Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:12

Prezidentliyə namizədlər haker hücumlarına məruz qalır


Arxiv fotosu
Arxiv fotosu

ABŞ-da həm Prezident Donald Trump, həm də onun demokrat rəqibi Joe Biden-in seçki qərargahlarının üzvləri son vaxtlar əcnəbi hakerlərin hücumlarına məruz qalıb. Bunu “Google” tədqiqatçıları iyunun 4-də bildiriblər. Bu açıqlama noyabr seçkisi öncəsi təhlükəsizlik sarıdan narahatlığı gücləndirib.

Google şirkətinin təhdidlər üzrə təhlil departamentinin rəhbəri Shane Huntley tvitində yazıb ki, Biden-in seçki qərargahını Çindən, Trump-ın qərargahını isə İrandan gələn hücum cəhdləri ilə bağlı xəbərdar ediblər.

“Heç bir təhlükə yaranmayıb. İstifadəçilərə hökumətin hücumlarla bağlı xəbərdarlığını göndərdik, federal qanunvericiliyə istinad etdik”, – Huntley yazıb.

İrimiqyaslı ifşa

“Frans Pres” yazır ki, baş verənlər 2016-cı ildəki hücumun təkrarlana biləcəyi sarıdan qorxu yaradıb. O zaman demokratlardan namizəd Hillary Clinton-un seçki kampaniyası da hücuma məruz qalmışdı. ABŞ rəsmiləri sonradan irimiqyaslı təsirgöstərmə kampaniyasının Rusiyadan idarə olunduğunu bildirmişdi.

“Bu, 2016-cı ildə gördüyümüz kimi, potensial kiber təsir əməliyyatlarının irimiqyaslı ifşasıdır”, – Atlantik Şurasından Graham Brookie tvitində yazıb.

Huntley-nin sözlərinə görə, bu insidentlər seçki qərargahlarına təhlükəsizlik tədbirləri görməli olduqlarını xatırlatmalıdır. O deyib ki, Google ABŞ-da prezidentliyə və konqresə seçkilər zamanı pulsuz fiziki təhlükəsizlik proqramı, digər yardım təklif edir.

Microsoft ötən il xəbərdarlıq etmişdi ki, azı bir prezidentliyə namizədin seçki qərargahı İrandan dövlətin dəstəyilə kiber əməliyyatın hədəfindədir. Sonradan yayılmış məlumatlarda Trump-ın qərargahından bir işçinin hədəfə alındığı deyilirdi.

Microsoft həmin qrupu “Fosfor” adlandırmışdı, ABŞ rəsmilərinin, qlobal siyasətdən yazan jurnalistlərin, İrandan kənarda yaşayan tanınmış iranlıların və bir prezidentliyə namizədin seçki kampaniyasının email hesablarını müəyyənləşdirməyə çalışdığını demişdi.

Facebook, Google, Microsoft və Twitter-in təhlükəsizlik komandaları ötən il Federal Təhqiqatlar Bürosu, daxili təhlükəsizlik rəsmiləri ilə görüşərək seçkiyə təhdidlərlə bağlı əməkdaşlığı müzakirə ediblər....

XS
SM
MD
LG