Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:58

Koronavirus yaymaqda ittiham olunan cəbhəçilər hakim önünə necə çıxarıldı


M.İbrahimov Xətai Rayon Məhkəməsinə adi avtomobildə, heç bir xüsusi geyim olmadan gətirilib
M.İbrahimov Xətai Rayon Məhkəməsinə adi avtomobildə, heç bir xüsusi geyim olmadan gətirilib

İyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən Qarabağa dəstək yürüşünə görə saxlandığı deyilən fəallardan bir neçəsinə COVID-19 (koronavirus) infeksiyasını yayma ittihamı verilib. Onların arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Məhəmməd İmanlı, bu partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov və digərləri var.

Cinayət Məcəlləsinin 139-1.1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması - xəstəliyin yayılmasına səbəb olduqda) maddəsi ilə ittiham olunan bu şəxslər istintaq dövründə həbsdə qalacaqlar. İyulun 22-də Bakının müxtəlif rayon məhkəmələrində onların barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bu adamların iyulun 15-dən Qarabağa dəstək yürüşünə görə saxlandığı barədə məlumatlar yayılsa da, cinayət işinin materiallarında onların iyulun 20-də paytaxtın müxtəlif yerlərində tutulduğu iddia olunur. Məsələn, Mehdi İbrahimovun iyulun 20-də axşam saat 21:00 radələrində Nobel prospekti-142 ünvanında saxlandığı göstərilib. İddiaya görə, həmin vaxt Mehdi SMS-icazə almadan evdən çıxıb, maska taxmayıb, sosial məsafəni gözləməyib, xəstəliyin yayılmasına şərait yaradıb. Bu üzdən Xətai rayonu, 37-ci polis bölməsinin əməkdaşları onu şübhəli şəxs qismində saxlayıb bölməyə gətiriblər.

"Sübut olmalıdır ki, bu adama əvvəldən belə diaqnoz qoyulub"

AXCP fəalı M.İmanlı haqqında qərarda isə onun iyulun 20-də Sabunçu rayonunda eyni əsasla saxlandığı yazılıb. Amma AXCP mətbuat xidməti hələ iyulun 16-da M.İmanlının saxlandığı haqda məlumat yaymışdı. M.İbrahimovun atası Məmməd İbrahim də oğlunun iyulun 15-də tutulduğunu bildirib.

Koronavirusa yoluxduqları halda, küçəyə çıxıb xəstəliyi yaymaqda suçlanan bu şəxslərin həbs qərarı üçün hakim önünə necə çıxarılması da diqqət çəkib. Məsələn, M.İbrahimov Xətai Rayon Məhkəməsinə adi avtomobildə, heç bir xüsusi geyim olmadan, polislərlə birlikdə gətirilib. Polislər onun qoluna girərək, maşından düşürüb Xətai Rayon Məhkəməsinin binasına aparıb. Məhkəmə prosesindən sonra da eyni qaydada geri qaytarılıb.

M.İmanlının da Sabunçu Rayon Məhkəməsində maska istisna olmaqla, heç bir xüsusi qoruyucu geyim və s. olmadan hakim önündə dayandığı bildirilir.

M.İbrahimovun vəkili Bəxtiyar Hacıyev AzadlıqRadiosuna bildirib ki, müvəkkilinin suçlandığı əməl qəsdən törədilən cinayətlər kateqoriyasına aiddir: "Söhbət xəstə olduğunu bilə-bilə onun yayılmasına səbəb olmadan gedir. Birincisi, özü də, ailə üzvləri də Mehdi İbrahimovda saxlanmamışdan öncə koronavirusun heç bir əlamətinin olmadığını deyir.

İkincisi, xəstə olmuş olduğunu qəbul etsək belə, özünün bunu bildiyi haradan məlumdur? Sübut olmalıdır ki, bu adama əvvəldən belə diaqnoz qoyulub, buna baxmayaraq, o, heç bir tədbir görmədən küçəyə çıxıb. Belə sübut da yoxdur".

"Polislər onunla maskasız, əlcəksiz bir neçə santimetrlik məsafədə dayanıb"

B.Hacıyev deyir ki, M.İbrahimovun barəsində həbs-qətimkan tədbiri seçilməsi haqqında qərardan apellyasiya şikayəti verilib. Şikayətində bir sıra başqa məqamlarla yanaşı, koronavirus daşıyıcısı kimi təqdim olunan şəxsə münasibətdə heç bir qoruyucu tədbir görülməməsinin də qəribəliyini vurğulayıb: "Həbs-qətimkan tədbiri seçilən məhkəmədə də bu sualı verdim. Dedim ki, adamın COVID-19 infeksiyasının daşıyıcısı olduğunu iddia edirsiz, amma polislər onunla maskasız, əlcəksiz bir neçə santimetrlik məsafədə dayanıb? Bu necə olur?".

Həkim Rəna Məmmədova şəxsin koronavirusa yoluxmasından necə xəbərdar olması məsələsini AzadlıqRadiosuna şərh edərkən bildirib ki, bundan ötrü mütləq testin nəticəsi olmalıdır. Onun sözlərinə görə, yalnız virusun əlamətlərinə görə qəti nəticəyə gəlmək yanlışdır: "Ümumi əlamətlər olsa da, orqanizmlər fərqli olduğuna görə müxtəlif formalarda özünü göstərə bilər. Ola bilər ki, şəxs infeksiyaya yoluxub, amma daha yüngül keçirdiyinə görə həkimə müraciət etməyib, özünün də xəbəri olmayıb. Çünki bu xəstəliyi asimptomatik keçiriblər. Ola da bilər ki, COVID-19-un bəzi əlamətləri var, amma, əslində, koronavirusa yoluxma deyil. Temperaturun yüksəlməsi, dadbilmə qabiliyyətinin itməsi təkcə koronavirus daşıyıcılarında olmur axı. Mütləq testin nəticəsi olmalıdır".

Xatırlatma

Azərbaycanda indiyədək 28 min 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 20 min 443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib.

İyulun 14-də Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Amma rəsmi qurumlar bu hadisələr zamanı konkret nə qədər şəxsin saxlandığını açıqlamayıblar. "Müdafiə xətti" adlı hüquq-müdafiə təşkilatının bildirməsinə görə, həmin hadisələrlə əlaqədar 25 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Məlumata görə, həbs olunan şəxslərdən doqquz nəfəri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləridir. Onlar əmlakın qəsdən məhv edilməsi, ictimai qaydanın pozulması, hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddələri ilə açılmış cinayət işi üzrə təqsirləndirilirlər. Barələrində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 aya qədər həbs-qətimkan tədbiri seçilib.

AXCP ittihamların yalan olduğunu, həmin təxribatları törədənlər arasında cəbhəçilərin olmadığını bəyan edib. AXCP sədri Əli Kərimli bildirib ki, bu həbslər partiyaya qarşı repressiyadır və Prezident İlham Əliyevin 15 iyuldakı çıxışından qaynaqlanır. Nazirlər Kabinetinin iclasındakı çıxışında İ.Əliyev AXCP-nin ünvanına sərt fikirlər səsləndirmişdi.

XS
SM
MD
LG