Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:29

Trump Almaniyadakı ABŞ hərbçilərinin sayını azaldır


ABŞ-ın hərbi patrulu Berlin yaxınlığındakı Qlinike körpüsündə
ABŞ-ın hərbi patrulu Berlin yaxınlığındakı Qlinike körpüsündə

ABŞ prezidenti Donald Trump Pentaqona minlərlə Amerika əsgərinin Almaniyadan çıxarılmasını əmr edib.

Bu barədə iyunun 5-də The Wall Street Journal qəzeti xəbər verib.

Qəzet yazır ki, NATO müttəfiqinin ərazisində daimi olaraq yerləşdirilmiş 34 min 500 hərbçinin 9500-ü ixtisar olunacaq.

Xəbərdə deyilir ki, bundan sonra Almaniya ərazisində ən çoxu 25 min hərbçinin saxlanması planlaşdırılır.

Almaniyanın Der Spiegel Online saytının verdiyi xəbərə görə isə ixtisar tədbiri 2020-ci ilin payızınadək icra olunacaq və bu ölkədəki ABŞ kontingenti 5 minlə 15 min arasında ixtisar ediləcək.

Trump Almaniyanın NATO qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirməməsindən həmişə şikayətlənib.

Bu öhdəliyə görə Berlin ölkə ÜDM-nin 2 faizini hərbiyə xərcləməlidir.

Lakin Reuters adlarının çəkilməsini istəməyən ABŞ rəsmilərinə istinadən yazır ki, Almaniyadan çıxarılan qoşunların bir hissəsi başqa müttəfiq ölkələrə göndəriləcək və ya Birləşmiş Ştatlara qayıdacaq.

Həmin rəsmilər bildiriblər ki, NATO üzrə ümumi hərbi xərclərin artması ilə bağlı Almaniyada böyük kontingentin saxlanmasına ehtiyac qalmır.

Trump-Merkel gərginliyinə görə deyil

Başqa bir ABŞ rəsmisinin dediyinə görə, ABŞ Birləşmiş Qərargahlar Komitəsinin rəisi, general Mark Milley artıq bir neçə aydır ki, bu dəyişikliklərin üzərində işləyir və bu proses Trump-la Almaniya kansleri Angela Merkel arasındakı münasibətlərihn gərginliyi ilə bağlı deyil.

2019-cu ilin sentyabrında Trump demişdi ki, Polşa və başqa Avropa ölkələrində ABŞ hərbçiləri yerləşdiriləcək.

Bu plana görə 1000 nəfərlik əsgəri qüvvə Polşaya göndəriləcək. Bu ölkədə rotasiyalı qaydada dəyişən 4500 ABŞ əsgəri var.

Ağ Ev və Pentaqon rəsmiləri mətbuatda yayılan bu xəbərləri şərh etməkdən boyun qaçırıblar.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü John Ullyot deyib ki, Trump xaricdəki ABŞ qüvvələrinin sayı məsələsini vaxtaşırı olaraq qiymətləndirir.

Sözçü bildirib ki, ABŞ NATO üzrə ən güclü müttəfiqlərindən olan Almaniya ilə birgə müdafiə fəaliyyətini bundan sonra da davam etdirəcək.

Almaniya Xarici İşlər Nazirliyi də xəbərlərlə bağlı heç bir şərh verməyib.

XS
SM
MD
LG