Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:33

Həbsdə olan Məmməd İbrahim: 'Oğluma görə çox narahatam...'


Həbsdə olan AXCP üzvü Məmməd İbrahimin özündən bir neçə gün əvvəl əvvəl həbs edilən oğlu Mehdi Ibrahimov , arxiv foto
Həbsdə olan AXCP üzvü Məmməd İbrahimin özündən bir neçə gün əvvəl əvvəl həbs edilən oğlu Mehdi Ibrahimov , arxiv foto

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü, dövlət çevrilişinə cəhddə suçlanan Məmməd İbrahim bu ittihamın saxta olduğunu bildirib. O, bu haqda avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılarkən danışıb.

Apellyasiya şikayəti onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə Nəsimi rayon Məhkəməsinin çıxardığı qərardan verilib. M.İbrahim deyib ki, haqqındakı həbs qərarı qanunsuz və əsassızdır. Ona qarşı irəli sürülmüş ittihamları təsdiqləyən bircə sübut da yoxdur:

“Mən ümumiyyətlə, iyulun 14-də keçirilən Qarabağa dəstək yürüşündə iştirak etməmişəm. Nə də kiməsə o yürüşdə iştirak, yaxud başqa hərəkət barədə göstəriş vermişəm. Bu ittihamlar şər-böhtandan başqa bir şey deyil”.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov onun haqqındakı həbs qərarını haqlı sayıb, şikayətini təmin etməyib.

“Öz durumu ilə bağlı şikayəti yoxdur”

Vəkil Əsabəli Mustafayev, 7 avqust 2020
Vəkil Əsabəli Mustafayev, 7 avqust 2020

M.İbrahimin vəkili Əsabəli Mustafayev AzadlıqRadiosu-na bildirib ki, həbs qərarından şikayət üçün ölkə daxilində sonuncu instansiya apellyasiya məhkəməsidir, Ali Məhkəməyə şikayət vermək olmaz. Ona görə də növbəti addım M.İbrahimin ev dustaqlığına buraxılması üçün Nəsimi rayon Məhkəməsinə vəsatət vermək olacaq. M.İbrahimin durumuna gəlincə, vəkil bildirib ki, səhhətilə bağlı şikayəti yoxdur:

“Məmməd İbrahim dedi ki, “oğluma görə çox narahatam”. Öz durumu ilə bağlı şikayəti yoxdur”.

M.İbrahimin oğlu, futbol məşqçisi Mehdi İbrahimov da Qarabağ yürüşündən sonra həbs olunub. Ona qarşı CM-in 139-1.1 maddəsilə ittiham irəli sürülüb. M.İbrahimov özü COVİD-19 (koronavirus) daşıyıcısı olduğu halda, küçəyə çıxıb başqalarına təhlükə yaratmaqda suçlanır. İş materiallarında onun iyulun 20-də küçədə gedərkən saxlandığı yazılıb. Ailə üzvləri isə bildirir ki, M.İbrahimov koronavirusa yoluxmayıb və iyulun 15-də yürüşdən qayıdarkən saxlanılıb. Ertəsi gün bölmədə onun AXCP funksioneri M.İbrahimin oğlunu biləndə buraxmayıblar, onlar deyirlər. Beş gün sonra isə ona qarşı koronavirusla bağlı ittiham irəli sürülüb.

Xatırlatma

Orduya dəstək yürüşü, 14 iyul 2020
Orduya dəstək yürüşü, 14 iyul 2020

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşünə qatılmış onlarla şəxs saxlanıb. AXCP-dən verilən məlumata görə, bu partiyanın 45 üzvü saxlanılıb. Onlardan 17 nəfərə Qarabağa dəstək yürüşü ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işi üzrə ittiham irəli sürülərək, bir nəfər istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçilib. Daha 18 nəfərə karantin rejimini pozma ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsilib. 10 nəfər isə sərbəst buraxılıb. Baş prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu cinayət işi üzrə həbs olunanlara qarşı özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlardan əlavə, həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin həmin yürüşdə iştirak etmədiyini bəyan edib.

XS
SM
MD
LG