Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:49

Vuhandan reportajlar verən daha bir jurnalistin həbs olunduğu xəbər verilir


Vuhan polisi
Vuhan polisi

Çindən alınan xəbərlərdə deyilir ki, Vuhan şəhərində COVID-19-la bağlı materiallar hazırlayan müstəqil jurnalist həbs edilib.

Onun hələ may ayının ortalarından yoxa çıxdığı xəbər verilmişdi.

Şanxay doğumlu, 40 yaşlı Çin vətəndaşı Zhang Zhan topladığı materialları bir qayda olaraq sosial media platformalarına post edirdi.

Çinin Hubey vilayətindəki Vuhan yeni tipli koronavirusun ilk yayıldığı şəhərdir.

Xanım Zhang-ın çox vaxt canlı yayınladığı videolarda koronavirusdan ölənlərin yandırıldığı krematoriyaların da görüntüləri vardı.

Videolarda bu sobaların gecədən xeyli keçmiş işlədiyi də xəbər verilirdi.

Müstəqil journalist Zhang karantin xəstəxanalarının və virusun mənbəyi olduğu iddia edilən laboratoriyanın ərazisindən görüntülər yaymışdı.

Çin koronavirusun bu laboratoriyadan qaynaqlandığı barədə iddiaları qəti şəkildə rədd edir.

Şübhəli statistika

The Times qəzetinin iyunun 24-də dərc etdiyi məqalədə deyilir ki, sözü gedən müstəqil jurnalist artıq üç aya yaxın idi ki, Vuhanda materiallar toplayırdı.

Bəzi xəbərlərə görə artıq jurnalistə qarşı rəsmi ittihamlar irəli sürülüb. O “təxribatda və aranı qarışdırmaqda” ittiham olunur.

Qəzetin verdiyi məlumata görə mayın 14-dən "yoxa çıxmış" jurnalisti 7 ilədək həbsxana cəzası gözləyə bilər.

Çin Kommunist Partiyasının hakimiyyətdə olduğu ölkədə ifadə azadlığı insanın təməl haqlarından biri hesab olunmur.

Partiya sosial media və internetə tam nəzarət edir.

Çinin koronavirusla bağlı verdiyi rəsmi statistika geniş miqyasda şübhələrə səbəb olub.

Rəsmi statistikaya görə Çində indiyədək 83 min 418 nəfər koronavirusa yoluxub və ölü sayı 4634-dür.

Həbs edilən, yoxa çıxan dördüncü jurnalist

Xanım Zhang bundan əvvəl də Honq Konqda demokratiyaya dəstək verdiyinə görə həbs edilmiş və hökumətin başlıca probleminin “ört-basdır” olduğunu demişdi.

O Vuhandan reportaj hazırlayarkən saxlanmış və ya yoxa çıxmış dördüncü jurnalistdir.

Çin rəsmiləri bildirirlər ki, koronavirusun Pekində baş vermis ikinci qaynaması bazarla bağlıdır və artıq nəzarət altına alınıb.

Li Wenliang
Li Wenliang

Vuhanda başlanan ilk koronavirus yoluxmaları barədə xəbər yaymış 34 yaşlı göz həkimi Li Wenliang dəfələrlə hökumətdən sərt xəbərdarlıqlar almışdı.

O hələ yanvar ayında sosial mediada ilk dəfə olaraq Vuhanda SARS virusuna bənzər virusun yayıldığı barədə xəbər vermiş və az sonra özü də koronavirusa yoluxmadan vəfat etmişdi.

Rəsmi Pekin virusun yayılması barədə xəbərləri təsdiq etməkdən həftələrlə boyun qaçırtmışdı.

XS
SM
MD
LG