Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:37

Əsl film musiqisi necə olmalıdır


Ennio Morricone
Ennio Morricone

Bəzi filmlərin musiqisi unudulmazdır. "Yaxşı, pis və eybəcər" (The Good, the Bad and the Ugly) (1966); "Cənnət günləri" (Days of Heaven) (1978); "Şey" (The Thing) (1982); "Bir zamanlar Amerikada" (Once Upon a Time in America) (1984); "Cinema Paradiso" (1988)… Maestro Ennio Morricone-nin musiqisi klassik ekran səhnələrini yeni bir səviyyəyə qaldırır. Bu musiqi həmin səhnələr olmayanda belə bizimlə birgə yaşamağa davam edir, bizi əhatə edir. 91-yaşlı maestronun vəfatı bir çoxları üçün xüsusi emosional yük daşıyır. Ennio Morricone 2019-cu işıq üzü görmüş "Öz sözləri ilə" (In His Own Words) kitabında belə yazırdı: "Çox zaman insanlar filmdə musiqini təhtəlşüurdan gələn bir şey kimi hiss edirlər… Başqa sözlə, musiqi görünməyəni göstərə, dialoqa qarşı işləyə, hətta görüntünün açmadığı hekayəni danışa bilər".

Dərin toxunan musiqi

Britaniyalı bəstəkar, dramaturq və aparıcı Neil Brand kino musiqisinin texnikası və gücünü araşdırıb. O, eyni zamanda, BBC-nin çəkdiyi məşhur "Kinonun səsi" (Sound Of Cinema: The Music That Made the Movies) silsiləsinin müəllifidir. Brand uşaqlıqdan bu mövzu ilə maraqlanır: "Mən kinoya gedər, içindən qeyri-adi musiqi tökülən o nəhəng texnikolor şeyi görərdim… Evə gələndə musiqi hələ də beynimdə qalırdısa, piano arxasında oturub onu çalmağa, akkordların necə tutulduğunu öyrənməyə çalışırdım", – o deyir. Gözəl kino musiqisi kinonun özü olmayanda belə öz sehrini qoruyub saxlayır.

Brand hesab edir ki, insanların hamısı dərində musiqini qavrayır və bu bizim qədim DNT-mizdədir: "Bəlkə film musiqisi dil və intellektual düşüncədən daha dərin səviyyədə çalışdığı üçün bizim hamımıza belə dərin toxuna bilir".

Doğrudan da, "Bir ovuc dollar" (A Fistful of Dollars) (1964) filmində Clint Eastwood-un cəmi 25 replikası var. Ancaq onun bir döyüşdən o birinə gedən zaman çalınan musiqi onu kino tarixinin ən üzdə olan qəhrəmanlarından birinə çevirir. Musiqi göstərir ki, bu insanın köhnə və dərin yaraları var. Tamaşaçı ona qarşı empatiya hiss edir. Halbuki, ssenariyə görə, o, bütün etdiklərini pula görə edir.

Real dünya

BBC yazır ki, Morricone Vestern janrının səsini yenidən müəyyən edən bəstəkar sayılır. Əlbəttə, onun musiqisi bununla məhdudlaşmır. Amerikalı bəstəkar John Williams "Star Wars", Supermen saqaları, ET və s. filmlərdəki fantastik macəraları daha da canlı edir.

Brand xatırlayır ki, "Close Encounters of the Third Kind" (1977) filminin nümayişindən sonra kinoteatrdan çıxan böyük kütlənin hamısı bir nəfər kimi göyə baxıb. "Williams-ın beş notluq UFO motivi birdən-birə dünyanı UFO-ların mümkün olduğu yerə çevirmişdi. Mən o filmdəki kimi real dünya istəyirdim… və musiqi sizə bunu etməyə imkan verir".

Bizim müasir film izləmə vərdişlərimiz – evdə striminq, mobil cihazlar klassik kinoteatr təcrübəsini təkrarlaya bilmir. Brand deyir ki, Morricone-yə qədər kinoda qızıl dövr bəstəkarlarının heç biri öz musiqilərində fit, əl çalma, qamçı səsi işlətməzdi. "Və budur, "Yaxşı, pis və eybəcər"… İndi də kinoya gedib təəccüblü bir şey eşidəndə insana qəfil təmiz hava kimi gəlir".

"Məncə, Morricone populyar … bəstəkar üçün çox maraqlı bir qarışıqdır. 60-cı illərin əvvəllərində yazdığı ilk musiqilər çox melodik pop idi, ancaq içində o qəribə, ancaq dahiyanə səslər də var idi. Onun intellektual əhatəsi olan "Il Gruppo" da buna təsir edən şeylərdən biri idi. "Il Gruppo" qəribə teksturalardan istifadə edərək avanqard caz improvizasiyaları yaradan bir qrup italyan bəstəkarı idi", - Neil Brand sözlərinə əlavə edir.

Emosional dərinlik

Gözəl film musiqisi eyni zamanda həm mürəkkəb, həm də gözlənilmədən oynaq ola bilər və Morricone bunun bariz nümunəsidir. Onun bir-birindən fərqli temaları arasında kəskin "Bir zamanlar Qərbdə" (Once Upon a Time in the West) (1968) də var, şıltaq "Kef gözəldir" ("Fun is Beautiful") (Carlo Verdone-nin 1980-ci ildə çəkdiyi komediya) də, romantic "Chi Mai" (1971) da. Sonuncu sonradan ayrıca sinql kimi hitə çevrilib. Morricone heç vaxt pop fəaliyyətini də dayandırmayıb. Karyerası boyu Mina və Zucchero-dan tutmuş "Pet Shop Boys"a qədər sevilən çart musiqiçiləri ilə işləyib.

Brand deyir ki, "Bir zamanlar Qərbdə" və "Bir zamanlar Amerikada" kimi filmlərin çox sərt, praqmatik ssenarisi var. Ancaq Morricone-nin musiqisi bu filmlərə inanılmaz emosional dərinlik verir.

Kinoda ən gözəl musiqilərin bəziləri bəstəkarla rejissor arasında qarşılıqlı anlaşmadan qaynaqlanır. Belə klassik yaradıcı tandemlərdən Bernard Hermann və Alfred Hitchcock-u ("Psycho", "Vertigo", "North By Northwest", "The Birds"); Nino Rota, Federico Fellini və Luchino Visconti kimi nəhəngləri (Rota Francis Ford Coppola-nın "Xaç atası" (The Godfather) filminə də musiqi yazıb), hind film musiqisinin əfsanəsi RD Burman və rejissor, ssenarist və prodüser Nasir Hussain-i (1973-cü ildə çəkilmiş "Yaadon Ki Baaraat") göstərə bilərik.

XS
SM
MD
LG