İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) İranın cənubunda irimiqyaslı hərbi təlimin yekun mərhələsinə başladığını bildirir. Buraya Fars Körfəzi və Hörmüz boğazında əməliyyatlar da daxildir.
İİKK-nın iyulun 28-də bildirməsinə görə, “Payambar-e Azam 14” (Böyük Peyğəmbər) təlimlərində İİKK-nın donanması və aerokosmik qüvvələri də iştirak edir.
Bundan bir gün öncə ABŞ-dakı Maxar Technologies kosmik texnologiya firmasının yaydığı peyk təsvirlərində İranın Hörmüz Boğazında ABŞ təyyarədaşyan gəmisinin maketini yerləşdirdiyi görünürdü.
Tehran Körfəzdə ABŞ və Qərb donanmalarının iştirakına qarşıdır, Hörmüz boğazında tez-tez donanma oyunları keçirir. Dünyada dənizlə daşınan xam neftin 30 faizi bu boğazdan keçir.
2018-ci ildən Tehranla Vaşinqtonun münasibətləri gərginləşib. Həmin il Birləşmiş Ştatlar İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb, İran iqtisadiyyatına sarsıdıcı sanksiyalar tətbiq edib.
Bu müddətdə İİKK ilə ABŞ qüvvələri arasında bir neçə insident yaşanıb, Vaşinqton iranlıları boğazdan keçən Amerika hərbi gəmilərini təqib etməkdə suçlayıb.