Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:51

'Məni Masazırdakı gizli türməyə aparmışdılar. Bağ evidir, içində təcridxana, əsgərlər...'


S.Dadaşbəyli
S.Dadaşbəyli

Dövlət çevrilişinə cəhd, dövlətə xəyanət kimi suçlamalarla 13 il 6 ay həbsdə saxlanan Səid Dadaşbəyli iyulun 15-də azadlığa çıxıb. Dediyinə görə, bu müddəti heç bir günahı olmadığı halda, həbsdə qalıb. Ona görə bundan sonra da bəraət almaq üçün hüquqi baxımdan nə mümkündürsə, edəcək. Bu barədə o, AzadlıqRadiosuna danışıb.

Hələ gənc yaşlarından xarici şirkətlərlə işlədiyini deyən S.Dadaşbəylinin sözlərinə görə, maddi imkanı da yaxşı idi. Elə ona görə də 2006-cı ildə ovaxtkı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) maraq dairəsinə düşmüşdü:

- Bizim işimiz sifarişli olub. Hamıya da maraqlı olub ki, niyə məhz biz? Mən bir xarici şirkətdə təchizatın koordinatoru işləmişdim. Daha sonra "Forex"lə işləmişəm, dünya-maliyyə bazarlarında ekspert-analitik olmuşam. Gənc yaşımda xaricilərlə işləyirdim deyə, sanki təbiət etibarilə, baxışlarım da onlara bənzəyirdi. Heç vaxt ağlıma gəlməzdi ki, bir ölkədə bu qədər günahsız adamı şərləyib bu günə qoya bilərlər. Bizi 16 nəfər həbs eləmişdilər, birimiz istintaq vaxtı MTN-də öldü. Qalan 15 nəfərdən biri – Ceyhun Əliyev hələ də həbsdədir, cəza müddəti oktyabrda başa çatacaq. Qayıdım həbsimin səbəbinə. Əsas səbəb maliyyə bazarıyla bağlı fəaliyyətim, maddi imkanlarım idi. O vaxt mənim xaricdə investorlarım var idi, "Forex"də dövriyyələr edirdim. İngiltərədə qeydiyyatdan keçmiş şirkətim var idi. Maliyyə köçürmələrini bankların vasitəsilə edirdim. Banklar da müəyyən şəxslərin nəzarətindədir. Baxırdılar ki, gənc oğlandır, bu qədər böyük dövriyyəsi var. Əvvəl çağırıb 500 min pul tələb etdilər, hədələdilər.

– Kim və hara çağırdı?

– 2015-ci ildə MTN-də üstü açılan hadisələr 2006-cı ilin sonu, 2007-ci ilin əvvəlində mənim başıma gəlib. Əvvəl məni MTN-ə çağırıb pul istədilər. (MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, general-mayor Akif) "Çovdarovun Masazırdakı gizli türməsi" deyirlər, məni ora aparmışdılar. Bağ evidir, içində ayrıca təcridxana, əsgərlər də var. Onlar öz adlarını demirlər axı, 2015-ci ildə həbs olunanların şəkillərini televizorda görəndə tanıdım. Onda "Çovdarovun gizli həbsxanası" deyiləndə başa düşdüm ki, məni də ora aparıblarmış.

– Dövlət çevrilişinə cəhd edən islamçılar kimi təqdim olunmusunuz...

– Aləmi qatmışdılar bir-birinə. İnanın, mən SEPAH sözünü, onun mənasını 11 ay MTN-in təcridxanasında qaldığım müddətdə bildim. Mən heç o adları eşitməmişdim, qalmışdı ki, o işlərlə məşğul olum. Məni çağırıb istədiklərini ala bilməyəndə qəzəbləndilər. Mən o vaxt MTN-dən şikayət etmişdim. Həmin şikayətlərim gizlədildi. Sən demə, onda bunlar pul vermədiyimə görə mənim həbsim üçün plan düzüb-qoşurlarmış. Mən necə dövlət çevrilişi eləyə bilərdim axı? Şirkət olub, bizneslə məşğul olmuşam, ekspert-analitik kimi fəaliyyət göstərmişəm.

– Axı Siz tək deyildiniz, bəs qalan 15 nəfər niyə həbs olundu?

– Mənimlə eyni qrupun üzvü kimi təqdim olunanların əksəriyyətini tanımırdım. Məni tanıyan nə qədər adamı MTN-ə çağırıb pul almışdılar. Biabırçılıq idi. Hətta bildiyimə görə, o vaxt MTN-də işləyən bəzi şəxslər baş verənlərə görə işdən çıxmışdı. Biz 11 ay orada idik, o qırğınlardan xəbərimiz olmuşdu. Məni tanıyan, işlə bağlı əlaqəmiz olan nə qədər adamın evində axtarış apardılar. Onlardan da pul ala bilmədiklərini tutdular.

- Bəraət almaq üçün konkret hansı addımlar atmağı planlaşdırırsınız?

– 11 il əvvəl şikayətim Avropa Məhkəməsinə göndərilib. Kommunikasiya mərhələsi də bitib. Çox çətinliklə göndərdik o zaman şikayəti. Üçüncü ölkə - Kanada vasitəsilə göndərdik. Üstündə də "SOS" yazmışdıq. Hüquqi baxımdan istənilən üsuldan istifadə edəcəm. Bu gün çıxmışam, indi hər şey başqa cür gəlir mənə. Sanki 2007-ci ildən birbaşa 2020-ci ilə atlanmışam. 11 ay MTN-in təcridxanasında, 3 ay Bayıl təcridxanasında, sonra da 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanmışam. Təcridxanada olanda heç kimlə təmasa imkan vermirdilər. Özümə və ailəmə bu qədər əzabları necə bağışlayım? Bizim haqqımızdakı cinayət işini açıb oxuyanda elə bilirsən, Dronqonun serialıdır. Guya nəyisə fikirləşmişəm, nəyisə etmək istəmişəm. Bu cür absurd ittihamla bir adamın ömründən 13 il 6 ay almaq dəhşətdir.

Xatırlatma

2007-ci il dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi Səid Dadaşbəyli və onunla birgə tutulan 10-a qədər şəxsə hökm oxuyub.

Səid Dadaşbəyli 14 il, Rəşad Əliyev 14 il, Ceyhun Əliyev 14 il, Fərid Ağayev 13 il, Samir Qocayev 13 il, Bəybala Quliyev 13 il, Cahangir Kərimov 13 il, Rasim Kərimov 13 il, Emil Möhbalıyev 12 il, Mikayıl İdrisov isə 12 il azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və qiymətli kağızlar hazırlama və ya satma) və başqa maddələrlə ittiham ediliblər.

Hüquq müdafiə təşkilatları onları siyasi məhbuslar kimi tanıyıb.

İstintaq müddətində onlara ağır işgəncələr verildiyi iddia edilib.

Amma Azərbaycanın hüquq-mühafizə orqanları təcridxana və cəzaçəkmə müəssisələrində işgəncə olmasına dair şikayətləri təsdiq etmir, əsassız iddialar adlandırırlar.

XS
SM
MD
LG