Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:21

'Tenet'in buraxılışı təxirə salınıb


"Tenet"
"Tenet"

"Warner Bros" studiyası Christopher Nolan-ın ən son filmi olan "Tenet"in buraxılışını koronavirus pandemiyasına görə yenidən təxirə saldığını bildirib.

Fantastika janrında çəkilmiş bu casus eposunun iyulun 17-si ekranlara çıxacağı gözlənilirdi. Ancaq bu tarix avqustun 12-nə dəyişdirilib.

"Tenet"in bu yay ərzində ABŞ kinoteatrlarında ekrana çıxarılacaq ilk iribüdcəli Hollivud filmi olacağı gözlənilir.

Ancaq studiya "bütün bu davam edən qeyri-müəyyənlik şəraitində" filmin buraxılma tarixini yenidən dəyərləndirəcəyini bildirib.

Studiya həmçinin, filmi ABŞ-dan öncə xarici bazarlarda buraxmaq haqda düşünəcəyini deyib.

Studiyaya məxsus "Pictures Group"un rəhbəri Toby Emmerich deyir ki, şirkət "Tenet" filmini müəyyən tarixdə ekrana buraxılacaq ənənəvi məhsul kimi nəzərdən keçirmir. "Bizim qarşıdakı marketinq və distribüşn planlarımız da bunu əks etdirəcək", – deyə o bildirib. O, həmçinin, filmin hansı tarixdə çıxacağı haqda məlumatın "ən yaxın zamanda" elan ediləcəyini bildirib.

BBC yazır ki, "Sübut" (Tenet) filminin gedişatı dünyanı fəlakətdən xilas etməyə çalışan baş qəhrəmana fokuslanıb. Onun missiyası III Dünya müharibəsinin qarşısını almaqdır. Baş rolun ifaçısı John David Washington-dur. Filmin digər ulduzları isə Robert Pattinson və Ser Kenneth Branagh-dır.

Ssenari üzərində 6-7 il işləyib

Christopher Nolan-ın bu filmin ideyası haqqında 20 ildən artıq düşündüyü deyilir. Rejissor filmin ssenarisi üzərində 6-7 il çalışdığını deyib. Filmin adı qəsdən elə seçilib ki, hər iki tərəfdən oxunanda eyni söz alınsın.

Britaniyalı rejissor Christopher Nolan "Başlanğıc" (Inception), "Ulduzlararası" (Interstellar) və Oskar mükafatına layiq görülmüş, II Dünya müharibəsi haqqında olan "Dunkerk" (Dünkerk) filmlərinin müəllifidir.

O, bundan başqa "Qara cəngavər" (The Dark Knight) trilogiyasına aid üç filmi çəkib: "Betmen başlayır" (Batman Begins), "Qara cəngavər" (The Dark Knight) və "Qara cəngavərin yüksəlişi" (The Dark Knight Rises).

Koronavirus pandemiyası hər yerdə, xüsusən ABŞ-da kino sənayesini iflic edib və "Tenet"in çıxmasının təxirə salınması bu qəbildən yeganə hal deyil.

Nyu-York və Los-Anceles şəhərləri ABŞ-da iki ən böyük kino bazarıdır. Artmaqda olan yoluxma və ölüm halları fonunda bu iki şəhərin kinoteatrlarına hələ də açılmaq icazəsi verilməyib.

Dünyanın ən böyük kassa bazarlarından biri sayılan Çində kinoteatrlar yalnız iyulun 14-ü açılışın dördüncü fazasında fəaliyyətini bərpa edib. Bu ölkədə kinoteatrlar pandemiya səbəbindən düz altı ay bağlı qalıb. Ancaq açıldıqdan sonra belə onların fəaliyyəti sərt qaydalarla məhdudlaşdırılıb.

Premyera ABŞ-dan kənarda ola bilər

Pandemiya səbəbindən bir neçə studiya yeni filmlərinin çəkilişini və ekrana buraxılmasını təxirə salıb. Bura "Disney"in "Mulan" canlı ekşn rimeyki də daxildir. Filmin yeni premyerası avqustun 21-nə təyin edilib.

Bəzi distribütorlar yeni filmlərini "on-demand" rejimə keçirib və striminq xidmətləri vasitəsilə baxılmasını mümkün edib. "Tenet"ə gəlincə, o, tam kinoteatr premyerasını təmin etmək üçün bir neçə dəfə təxirə salınmış iribüdcəli filmdir.

"Variety" saytı yazır ki, artıq "Tenet" filminin premyerasının ABŞ xaricində baş tutacağı haqda qərar qəbul edilib. Filmin ilk nümayişi avqustun 26-na təyin edilib. Sentyabrın 3-də filmin ABŞ-ın bir neçə seçilmiş kinoteatrında göstəriləcəyi gözlənilir.

Filmin ilk göstəriləcəyi ölkələr arasında Avstraliya, Kanada, Cənubi Koreya, Fransa, Almaniya, İtaliya, Yaponiya və Böyük Britaniyanın adları çəkilir. Sayt yazır ki, hazırda filmin ilk mərhələdə Çində də göstərilib-göstərilməyəcəyi haqda hər hansı bir plan mövcud deyil. Filmin ABŞ-ın hansı şəhərlərində göstəriləcəyi də, hələlik, məlum deyil.

XS
SM
MD
LG