Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:52

Tofiq Yaqublu haqqında ittiham aktında nələr var


T.Yaqublu hadisə yerində
T.Yaqublu hadisə yerində

Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun məhkəməsi başlayır. Məhkəmənin hazırlıq iclası iyulun 24-də keçiriləcək. Bu işə Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyev baxacaq.

İttiham aktında iddia olunur ki, T.Yaqublu "8-ci kilometr bazarı"nın yaxınlığında öz maşını ilə təhlükəli manevr edib, digər hərəkət iştirakçıları üçün maneə yaradıb. Nəticədə eyni istiqamətdə hərəkət edən Elxan Cəbrayılovun idarə etdiyi maşınla toqquşub. Hadisədən sonra maşından düşüb, E.Cəbrayılovun üstünə gedib, onun ünvanına təhqiramiz ifadələr işlədib, qışqırıb. Üstəlik, onun başına yumruqla vurub, əlindəki vintaçanla sağ çiynindən zərbələr endirib. Bu zaman E.Cəbrayılovun həyat yoldaşı Cəvahir Cəbrayılova maşından düşüb. T.Yaqublu onu da təhqir edib, qolundan vurub itələyib. Beləliklə də xuliqanlıq edib.

E.Cəbrayılov və C.Cəbrayılova zərərçəkmiş qismində tanınıb. Onlar da elə ittihama uyğun ifadə veriblər.

Zərərçəkənin və Yaqublunun dedikləri

E.Cəbrayılov iddia edib ki, T.Yaqublunu sakitləşdirməyə çalışıb, amma bacarmayıb: "Elementar əxlaq və davranış qaydalarına riayət etməyə dəvət etsəm də, buna əhəmiyyət verməyib, söyüşlərini davam etdirirdi. Yumruqla alnımdan bərk vurdu, zərbə güclü olduğundan bir anlıq gözlərim qaraldı. Sonra başımın arxasından vurdu. Sağ əlindəki alətlə çiynimə zərbə endirdi. Əlimlə o aləti tutub saxlamağa çalışdım. Amma döş nahiyəmə də bir neçə dəfə zərbə endirdi".

Onun sözlərinə görə, həyat yoldaşı da gəlib T.Yaqublunun əlindəki aləti almağa çalışıb. Bu zaman həmin əşya yerə düşüb. Bu zaman görüb ki, bayaqdan T.Yaqublunun onu vurduğu əşya vintaçan imiş.

E.Cəbrayılov deyir ki, həyat yoldaşı ətrafdakılardan kömək istəyib, ağlayıb, səs-küy salıb. Buna görə T.Yaqublu onun həyat yoldaşını da qışqıra-qışqıra söyüb. Sonra da avtomobilin qapısını həyat yoldaşının sinəsinə, qoluna çırpıb.

T.Yaqublu isə E.Cəbrayılov və həyat yoldaşının dediklərinin tamamilə yalan olduğunu söyləyib. İfadəsində bildirib ki, həmin gün həyat yoldaşı Maya Yaqublu və daha bir qohumu ilə bazara gediblər. M.Yaqublu və qohumu bazara getsə də, özü avtomobili kənara çəkib, onları gözləyib. Bu zaman dayandığı yerdə E.Cəbrayılovun idarə etdiyi avtomobil onun maşınına çırpılıb:

"Mən maşından düşmədim, yol polislərinin gəlməsini gözlədim. Bu zaman mənim maşınımı vuran avtomobilin sürücüsü və bir qadın düşüb gəldilər. Məndən də aşağı düşməyi tələb etdilər. Yenə düşmədim. Az sonra polislər gəldi. Həmin gün mən nə kiminləsə dalaşmışam, nə təhqir etmişəm, nə də kimisə vurmuşam. Məndə ümumiyyətlə, vintaçan olmayıb. Ümumiyyətlə, orada dava-dalaş olmayıb...".

Müstəntiqin təqdimatı

T.Yaqublunun avtomobili hələ də ailə üzvlərinə qaytarılmayıb. İttiham aktında yazılıb ki, avtomobil Nizami Rayon Polis İdarəsinin həyətindədir və təyinatı məsələsi həll edilənə qədər orada qalacaq.

İttiham aktında T.Yaqublunun 2013-cü ildə iğtişaşların təşkilində suçlanaraq məhkum edilməsi, məhkumluğu aradan qalxmadan yenidən cinayət törətməsi vurğulanır. Bu işin istintaqını aparan müstəntiq ittiham aktının sonunda Nizami Rayon Polis İdarəsinin rəisinə bir təqdimat da yazaraq irad bildirib ki, "əvvəllər məhkum olunmuş, heç bir faydalı əməklə məşğul olmayan, işsiz, cinayətə meylli şəxslərin ətrafında əməliyyat mövqeyinin qurulması işi günün tələbləri səviyyəsində təşkil edilməyib".

T.Yaqublunun qızı Nigar Yaqublu AzadlıqRadiosuna bildirib ki, atası cinayət işinin materiallarındakı yalanları məhkəmədə bir-bir ifşa edəcək: "Özü də dəfələrlə telefon danışığında deyib ki, bu cinayət işindəki yalanın, saxtakarlığın miqyası heyrət doğurur. Amma Azərbaycandakı gerçəkləri bildiyinə görə gözlənilməz deyil. Hər bir yalanı konkret arqumentlə ifşa edəcək".

Xatırlatma

T.Yaqublu martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Amma T.Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı: ""8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır".

T.Yaqublu haqqında həbs qərarı verilərkən məhkəmədə də bildirib ki, baş verənləri o, telefonuyla çəkmişdi. Amma həqiqəti gizlətmək üçün polis idarəsində onun telefonunu yoldaşından alıblar və geri qaytarmayıblar.

XS
SM
MD
LG