Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:53

Bağlanan bankların əmanətçilərinin narazılığı davam edir


Ekspert bankların ləgvini şübhəli addım adlandırır
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

Ekspert bankların ləgvini şübhəli addım adlandırır

İyulun 30-da dörd bağlanmış bankın - "AtaBank", "AGBank", "AmrahBank" və "NBCBank"ın əmanətçiləri Mərkəzi Bankın qarşısında etiraz aksiyanı keçirməyə cəhd edib.

"Dedilər, pulunuzu yastığınızın altında saxlamayın"

Əmanətçilərin sözlərinə görə, iyulun 28-də Konstitusiya Məhkəməsində bağlanmış banklarda olan və onlara qaytarılmayan vəsaitlərlə bağlı müraciətə baxılıb, lakin onlara heç bir cavab verilməyib. "Biz yatırım eləmişik. Bizim pulumuz niyə geri qayıtmır? Biz hüquqi dövlətdə yaşayırıq, inanmışıq, dedilər, pulunuzu yastığınızın altında saxlamayın, gəlin dövlət banklarına əmanət edin. Eləmişik. Belə şey olar? Mən sığortalı əmanət yatırtmışam, indi isə mənim pulumun bir hissəsini kəsiblər", - deyə qeyd edilib.

"Bu dəqiqəyə olan məlumat ondan ibarətdir ki,…"

Özünü Mərkəzi Bankın işçisi kimi təqdim edən şəxs də toplaşanlara bildirib ki, iyulun 28-də Konstitusiya Məhkəməsində bağlanmış banklarla bağlı məsələyə baxılıb: "Dünən, iyulun 29-da Konstitusiya Məhkəməsində siz də olmusunuz, xəbəriniz də var. Bizim də xəbərimiz var. Bu dəqiqəyə olan məlumat ondan ibarətdir ki, Konstitusiya Məhkəməsinin daxili prosedurları var və onlara uyğun hazırda ekspert rəyləri toplanılır. Qarşıdakı bayram günləri (Qurban bayramı, 31 iyul-3 avqust) nəzərə alınmaqla ən uzağı 10 gün müddətinə Konstitusiya Məhkəməsi qərar verəcək və bu qərar pozitiv qərar, vətəndaşlarımızın xeyrinə olacaq".

"AmrahBank"ın əmanətçiləri ayrıca bildiriblər ki, Konstitusiya Məhkəməsinə onların əmanətləri olduğu bankın adı təqdim edilməyib:

"Əmanətimiz "AmrahBank"dadır. Digər üç bank barədə əvvəlcə Nazirlər Kabinetinə, sonra isə Konstitusiya Məhkəməsinə müraciət etdilər. Amma bağlanan bankların sayı dörd idi, üç deyil. Bizim də "AmrahBank"da pullarımız blokdadır, verilmir. Əgər bizim problemimiz yoxdursa, pullar bizə niyə qayıtmır? Əgər problemimiz varsa, bu dördüncü bankın adı niyə məhkəməyə ötürülməyib?".

Daha sonra ora cəlb olunan polis əməkdaşları toplaşanları ərazini tərk etməyə çağırıblar. Aksiya insidentsiz başa çatıb.

Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantindir. Kütləvi aksiyalara icazə verilmir.

E.Rüstəmov: "Təmkinli olun"

Şikayətçilərin səsləndirdiyi fikirlərə, hələlik, ayrılıqda Mərkəzi Bank və Konstitusiya Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

Amma bu məsələyə bu gün, iyulun 30-da keçirdiyi mətbuat konfransında Elman Rüstəmov özü münasibət bildirib.

"Hazırda daxili prosedurlar gedir. Prosedur bir həftə -10 gün çəkə bilər. Biz çox pozitiv və nikbin qərara ümid edirik. Sadəcə, əhaliyə müraciət etmək istəyirəm ki, təmkinli olmaq lazımdır. Təbii ki, onlar narahatdırlar, biz onların narahatlığını başa düşürük. Artıq prosesin sonundayıq. Məhkəmə artıq olub. Biz əminik ki, bu yaxınlarda pozitiv qərarla tanış olacağıq. Bundan sonra çox qısa müddətdə bu insanların da - təxminən 1300 nəfərdən çox insanın öz əmanətlərinə çıxış imkanını təmin edəcəyimizə inanıram", - APA-nın xəbərinə görə, o vurğulayıb.

Xatırlatma

2020-ci il aprelin 26-da Mərkəzi Bank "AtaBank" ASC, "AmrahBank" ASC, "AGBank" ASC və "NBCBank" ASC-yə inzibatçı təyin etmişdi. Mayın 1-də "Atabank" və "AmrahBank"ın lisenziyası ləğv edilib.

Daha sonra, mayın 12-də də "AGbank" və "NBCBank"ın lisenziyaları da ləğv olunub.

"Atabank" və "AmrahBank"ın lisenziyaları ləğv edilərkən Mərkəzi Bank belə açıqlama vermişdi: "Qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlamışdı, xüsusən "Atabank" ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi".

Qalan iki bankın da lisenziyasının ləğvi, əsasən, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilmişdi. Amma həmin qurumlardan bu dəyərləndirməyə hər hansı bir münasibət bildirilməmişdi.

2015-ci ildə isə Azərbaycanda iki devalvasiyanın baş verməsi (Dünyada neftin qiyməti kəskin ucuzlaşandan sonra) və manatın dollar qarşısında iki dəfə dəyər itirməsi nəticəsində bank sektorunda daha ciddi təlatümlər özünü göstərmişdi. Onda 10-dan çox bank bağlanmışdı. Bu da onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilirdi. Həmin banklarda qorunan əmanətlərin qaytarıldığı açıqlanıb.

Bu ilin əvvəlindən də dünyada neftin ucuzlaşması baş verib. Üstəlik, koronavirus pandemiyasının dünya iqtisadiyyatına ciddi təsir etdiyi bildirilir. Azərbaycanın ixracının 90 faizi neft və qazın payına düşür.

Hazırda Azərbaycanda 26 bank mövcuddur.

XS
SM
MD
LG