Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:53

Bağlanan bankların əmanətçiləri etiraz edir


Mərkəzi Bankın qarşısında etiraz aksiyası
Mərkəzi Bankın qarşısında etiraz aksiyası

İyulun 21-də dörd bağlanmış bankın – "AtaBank", "AGBank", "Amrahbank" və "NBCBank"ın əmanətçiləri Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

"Qoy villalarını satsınlar, pulumuzu qaytarsınlar"

Etirazçıların sözlərinə görə, aylar keçməsinə baxmayaraq, onlara əmanətləri qaytarılmır.

"Xəstəlik (koronavirus) bir yandan, müharibə bir yandan, biz isə bu istidə öz pulumuza görə tökülüşmüşük küçələrə. Əmanətlərimiz sığortalanmışdı. Deyirlər ki, verəcəyik, amma boş söhbətdir. Ziyana əmanətçilər düşüb. Pulumuza niyə blok qoyulub? Biz necə yaşayaq? Elman Rüstəmov söz vermişdi ki, pul qaytarılacaq, amma belə çıxır ki, bu, yalnız sözlərdir. Prezidentə üz tutub deyirik, camaata kömək edin. Pulumuzu dövriyyəyə buraxıblar ki, daha çox pul qazansınlar, qoy villalarını satsınlar, pulumuzu qaytarsınlar", - etirazçılar deyiblər.

Etiraz aksiyası keçirən vətəndaşların yanına özünü Milli Bankın Təhlükəsizlik Departamentin işçisi kimi təqdim edən bir şəxs gəlib. O deyib ki, qurumun sədrinin müavini Aftandil Babayev vətəndaşları Mərkəzi Bankın köhnə binasında problemlə bağlı qəbul edəcək.

Bankın digər nümayəndəsi toplaşanlara bildirib ki, onların problemi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət göndərilib: "Bu ayın 28-də Konstitusiya Məhkəməsi bu məsələyə baxacaq. Böyük ümidliyik ki, bu məsələ sizin xeyrinizə həll olunmalıdır. Ona görə sizi səbirli olmağa çağırıram".

Daha sonra əraziyə cəlb olunmuş polis əməkdaşları toplaşanları ərazini boşaltmağa çağırıb.

Aksiya insidentsiz başa çatıb.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən xüsusi karantin rejimi elan edilib. Kütləvi toplantılara icazə verilmir.

Ekspert bankların ləgvini şübhəli addım adlandırır
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

Xatırlatma

2020-ci il aprelin 26-da Mərkəzi Bank "AtaBank" ASC, "AmrahBank" ASC, "AGBank" ASC və "NBCBank" ASC-yə inzibatçı təyin etmişdi. Mayın 1-də "Atabank" və "AmrahBank"ın lisenziyası ləğv edilib.

Daha sonra, mayın 12-də də "AGbank" və "NBCBank"ın lisenziyaları da ləğv olunub.

"Atabank" və "AmrahBank"ın lisenziyaları ləğv edilərkən Mərkəzi Bank belə açıqlama vermişdi: "Qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlamışdı, xüsusən "Atabank" ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi".

Qalan iki bankın da lisenziyasının ləğvi, əsasən, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilmişdi. Amma həmin qurumlardan bu dəyərləndirməyə hər hansı bir münasibət bildirilməmişdi.

2015-ci ildə isə Azərbaycanda iki devalvasiyanın baş verməsi (Dünyada neftin qiyməti kəskin ucuzlaşandan sonra) və manatın dollar qarşısında iki dəfə dəyər itirməsi nəticəsində bank sektorunda daha ciddi təlatümlər özünü göstərmişdi. Onda 10-dan çox bank bağlanmışdı. Bu onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilirdi. Həmin banklarda qorunan əmanətlərin qaytarıldığı açıqlanıb.

Bu ilin əvvəlindən də dünyada neftin ucuzlaşması baş verib. Üstəlik, koronavirus pandemiyasının dünya iqtisadiyyatına ciddi təsir etdiyi bildirilir. Azərbaycanın ixracının 90 faizi neft və qazın payına düşür.

Hazırda Azərbaycanda 26 bank mövcuddur.

XS
SM
MD
LG