Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:54

Sərhəddə baş verənlərdən Qərb mediası nə yazır


Dondar Quşçu kəndi, 15 iyul, 2020-ci il
Dondar Quşçu kəndi, 15 iyul, 2020-ci il

“Frans Pres” agentliyi təhlilçilərə istinadla yazır ki, Qafqazda irimiqyaslı müharibə regional rəqiblər olan Rusiya və Türkiyəni qarşı-qarşıya qoyar

İyulun 12-dən bəri Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması qərbin aparıcı media orqanlarının diqqət mərkəzindədir. İyulun 15-də və 16-da bir sıra xarici media orqanları bu haqda məqalələr, təhlillər dərc ediblər.

“BBC” son günlər münaqişə tərəflərinin bir-birini ittiham etməsindən, iyulun 14-dən 15-nə keçən gecə Bakıda orduya dəstək məqsədilə keçirilən yürüşdən yazıb.

Rusiya və Türkiyə qarşı-qarşıya?

Məqalədə deyilir ki, bir qrup etirazçı parlament binasına girib, onların içəridə dağıntılar törətdiyi bildirilir. Sonradan polis kütləni dağıtmaq üçün su şırnağı və gözyaşardıcı qazdan istifadə edib.

“Bu, son illər ölkədə keçirilən ən böyük kütləvi mitinq idi, bəzi media orqanları 30 minədək insanın orada olduğunu yazıb”, – BBC yazır.

“Frans Pres” agentliyi təhlilçilərə istinadla yazır ki, Qafqazda irimiqyaslı müharibə regional rəqiblər olan Rusiya və Türkiyəni qarşı-qarşıya qoyar.

“Tərəflərdən birinin birbaşa ərazi müdaxiləsi yüksək ehtimalla, Rusiya və Türkiyəni hərbi qarşıdurmaya cəlb edər”, – Beynəlxalq Böhran Qrupundan Olesya Vartanyan agentliyə deyib. Ancaq onun sözlərinə görə, Qarabağdan kənarda irimiqyaslı müharibənin başlaması ehtimalı çox azdır. “Hətta Qarabağda ədavətin qızışması da real deyil”, – o vurğulayıb.

Hökumət etirazlardan necə istifadə edir və edəcək

“Eurasianet.org” portalı isə onminlərlə azərbaycanlının küçələrə çıxaraq hökumətdən münaqişəylə bağlı daha sərt mövqe tələb etdiyini vurğulayır.

Beynəlxalq Böhran Qrupunun Bakıdakı təhlilçisi Zaur Şiriyev portala deyib ki, bu etiraz hökumət üçün “ikitərəfli qılınc və soyuq duşdur”.

'İqtidar yürüşdən öz mövqeyini gücləndirmək üçün yararlana bilmədi'
Gözlə

No media source currently available

0:00 0:05:54 0:00

“On illər ərzində ilk dəfədir ki, sadə kütlənin bu miqyasda etirazını görürük, etirazçılar hökumətdən daha çox hərəkət tələb edirlər… Hökumət yəqin ki bu etirazlardan beynəlxalq oyunçularla söhbətlərində Ermənistana daha artıq təzyiq göstərməkdən ötrü istifadə edəcək”, – o deyib.

“Digər tərəfdən indi sual budur: etirazçıları necə məmnun etməli? İntiqam? Sərhəddə daha çox itki vermək, yoxsa təmas xəttində hərbi kampaniyaya başlamaq? Etirazların davam edəcəyini söyləmək çətindir, ancaq hökumətdə çoxları indi ya yerli siyasəti, ya da münaqişəylə bağlı məsələlərə yanaşmanı dəyişmək üçün təzyiq göstərə bilərlər”, – o vurğulayıb.

Şiriyev əməliyyatları dayandırıb, sərhəd ərazilərə daha artıq investisiya qoymağı, ordakı vətəndaşların daha çox qayğısına qalmağı da mümkün yollardan biri sayır. “Bunu ictimaiyyətin böyük kəsimi dəyərləndirər”, – o qeyd edib.

“Gedib nə ilə vuruşacaqsan?”

Azərbaycan Prezidenti İlham Əliyev isə iyulun 15-də hökumətin iclasında deyib ki, əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, bunu ancaq alqışlayır. “Amma bu gün meydanda səslənən və ola bilər, yaxşı niyyətlə “mən gedim Qarabağda vuruşum” sözlərinə son qoymaq lazımdır. Populizmin vaxtı deyil. Sən gedib necə vuruşacaqsan? Gedib nə ilə vuruşacaqsan? Sən vuruşmaq üçün gərək təlim keçəsən. Gərək sən nizamlı orduda xidmət edəsən. Səni gərək hazırlasınlar, səni gərək öyrətsinlər”, – dövlət başçısı sözlərinə əlavə edib.

İlham Əliyev həmin gün etirazçıların içində təxribatçıların olmasından da danışıb, buna görə Azərbaycan Xalq Cəbhəsini ittiham edib. AXCP isə bəyan edib ki, ölkə başçısının çıxışı dövlət adına utancdı, növbəti repressiya dalğasının başlanacağının anonsudu və milli ruhun oyanışından narahatlığın ifadəsidir:

Xatırlatma

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb.

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Ancaq son 4 gündə Azərbaycan tərəf biri general olmaqla 11 hərbçisini itirməsi, 4 yaralı olması haqda xəbər yayıb.

Ermənistan tərəf də dörd hərbçisinin ölməsi haqda məlumat yayıb. O da öz növbəsində baş verənlərə görə Azərbaycanı ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.

Münaqişə böyüyərək müharibəyə çevrilib. 1994-cü ildə onlar arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Son toqquşmalarla əlaqədar bir sıra beynəlxalq qurumlar – ATƏT, Avropa Birliyi, ABŞ Dövlət Departamenti tərəfləri atəşkəs rejiminə qayıtmağa, danışıqları bərpa etməyə çağırıb.

XS
SM
MD
LG