Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:33

Bu ölkələrə vaksin çatacaqmı – Qərb mediası


COVID-19 vaksini
COVID-19 vaksini

Yeni koronavirusa qarşı vaksin yarışı sürətləndikcə zəngin ölkələr sifarişlərini yerləşdirməyə, vətəndaşlarının ilk növbədə peyvənd olunmasına çalışırlar. “The Associated Press” agentliyi inkişaf etməkdə olan ölkələrin vaxtında vaksin əldə edib-etməyəcəyinin sual altında olduğunu yazır.

Bu ayın əvvəlində BMT, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti və bir sıra digər qurumlar “xalq peyvəndi”nin hamı üçün əlçatan olmasını “mənəvi vəzifə” adlandırdı. Ancaq agentlik yazır ki, belə təmtəraqlı bəyanatların hüquqi qüvvəsi yoxdur və səhiyyə ekspertlərinin fikrincə, detallı strategiya olmasa, vaksinlərin paylanması qeyri-bərabər və aşırı qarışıq olar.

“Hər kəsin vaksini əldə edəcəyi gözəl təsvir olunur, ancaq bunu necə etməyin yol xəritəsi yoxdur”, – Cenevrədəki Sərhədsiz Həkimlər təşkilatında aparıcı hüquq və siyasət müşaviri Yuan Qiong Hu deyib. Onun sözlərinə görə, ədalətli paylama yolunda saysız problemlərin həlli üçün çox az tədbir görülüb.

Bu ayın Londonda keçirilən vaksin sammitində Qananın prezidenti Nana Akufo-Addo da bu məsələylə razıdır. “Yalnız kökündə bərabərlik və həmrəylik dayanan xalq vaksini bəşəriyyəti virusdan qoruya bilər… Bu yöndə kompromissiz razılaşma olmalıdır”, – o vurğulayıb.

Zənginlər sifarişlərini verir

Dünya üzrə onlarla potensial COVID-19 vaksini ilkin sınaq mərhələsinsədir. Hər şey yaxşı getsə, bəziləri ilin sonunadək son mərhələyə keçid ala bilər, ancaq heç birinin ən tezi gələn ilin əvvəlinədək lisenziya alması gözlənilmir. Ancaq bir sıra zəngin ölkələr artıq eksperimenti aparılan peyvəndlərdən sifariş ediblər, onlara marketinq təsdiqinin verilməsini belə gözləməyiblər.

Britaniya və Birləşmiş Ştatlar müxtəlif vaksin namizədlərinə milyonlarla dollar xərcləyiblər və əvəzində də müalicədə prioritet əldə edəcəklərini gözləyirlər. Oksford Universiteti və AstraZeneca şirkətinin hazırladığı vaksin də bu sıradadır.

Britaniya hökuməti elan edib ki, vaksin effektiv olsa, ilkin 30 milyon doza britaniyalılar üçün nəzərdə tutulacaq.

Bundan başqa, AstraZeneca ABŞ üçün azı 300 milyon dozayla bağlı razılaşma imzalayıb, ilkin göndərişlər oktyabrın əvvəlinə gözlənir.

Avropa Birliyi də hərəkətə keçib. Şənbə günü AstraZeneca Almaniya, Fransa, İtaliya və Niderlandın təsis etdiyi vaksin qrupuyla 400 milyonluq doza haqda saziş imzalayıb. Vaksinlərin ilin sonunadək göndərilməsi gözlənir.

Johnson & Johnson şirkəti isə yoxsul ölkələr üçün qeyri-kommersiya qiymətinə vaksin hazırlamağı planlaşdırır. Elə AstraZeneca rəhbəri Pascal Soriot da pandemiya dövründə vaksini gəlirsiz təmin etməyə boyun olub.

Bəzi ekspertlər deyirlər ki, vaksin hazırlanmasının hər bir mərhələsinə milyardlarla dollar sərf olunur, ancaq bu vəsaitin necə xərclənməsinə nəzarət böyük deyil, vaksinlərin ehtiyacı olanlara birinci çatdırılacağına da zəmanət azdır.

XS
SM
MD
LG