Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:56

Belarusda etirazçılara döyüş güllələri ilə atəş açılıb


Minskdə qadınlar saxlananların azad olunmasını tələb edirlər
Minskdə qadınlar saxlananların azad olunmasını tələb edirlər

Belarus hökuməti 9 avqust seçkisinin nəticələrinə etiraz edənlərə döyüş güllələri atıldığını ilk dəfə olaraq etiraf edib.

Seçkinin rəsmi nəticələrinə görə səslərin 80 faizini qazanmış hazırkı prezident Alyaksandr Lukashenka dalbadal altıncı dəfə prezident seçilib.

Belarus Daxili İşlər Nazirliyi avqustun 12-də bildirib ki, ölkənin qərbindəki Brest şəhərində hüquq-mühafizə qüvvələrinin onlara dəmir dəyənəklərlə hücum edən etirazçılara atəş açması nəticəsində bir kişi yaralanıb:

"Brest şəhərində bir qrup silahlı və aqressiv adam polisə hücum edib. Qrup havaya atılmış xəbərdarlıq atəşindən sonra da dayanmayıb. Polisin həyatını və təhlükəsizliyini qorumaq məqsədilə döyüş güllələri atılıb. Hücum edənlərdən biri yaralanıb”.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Volha Chamadanava AzadlıqRadiosuna deyib ki, o etirazçılara qasrşı istifadə olunmuş silahlar barədə daha sonra daha geniş məlumat verəcək.

Lakin buna baxmayaraq Daxili İşlər Nazirliyi bəyanatını azca dəyişsə də, silahlar barədə məlumatı verməyib.

Belarusun 25 şəhərində

Nazirlik bildirir ki, avqustun 11-də Belarusun 25 şəhərində etiraz aksiyaları keçirilib.

"Mindən çox adam icazəsiz kütləvi aksiyalarda iştirak etdiyinə görə saxlanıb. Səhiyyə Nazirliyinin məlumatına görə 51 nəfər tibbi yardım üçün müraciət edib. Polisin və daxili qoşunların 14 əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan bəziləri xəstəxanadadır”.

Bundan əvvəl, avqustun 10-da polis Minskdə və başqa şəhərlərdə etirazçılara qarşı gözyaşardıcı qazdan, rezin güllələrdən və səs qumbaralarından istifadə etmişdi.

Polis avqustun 11-də 5 min nəfərin saxlandığını, 200 nəfərin xəstəxanaya aparıldığını və bir etirazçının öldüyünü xəbər vermişdi.

Belaruda etirazlar Mərkəzi Seçki Komissiyası Lukashenkanın 80 faiz səslə qalib gəldiyini, müxalifət namizədi Svyatlana Tsikhanouskayanın cəmi 10 faiz səs topladığını bəyan edən kimi başlanıb.

Təcridxanalar doludur

Saxlananların yaxınları avqustun 12-də Minskdəki Mərkəzi Təcridxananın qarşısına toplaşıblar.

Onlar deyirlər ki, içəridən, belə görünür döyülən adamların səsləri eşidilir.

Toplaşanlar “Ar olsun!”, “faşistlər!” deyə qışqırırdılar.

AzadlıqRadiosunun müxbirləri Mərkəzi Təcridxananın damında snayperlərin qoyulduğunu görüblər.

İnsan haqları fəlları saxlama məntəqələrinin, polis idarələrinin və təcridxanaların saxlananlarla dolu olduğiunu bildirirlər.

Belarus Jurnalsitlər Birlıiyi avqustun 12-də hakimiyyətdən mediaya qarşı hücumları dayandırmağı tələb edən bəyanat verib.

Bu bəyanatda deyilir ki, aksiyalar zamanı peşə vəzifələrini yerinə yetirən 12 jurnalist saxlanıb.

Avropa İttifaqı Belarusla münasibətləri müzakirə edəcək

Bu arada xəbər verilir ki, Avropa İttifaqının xarici işlər nazirləri Belarusda baş verənləri avqustun 14-də müzakirə edəcəklər.

Avropa İttifaqı xarici işlər komissarı Josep Borrell bu barədə Twitter-də yazıb:

"Biz təcili məsələləri müzakirə edəcək, Şərqi Aralıq dənizi hövzəsində, Belarusda və Livandakı vəziyyətlə bağlı qərarlar qəbul edəcəyik”.

Bundan əvvəlki bəyanatında Borrell yazmışdı ki, Belarusda seçki “nə ədalətli, nə də azad olub”.

"Avropa İttifaqı Belarus rəhbərliyini geniş cəmiyyətlə əsl dialoqa başlanmasına, sərbəst toplaşma, media və ifadə azadlıqlarına qarşı qeyri-məqbul zorakılıq və hücumları dayandırmağa çağırır. Biz Belarusla münasibətlərimizi diqqətlə nəzərdən keçirəcəyik”.

XS
SM
MD
LG