Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:42

Asghar Farhadi: 'İran filmlərində gördüyümüz həyata fərqli baxışdır'


Asghar Farhadi, "Ayrılıq" filmi ilə bağlı mükafatlandırma, Hollywood, 26 fevral 2012
Asghar Farhadi, "Ayrılıq" filmi ilə bağlı mükafatlandırma, Hollywood, 26 fevral 2012

Tanınmış iranlı kinorejissor Asghar Farhadi Türkiyənin TRT kanalının qonağı olub və canlı yayımda kino, ssenari və rejissorluq sənətinin sirlərindən danışıb.

Türkiyə Radio və Televiziya Korporasiyası (TRT) “12 Punto” Kinossenari Günləri festivalını keçirir. Festival çərçivəsində TRT 2 kanalı canlı yayımda auditoriyaya kino sənətinin sirlərindən danışmaq üçün iranlı kinorejissor Asghar Farhadini studiyaya dəvət edib.

Proqramın moderatorluğunu türkiyəli kinorejissor Faysal Soysal edib. Farhadi proqramda deyib ki, iki növ rejissor var. "Öz manifesti, narahat olduğu məsələlər, ideologiyası olan rejissor; belə rejissorlar öz niyyətlərini dilə gətirmək üçün film çəkirlər. Yerdə qalan rejissor və prodüserlər filmin auditoriyaya nə deyəcəyi haqda düşünmürlər”, - o deyib.

Qəlbdən yox, ideyadan doğan film

"Ayrılıq" ( "A Separation",) filmindən epizod
"Ayrılıq" ( "A Separation",) filmindən epizod

Farhadi daha sonra deyib ki, uğurlu rejissor film çəkərkən hər şeydən əvvəl keçmişin dəyərini, məsələn, uşaqlıq xatirələrini nəzərə alır.

“Məsələn, “Ayrılıq” (A Separation) filmində mənim ağlıma gələn ilk görüntü keçmişlə bağlı oldu. Mən bu istiqamətdə düşünərək film üçün ssenari yazdım. Üstəlik, heç bir başqa fakt, reaksiya, yaxud məlumat məni həmin mənzərə qədər tərpətmədi. Əslində, işin daha maraqlı tərəfi odur ki, biz bir filmin çəkilişinə başlayanda onun hansı istiqamətdə gedəcəyini bilmirik. Başqa sözlə, manifesti, yaxud ideologiyası olan filmlər daimi ola bilməz, çünki onlar rejissorların qəlblərindən yox, ideyalarından doğur”, – Farhadi deyib.

"Bu gün bütün dünyada sevgi var. Eyni zamanda ..."

Asghar Farhadi , "Ayrılıq" filmi ilə bağlı mükafatlandırma, Los Angeles, 12 yanvar 2012
Asghar Farhadi , "Ayrılıq" filmi ilə bağlı mükafatlandırma, Los Angeles, 12 yanvar 2012

Farhadi hesab edir ki, bütün hekayələr sevgi və zorun toqquşmasından, yaxud birləşməsindən başlayır:

“Bu gün bütün dünyada sevgi var. Eyni zamanda o sevgini incidən zor var. Ancaq yaşadığımız müasir dövrdə sevgini nəql etmək üçün müxtəlif dillər var. Bu səbəbdən dünyadakı dəyişikliklər bu iki hissin dilini və formasını dəyişdirir”.

Asghar Farhadi deyir ki, dünyanın hər yerində auditoriyanın İran mədəniyyətini anlamasını gözləmir.

“Ancaq bu o demək deyil ki, bunun əhəmiyyəti yoxdur. Mənim fikrimcə, əgər mən yazdığım ssenarini anlayıramsa və əgər mən ondan razı qalmışamsa, məncə dünyanın başqa bir yerindəki insanlar da hökmən razı qalacaq və təsirlənəcəklər”, – o deyib.

Həyat və reallıq

İran kinosunun dünyadakı uğurunu vurğulayan rejissor daha sonra belə deyib:

“İlk vaxtlar İran kinosu [Qərb] kinosuna, xüsusən Hollivuda qarşı reaksiya idi. Artıq auditoriyanın küçədəki real, sadə həyatı görmək istəyi adi haldır. Bu mənada, mən həyat və reallıq anlayışlarını fərqli görürəm. Bir çox İran filmlərində gördüyümüz həyata fərqli baxışdır. Əslində, biz öz filmlərimizdə reallığa müəyyən qədər münaqişə əlavə edirik ki, reallıq hissi vasitəsilə həyatı daha yaxşı qavraya bilək”.

Rejissor daha sonra vurğulayıb ki, realist bir filmdə həyatdan bir şeyi göstərə bilmək uğurdur.

“Ancaq filmdə görünən dünyanın altında yeni dərinliklər yarada bilmək əsl sənətdir”, – o deyib.

TRT-nin 12 Punto Ssenari Günləri kinematoqrafçıların layihələrinə ssenari yazma mərhələsində töhfə vermək məqsədi daşıyır. Bu dəfəki Ssenari Günləri ötən şənbə günü başa çatıb. Tədbirin ikinci ildönümündə Britaniya, İsveç, Almaniya, İtaliya, Fransa, Çexiya, Xorvatiya, Bosniya və Herseqovina, Qətər və İrandan olan tanınmış kinematoqrafçılar iştirak ediblər. Builki xarici mükafatçılar nepallı Min Badur'un çəkdiyi “Soyuq bir il”, ispaniyalı Chema Garsiya Ibarranın çəkdiyi "Müqəddəs Ruh" və ukraynalı rejissor Maryna Gorbach-ın çəkdiyi "Klondike" filmləri olub. Türk kinematoqrafçılarından isə "Hayat" filmi ilə Zeki Demirkubuz, "Neandria" ilə Reha Erdem, "İdea" ilə Tayfun Pirselimoğlu və "Kamış" filmi ilə Cemil Ağacıkoğlu mükafatlandırılıb.

XS
SM
MD
LG