Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:02

Koronavirusdan ölənlərin sayı 500 mini keçib


Nyu Yorkda restoranda sosial məsafə arakəsmələri yerləşdirilir
Nyu Yorkda restoranda sosial məsafə arakəsmələri yerləşdirilir

Dünyada COVID-19 xəstəliyindən ölənlərin sayı iyunun 28-də 500 mini, ümumi yoluxmalar isə 10 milyonu keçib. Bir sıra ölkələr iqtisadiyyatlarını yenidən açmaq tədbirlərini yenidən gözdən keçirirlər.

Dünya Səhiyyə Təşkilatı (DST) son 24 saat ərzində daha bir rekord – 189 mindən çox yoluxma qeydə alındığını açıqlayıb.

Qlobal miqyasda xəstəlikdən ölü sayının 25 faizə qədəri Birləşmiş Ştatların payına düşür və bir sıra ştatlar qadağaları yenidən tətbiq etməyə başlayıb.

Kaliforniya iyunun 28-dən Los Ancelesdə daha altı dairədə barların bağlanması göstərişi verib. Bəzi ərazilərdə evdə qalmaq göstərişləri yenidən tətbiq olunur, San Fransisko təkrar açılımda “fasilə” elan edib.

Cənubi Koreya, Britaniya, Kosovo

Floridanın qubernatoru Ron DeSantis iyunun 28-də deyib ki, koronavirusun yayılmasını önləmək üçün əlavə çimərliklər bağlanacaq. O, gənclər arasında təmasların yoluxmaları gücləndirdiyini vurğulayıb.

Texasın qubernatoru Greg Abbott iyunun 28-də etiraf edib ki, mayda bizneslər təkrar açılandan koronavirusa yoluxma sayı sürətlə artır.

Bir sıra ölkələr də qadağaları yenidən tətbiq etməyi nəzərdən keçirir. Cənubi Koreya onlardan biridir, iyunun 29-da 42 yeni yoluxma qeydə alınıb. Səhiyyə rəsmiləri yoluxmaları izləməyə çalışır, bunun pandemiyanın önlənməsində vacib olduğunu bildirir.

Britaniya hökuməti xəbərdarlıq edib ki, Leykester şəhərində yoluxmalar sürətlə artdığından oranı qapada bilər. Ancaq iyulun 4-dən pab, restoranlar və gözəllik salonlarının yenidən açılacağı gözlənir.

Kosovonun baş naziri isə vəziyyət yaxşılaşmasa, karantinin yenidən tətbiq oluna biləcəyi xəbərdarlığı ilə çıxış edib. Avdullah Hoti iyunun 28-də xəstəxana sisteminin həddən artıq yüklənəcəyindən narahatlığını bildirib.

İndiyədək Kosovoda 2 min 590 yoluxma, 48 ölüm qeydə alınıb.

XS
SM
MD
LG