Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:18

Bu vaksinin bir kursu 50-60 dollar olacaq – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Moderna-nın bir kurs üçün 50-60 dollar təyin etməsi, bir dozanın 25-30 dollara satılacağı deməkdir

Moderna şirkəti koronavirus vaksininin bir aşılama kursunu 50-60 dollara satmağı planlaşdırır. Bu, digər vaksin hazırlayan şirkətlərin qoyduğu qiymətdən çoxdur. Bu haqda “The Financial Times” qəzeti şirkət və potensial alıcılar arasında danışıqlardan xəbərdar mənbələrə istinadla yazır.

Qəzet qeyd edir ki, bu qiymət ABŞ və digər gəliri yüksək ölkələrə aid olacaq. Bostonda yerləşən şirkətin səhmləri bu il 325 faizədək bahalanıb. Səbəb onun hazırladığı vaksinin ilkin mərhələdə effektivlik əlaməti göstərməsidir, həm də ABŞ-da klinik sınaqlara daxil olan ilk vaksin idi. Şirkət bu həftədən ABŞ hökuməti ilə məsələnin maliyyə tərəfini də dərinləşdirib. Hökumət artıq bu vaksinin hazırlanmasına 1 milyard dollaradək vəsait qoyub.

Moderna-nın bir kurs üçün 50-60 dollar təyin etməsi, bir dozanın 25-30 dollara satılacağı deməkdir.

Pfizer şirkəti isə ötən həftə almaniyalı tərəfdaşı BioNTech ilə birlikdə ABŞ hökumətilə dozanı 19,50 dollara razılaşdırıb.

AstraZeneca İngiltərə-İsveç müştərək şirkəti isə potensial vaksini üçün Niderland, Almaniya, Fransa və İtaliya ilə saziş bağlayıb, doza 3-4 dollardan hesablanıb.

Vaksin gələn ilin ortasına hazır olar

Bu arada Almaniya koronavirusa qarşı vaksinin gələn ilin ortasından tez hazır olmayacağını bildirir. “Reuters” agentliyinin məlumatına görə, bunu ölkənin Tədqiqat naziri Anja Karliczek deyib. Hökumət vaksin hazırlığını sürətləndirmək üçün üç biotexnologiya şirkətinə qrant ayırıb.

Hazırda Avropanın ən böyük iqtisadiyyatında yoluxmalarda artım var. Robert Koch İnstitutu bunu səhlənkarlıqla əlaqələndirir, ikinci dalğanın başlanmasının hələ bəlli olmadığını deyib.

“Biz möcüzə gözləməməliyik”, – Karliczek mətbuat konfransında əhalini sosial məsafə gözləməyə, maska taxmağa çağırıb.

“Daha geniş əhali üçün vaksinin ən tezi gələn ilin ortasınadək hazır ola biləcəyini təxmin etməliyik”, – nazir vurğulayıb.

Hökumət ötən ay vaksin hazırlığına 750 milyon avro (882,23 milyon dollar) vəsait ayırıb. Vəsaitin bir qismi BioNtech, CureVac və IDT Biologika şirkətlərinə qrant kimi nəzərdə tutulub.

Hazırda dünyada 150-dən çox vaksin adına namizəd hazırlanmanın müxtəlif mərhələsindədir.

206 min təsdiqlənmiş yoluxma, 9 mindən artıq ölümün qeydə alındığı Almaniya ikinci dalğanı önləməyə çalışır.

Britaniya 250 milyon doza vaksin almağı planlaşdırır

Britaniya hökuməti isə GlaxoSmithKlineSanofi Pasteur şirkətləri ilə potensial vaksinin 60 milyonluq dozası üzrə razılaşma bağlayıb. Bu vaksinin gələn ilin birinci yarısınadək ərsəyə gələcəyi güman olunur.

Britaniyanın GSK və Fransanın Sanofi şirkətləri dünyada vaksin hazırlamaq üzrə öndə gedirlər. Bu vaksin Sanofi-nin mövsümi qrip vaksininin hazırlanmasında istifadə olunan DNT-əsaslı texnologiyadan qaynaqlanır.

Hökumət bildirib ki, vaksin uğurla olsa, səhiyyə və sosial yardım işçiləri kimi prioritet qruplara birinci vurulmalıdır.

Vaksinin insan üzərində klinik sınağı sentyabrda başlamalıdır, dekabrda 3-cü mərhələyə keçməlidir.

Bu, Britaniya hökumətinin potensial koronavirus vaksinləri üzrə artıq dördüncü sazişidir. Hökumət ümumilikdə 250 milyon doza almağı planlaşdırır.

XS
SM
MD
LG