Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 00:58

Türkiyə Misirin Liviyada atəşkəs təklifini rədd edir


Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu

Türkiyə iyunun 10-da Misirin Liviyada atəşkəs elanı təklifini rədd edib.

Ankara bildirir ki, bu təklif paytaxt Tripoli üzərinə hücum əməliyyatı iflasa uğramış general Khalifa Haftarı “xilas etmək” məqsədi güdür.

Reuters yazır ki, Türkiyə Liviyada BMT tərəfindən tanınmış baş nazir Fayez al Serrajın Milli Barışıq Hökumətini (MBH) dəstəkləyir və onun silahlı qüvvələri Haftarın Tripoli üzərinə 14 aydır davam edən hücum əməliyyatına son qoyub.

General Haftarın Liviya Milli Ordusunu (LMO) Misirdən başqa Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Rusiya dəstəkləyir.

“Ölü doğulmuş” çağırış

Misir Liviyada atəşkəsə iyunun 8-dən başlayaraq çağırışlar edir. Qahirə bildirir ki, bu, həm də Liviyanın şərqindəki şuranın təklifidir.

Rusiya və BƏƏ atəşkəs təklifini dəstəkləyiblər, Almaniya isə BMT-nin vasitəçilyi ilə sülh danışıqlarının başlanmasına çağırıb.

Lakin Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu atəşkəs təklifini “ağır məğlubiyyətdən sonra Haftarı xilas etmək” cəhdi kimi rədd edib:

“Qahirənin atəşkəs təklifi ölü doğulmuş uşaq kimidir. Əgər atəşkəs razılaşması imzalansa, bu hamını bir araya gətirəcək platforma üzərində olmalıdır. Haftarı xilas etmək üçün atəşkəs çağırışı bizə nə səmimi, nə də inandırıcı görünür”.

Çavuşoğlu deyib ki, Türkiyə Liviya münaqişəsinin çözülməsi üçün bütün tərəflərlə danışıqları davam etdirəcək, lakin bu həll hər iki tərəfin razılığını tələb edəcək.

Erdoğan Trump-la “bəzi məsələlərdə” razılaşdıqlarını deyir

Bundan əvvəl, iyunun 8-də Türkiyə prezidenti Recep Tayyip Erdoğan və ABŞ prezidenti Donald Trump telefon söhbətində Liviyadakı vəziyyəti müzakirə ediblər.

Erdoğan deyib ki, o Trump-la “bəzi məsələlərdə” razılığa gəlib.

Erdoğan əlavə edib ki, Tripolidəki hökumət sahil şəhəri Sirtenin və cənubdakı Cufra hərbi-hava bazasının ələ keçirilməsi məqsədilə hücumlarını davam etdirəcək.

Liviya
Liviya

Bəzi xəbərlərə görə, Rusiyanın Haftara göndərdiyi MiG-29 təyyarələri məhz bu bazada yerləşdirilib.

Türkiyə prezident administrasiyası iyunun 10-da bildirib ki, Erdoğan Liviyadakı məsələni telefon söhbətində Vladimir Putinlə də müzakirə edib.

İki prezident habelə Suriyanın şimalındakı İdlib qəzasında yaranmış vəziyyət barədə danışıb.

Burada Moskva və Ankaranın üç ay əvvəl elan etdikləri atəşkəs hələki pozulmayıb.

XS
SM
MD
LG