Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:40

‘Yalnız xəstələri üzüstə çevirməyi öyrənmişiksə...’ – Qərb mediası


ABŞ-da koronavirus xəstəsi üzərində ağciyər transplantasiyası aparılır, arxiv fotosu
ABŞ-da koronavirus xəstəsi üzərində ağciyər transplantasiyası aparılır, arxiv fotosu

Dünyada yeni koronavirusun yayılmasından altı ay keçir. Bu virusa 10 milyondan çox insanın yoluxduğu təsdiqlənib, yarım milyonadək xəstə dünyasını dəyişib. Altı ay ərzində həkimlər strategiyaları adaptasiya edib, xəstələrin müalicəsində bilik qazanıblar, indi virusun yan təsirlərini daha aydın görürlər.

Ancaq “Reuters” agentliyi çox şeyin qeyri-müəyyən qaldığını yazır. Alimlər virusun səbəb olduğu sağlıq problemlərinin miqyasını, bir sıra orqanlara hücumlarını hələ indi tam dərk etməyə başlayırlar. Bu isə sağalmanın sürətini azaldır, onu natamam və bahalı işə çevirir.

“İndiyədək öyrəndiyimiz ən yaxşı dərs xəstələri arxası üstə deyil, üzüstə çevirməkdirsə, bu, möcüzəvi müalicədən çox uzaq olmağımız anlamına gəlir”, – Nyu Meksika ştatında “Rehoboth McKinley Christian” Tibbi Xidmətlər mərkəzindən Valory Wangler deyib. Sözügedən strategiyanın məqsədi ağciyərlərə təzyiqi azaltmaqdır.

Potensial vaksin və adi tibbi maskalar

Bu arada Çin ordusuna COVID-19 vaksini adına namizəddən istifadəyə yaşıl işıq yandırılıb. Vaksini ordunun tədqiqat bölümü və CanSino Biologics hazırlayıb, klinik sınaqlar onun təhlükəsiz və müəyyən dərəcədə səmərəli olduğunu göstərib. Şirkət məlumatı bu gün – iyunun 29-da yayıb.

Ad5-nCoV Çin şirkətlərinin hazırlamaqda olduğu səkkiz potensial vaksindən biridir, artıq insanlar üzərində sınaq başlanıb. Kanadada da insanlar üzərində sınağına icazə verilib.

Çin vaksin yarışında öndə gedən ölkələrdəndir, artıq vaksin sınaqlarında “3-cü mərhələ”yə keçir, yəni vaksinin satışa çıxarılması üçün minlərlə iştirakçı üzərində sınaqdan keçirilməlidir.

Xüsusi filtrli maskalar daha cəlbedici görünsə də, “The Washington Post” qəzeti adi maskaların daha sağlıqlı olduğunu yazır.

Bəzi maskalar isti, tozlu tikinti işləri üçün nəzərdə tutulub və məqsəd tozun maska taxanın ağciyərlərinə düşməsini önləməkdir. Tibbi maskaların filtri yoxdur. Məsələ bundadır ki, filtrli maskalar içəridən hissəcikləri asanlıqla bayıra buraxır və bununla da ətrafdakıları risk altına qoyur.

Xəstəliklərə Nəzarət və Önlənməsi Mərkəzi ictimaiyyətə adi parçadan olan maskaları taxmağı tövsiyə edir. Bu zaman bir neçə pambıq qatı potensial yoluxucu hissəciklərin ətrafınızdakı havaya sıçramasını önləyir. Yəni, onlar N95 tipli maskalardan qat-qat yaxşıdır.

Koronavirus gizlicə necə yayıldı

“The New York Times” qəzeti isə koronavirusun ilkin mərhələdə səssizcə yayılmasını araşdırıb.

10-dan çox ölkədə həkimlər və dövlət səhiyyə işçiləri ilə müsahibələr əsasında belə qənaətə gəlinib ki, Qərbin səhiyyə rəsmiləri və siyasi liderləri simptomsuz yayılmanın riskini qəbul etməyiblər. Dünya Səhiyyə Təşkilatı və Avropanın Xəstəliyin Önlənməsi və Nəzarət Mərkəzi də ziddiyyətli və bəzən yanıldıcı məsləhətlər veriblər. Bu zaman semantik debat gedirdi – aydın simptomları olmayan yoluxanları necə adlandırmalı.

Qəzet yazır ki, iki ay çəkən yubanmanın neçə insanın həyatına son qoyduğunu hesablamaq çətindir, amma bəzi modellərə görə, daha erkən, aqressiv tədbirlər onminlərlə həyatı xilas etmiş olardı. Sinqapur və Avstraliya kimi ölkələr testlərdən, kontaktların izlənməsindən istifadə etdi, sağlam görünən turistləri karantinə aldı və digər ölkələrdən daha yaxşı nəticələr ortaya qoydu.

“Hazırda sağlam görünən insanların virusu yaya bilməsi fikri əsasən qəbul olunur, onların pandemiyaya töhfəsinin miqyası qeyri-müəyyən qalır. Dəyərləndirmələr fərqli olsa da, Honq Konq, Sinqapur və Çindən gələn informasiyalar əsasında hazırlanan modellər simptomsuz şəxslərin virusu 30-60 faiz yaydığı güman olunur”, – məqalədə deyilir.

Honq Konqdan olan tədqiqatçıların araşdırmasına görə, Covid-19-un yayılmasının 44 faizi simptomlar başlamazdan baş verib. Britaniyada aparılan tədqiqat isə bu göstəricinin 50 faiz olduğunu bildirir.

XS
SM
MD
LG