Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 02:31

Zuckerberg Trump-ı ‘qəzəbləndirmək istəmir’ – Qərb mediası


Donald Trump (solda) və Mark Zuckerberg (foto-kollaj)
Donald Trump (solda) və Mark Zuckerberg (foto-kollaj)

Son günlər “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zuckerberg çətin sınaq qarşısında qalıb: Qərb dünyasının ən güclü fiquru, ABŞ Prezidenti Donald Trump-ın ziddiyyətli paylaşımlarını senzuradan keçirsinmi? Axı, onun daha kiçik rəqibi olan Twitter belə davranıb. Zuckerberg isə “ifadə azadlığı”nı əsas gətirərək hələlik bunu etməyib və bu hərəkəti də müzakirələrə yol açıb.

“Financial Times” qəzeti yazır ki, digər sosial media kampaniyaları kimi Facebook da son dövrlərin ən bölücü prezident seçkisi öncəsi siyasi müzakirələrə bundan artıq sürüklənmək çəkilmək istəmir. Zuckerberg siyasi reklamların fakt yoxlaması aparmasından yaxasını kənara çəkib.

Trump-ı qəzəbləndirməmək

“Bu sənaye həm də cənab Trump-ı daha da qəzəbləndirmək istəmir. Prezident onsuz da sosial medianın respublikaçılara qərəzli yanaşdığını deyir, onlar mühakimə toxunulmazlığı verən 1996-cı il qanununa yenidən baxmaq göstərişi verib. Zuckerberg-in Trump-ın yazdıqlarını yoxlamadan keçirməmək qərarını da bəzi mühafizəkarla alqışlayıb”, – məqalədə deyilir.

ABŞ prezidentinin mayın 28-də imzaladığı fərman hökumət nazirliklərinə sosial media şirkətlərinə yeni qaydalar qoyulması mümkünlüyünün öyrənilməsini həvalə edir. Bu fərman Twitter və Facebook kimi sosial media nəhənglərini hüquqi toxunulmazlıqdan məhrum etməyə yönəlib.

“Facebook-un verdiyi qərar sırf biznes xarakterlidir”, – Zuckerberg-in keçmiş müşaviri, o vaxtdan Silikon vadisinin açıq tənqidçisinə çevrilmiş Roger McNamee deyib.

“Facebook hər yerdədir və nəticədə biznesə siyasi riski aradan qaldırmaq üçün hakimiyyətlə razılığa gedir. Bu, real məsələlər yaradır, çünki Facebook-un ictimai müzakirələrə təsiri böyükdür”, – o, sözlərinə əlavə edib.

Ümumilikdə isə, bu il Facebook üçün məhsuldar olub. Martda səhmləri ucuzlaşsa də, sonradan qiymət yüksəlib ki, buna da yeni elektron ticarət xidməti olan Facebook Shops-un işə salınması səbəb olub. Deutsche Bank təhlilçiləri bu xidmətin ilə 30 milyard dollarlıq gəlir gətirə biləcəyini deyirlər.

“Markın öz prinsiplərinə əməl etmədiyini görürəm”

Zuckerberg bu arada daxili hakimiyyətini gücləndirib, WhatsApp və Instagram platformalarının qurucularını özünün inandığı şəxslərlə əvəzləyib.

“Artıq neçənci dəfədir ki, Markın öz prinsiplərinə əməl etmədiyini görürəm. Zuck bizə dəfələrlə deyib ki, platforma üzərində zorakılıq çağırışlarını qəbul etməyəcək, hətta bu ABŞ Prezidenti olsa belə”, – bunu isə Zuckerberg-in Trump-ın postları məsələsində hərəkətsizliyinə etiraz olaraq Facebook-da proqram mühəndisi işindən uzaqlaşmış Timothy Aveni CNN-ə deyib.

Mayın sonunda ABŞ-ın Minneapolis şəhərində polisin rəftarı nəticəsində vəfat etmiş afroamerikalı George Floyd-un ölümünə etiraz olaraq ölkə boyunca zorakı və dinc aksiyalar davam edir.

Twitter şirkəti mayın 29-da Trump-ın “qarət olanda, atəş də olur” ifadəsi yazılmış postuna xəbərdarlıq nişanı qoymuşdu. Bununla da Twitter bildirmişdi ki, bu post zorakılığı tərənnüm etməklə platformanın prinsiplərini pozub.

Facebook eyni məzmunlu postlara qarşı heç bir tədbir görməyib və Zuckerberg bəyan edib ki, bu postlar “xeyli sərt” olsa da, platformanın zorakılığın qızışdırılmasına qarşı siyasətlərini pozmayıb.

XS
SM
MD
LG