməlidir. “İcma, yaxud ştat buna əməl etməyib təkrar acılıma gedərsə, fəsadları xeyli ciddi ola bilər”, – Fauci vurğulayıb.

3 trilyon dollarlıq paketin 1 trilyon dolları ştat və yerli hökumətlərə yardım formasında nəzərdə tutulur. Birləşmiş Ştatlarda koronavirusa 1,3 milyondan çox insanın yoluxduğu, azı 82 min 300 nəfərin öldüyü bildirilir.

Bundan başqa paketə koronavirus testləri üçün milyardlarla dollar, evlərə birbaşa ödənişlər, kiçik biznesə qrantlar daxildir.

Respublikaçılar yeni paketə qarşı çıxır

Amma Senatdakı respublikaçılar indidən layihəyə qarşı çıxır. Senatda çoxluğun lideri Mitch McConnell paketi təsdiqlənmək şansı olmayan, “bir partiyanın arzuladığı siyahı” adlandırıb.

Nümayəndələr Palatası layihəni mayın 15-də səsverməyə çıxaracaq.

Respublikaçılar bu layihəni hələlik təxirə salmaq, Konqresin daha öncə ayırdığı 3 trilyon dollara yaxın paketin təsirini qiymətləndirmək istəyirlər.

Palatanın Spikeri Nancy Pelosi layihəni müdafiə edib, deyib ki, koronavirus Birləşmiş Ştatlarda görünməmiş sosial və iqtisadi problemlər yaradıb. Onun sözlərinə görə, bəzi ailələr ərzaq ala, kommunal ödənişləri ödəyə bilmirlər.

Çində isə Cilin şəhərində səyahət qadağaları tətbiq olunub, səbəb mayın 12-də altı yeni yoluxma halının aşkarlanmasıdır. Bu şəhər potensial yeni yoluxma dalğasının mənbəyinə çevrilə bilər.

Rusiyada təsdiqlənmiş yoluxma halları 232 mini keçib. Beləliklə Rusiya Britaniyanı geridə qoyub, yalnız Birləşmiş Ştatlardan geri qalır.

Rəsmilər gündəlik yoluxma hallarında davamlı artımı kütləvi testlərin aparılması izah edirlər, artıq 5,8 milyondan çox testin həyata keçirildiyi bildirilir. Tənqidçilərin fikrincə, ölkədə koronovirusdan ölü sayı qəsdən az göstərilir.

Avropada pandemiyanın episentri sayılan İtaliyada mayın 12-də COVID-19-dan 172 ölü sayı qeydə alınıb, yoluxmalar iki dəfə artıb. Fevralın 21-dən bu ölkədə pandemiya 30 min 911 nəfərin həyatına son qoyub.

XS
SM
MD
LG