Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:48

Azalan 120 milyon manat təhsil xərcinin 'yeri'...


Azərbaycan manatı
Azərbaycan manatı

Artıq iki gündür ( 5-6 avqust) Milli Məclis 2020-ci il üzrə dövlət büdcəsinə dəyişikliklər ilə bağlı layihələrə baxır.

Bəzi istiqamətlər üzrə xərclərinin artıırlması, bəziləri üzrə isə əksinə, azaldılması gözlənilir. 2020-ci ilin dövlət büdcəsində təhsil xərclərinin həcmi 3 milyard 155 milyon 797 min 681 manat müəyyənləşmışdi.

Elm xərcləri də 193 milyon 662 min 887 manat təsdiqlənmişdi. Yeni layihədə elm xərcləri 187 milyon 317 min 72 manat, təhsil xərcləri isə 3 milyard 34 milyon 767 min 819 manat göstərilib.

Yəni elm xərcləri 6 milyon, təhsil xərcləri isə 120 milyon manat azalır. 2020-ci ilin büdcəsində təhsil xərcləri büdcə xərclərinin 11,7 faizini təşkil edib.

Kamran Əsədov, arxiv foto
Kamran Əsədov, arxiv foto

Təhsil sahəsi üzrə ekspert Kamran Əsədov Azadlıq Radiosuna deyib ki, həmin 120 milyon manat bir il ərzində məktəblərin, bu sahədə maddi-texniki bazanın və avadanlıqların saxlanmasına nəzərdə tutulurdu:

“Martın 3-dən etibarən məktəblərdə dərslər dayandırılıb”

“COVID-19 pandemiyası ilə bağlı bu il mart ayının 3-dən etibarən ölkə üzrə məktəblərdə dərslər dayandırılıb. Ölkədə 4447 məktəb var. Həmin vaxtdan bu yana məktəblərdə işıqlar yanmır, su verilmir, kommunal xərclər yoxdur. Ona görə də həmin istifadə edilməmiş vəsaitlərin büdcəyə qaytarılması nəzərdə tutulur”.

K.Əliyev hesab edir ki, həmin pulun büdcəyə qaytarılması nəzərdə tutulmaya da bilərdi və sərf olunması üçün istiqamətlər də var:

“Saat hesabı dərs deyən müəllimlərə verilə bilərdi”

“Bir istiqamət kimi bu vəsait orta məktəblərdə saat hesabı dərs deyən müəllimlərə verilə bilərdi. Onlar indiki mövcud vəziyyətdə dərs demirlər, nəticədə o pul əməkhaqqına ayrılmır”.

Ekspert deyib ki, qəzalı, çox ciddi təmirə ehtiyacı olan məktəblər var. Onun fikrincə, həmin vəsait bu məktəblərin təmirinə və ya müəllimlərə bir dəfəlik müavinət kimi də ödənilə bilərdi:

“Şagirdləri planşetlə və internetlə təmin etmək olar”

“Bu vəsait haqqında çox danışılan, amma ciddi addım atılmayan distant təhsilə xərclənə bilərdi. Ölkədə 1,6 milyon şagird var. Gözləyidim ki, bu vəsait hesabına şagirdləri planşetlə və internetlə təmin etmək olar”.

Bakı camaatı çimərliklərə axışır: 'Adam doymur'
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

Ali təhsil sahəsində dövlət hesabına oxuyanların faizinin artmasına gəlincə, K.Əsədov deyib ki, ali məktəblərdə bir qəbul ilində 47 min nəfər üçün plan yeri ayrılır:

“2018-ci ildə həmin 47 min plan yerinin 12 min nəfəri pulsuz, qalanları pullu olub. 2019-cu ildə isə 47 min yerin 21 mini pulsuz oldu. Bu il isə o rəqəm 25 min nəfər olacaq. Məcburi köçkünlər, şəhid ailələri, müharibə əlilləri və s. kimi bir çox kateqoriya insanlar da var ki, onlar ödənişli əsaslarla oxusalar da məsrəfləri dövlət tərəfindən qarşılanır. Pulsuz təhsil alan belə tələbə sayı 7 min nəfərdir. Beləliklə 47 min nəfərdən 32 mini pulsuz təhsil alacaq”.

“Məncə bütün hallarda təhsildə qənaət doğru deyil”

Sabir Rüstəmxanlı, arxiv foto
Sabir Rüstəmxanlı, arxiv foto

Deputat Sabir Rüstəmxanlı da hesab edir ki, haqqında bəhs edilən vəsaiti müəllimlər, məktəb tikintisi və ya təmiri üçün də istifadə etmək olardı.

“Məncə bütün hallarda təhsildə qənaət doğru deyil və təhsil həmişə yüksək səviyyədə qalmalıdır. Fikrimcə, qənaət hər yerdə, bütün sahələrdə lazımdır, bircə təhsildən başqa”, deyə o “ Turan” agentliyinə deyib.

Deputat vurğulayıb ki, dünən, avqustun 5-də parlamentin növbədənkənar plenar iclasında təhsil haqları məsələsilə bağlı təkliflər olub:

“Bu il vəziyyətin ağır olduğuna, əhalinin gəlirlərinin azaldığına görə, parlamentin iclasında ali məktəblərdə təhsil haqlarının 50 faizə qədər azalması təklifi səsləndi”. Deputat hesab edir ki, bu təklif dəstəklənməlidir.Amma bu təklifi çoxluğun qəbul edəcəyi, hələ sual altındadır.

Xatırlatma

Azərbaycan parlamenti, arxiv foto
Azərbaycan parlamenti, arxiv foto

Milli Məclisə təklif edilən layihədə 2020-ci il üzrə dövlət büdcəsinin xərcləri 27492,2 milyon manat göstərilib. Bu təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz çoxdur. Büdcənin gəlirlərinin isə 24 milyard 124 milyon manat olması nəzərdə tutulur. Bu da qəbul edilən mövcud sənəddəki eyni göstəricidən 10,5 milyon manat azdır. Yeni layihədə neftin bir barelinin qiyməti 35 dollar götürülüb. Mövcud sənəddə bu 55 dollardır.

Hazirda neftin bir bareli 45 dollar civarındadır. İyulun 30-da Azərbaycan Maliyyə Nazirliyi (MN) 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Nazirlər Kabinetinə təqdim etmişdi. Nazirlər Kabineti də təklifləri parlamentə təqdim edib. Layihə, artıq birinci oxunuşda qəbul edilib. "

...Dəyişikliklərin əsas məqsədi əlavə müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılması, ...habelə pandemiyadan (koronavirus) zərər çəkən iqtisadi fəaliyyət sektorlarına, sahibkarlıq subyektlərinə və eləcə də əhalinin həssas qruplarına göstərilən dövlət dəstəyinin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasıdır. Eləcə də, məqsəd sadalanan səbəblərdən ilin ikinci yarısında dövlət büdcəsinin artan xərcləri ilə azalan gəlirləri arasında gözlənilən natarazlığın aradan qaldırılması vəzifələrini təmin etməkdən ibarətdir", -Maliyə Nazirliyi bildirmişdi.

XS
SM
MD
LG