Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:34

Kinematoqrafçıların Yeni Zelandiya köçü


 Jon Landau (solda) və James Cameron
Jon Landau (solda) və James Cameron

Hollivudun ən sanballı rejissorlarından olan James Cameron gələcəkdə bütün filmlərini Yeni Zelandiyada çəkmək istədiyini deyib. Bu barədə Yeni Zelandiyanın ən iri xəbər saytı olan “Stuff” məlumat yayıb.

“Titanic” və “Avatar” kimi yüksək gəlirli filmlərin müəllifi olan Cameron mayın 4-də Yeni Zelandiyanın İqtisadi inkişaf naziri Phil Twyford-a elektron məktub yazaraq çəkiliş qrupunun ölkəyə buraxılması üçün icazə istəyib. Mayın 31-də Cameron, prodüser Jon Landau və çəkiliş qrupunun daha 30 üzvü təyyarə ilə Vellintona gedib. Onlar burada iki həftəlik karantin dövrünü keçdikdən sonra “Avatar” sekvellərinin çəkilişinə başlayıblar.

6 aya 60 milyon dollar xərcləyəcəklər

Yeni Zelandiyanın Biznes, innovasiya və iş təminatı nazirliyi ölkənin Rəsmi İnformasiya Aktına əsasən hökumətin kinematoqrafçılarla yazışmasını ictimaiyyətə açıqlayıb.

Qeyd edək ki, yazışmanın baş verdiyi və çəkiliş qrupunun ölkəyə gəldiyi dövrdə Yeni Zelandiya Covid-19 epidemiyasına qalib gəlmiş ölkə sayılırdı. Hazırda ölkədə bu virusa yoluxanların sayının artması ciddi narahatlıq yaradıb. Ölkə rəhbərliyi yenidən sərt tədbirlər görməyə başlayıb.

Altı filmin çəkiliş qrupuna ölkəyə daxil olmaq icazəsi verilib. Sənədlərdən görünür ki, hətta xaricdən gələn kinematoqrafçıların həyat yoldaşları, partnyorları və qohumlarına da icazə verilib.

Açıqlanan sənədlər arasında Cameron-un məktubu da var. Rejissor bu məktubda Yeni Zelandiyanın Covid-19 böhranının öhdəsindən gəlməsini tərifləyib və çəkiliş qrupunun 41 üzvü və əsas aktyorlar üçün giriş icazəsi istəyib. Nəticədə ümumilikdə 31 komanda üzvü ölkəyə gəlib.

Cameron həm də Yeni Zelandiyanın daimi sakini sayılırmış. Bu səbəbdən onun ölkəyə girmək üçün icazəyə ehtiyacı yoxdur. Onun Vayrarapa adlı yerdə torpağı da var imiş.

Hökumətin Cameron-un çəkiliş qrupuna icazə verməsi nəticəsində 400-dən artıq ölkə sakini işlə təmin olunacaq. Bundan başqa gələn qonaqlar altı ay ərzində ölkədə 60 milyon dollar pul xərcləyəcəklər. Bunu Cameron-un özü deyib.

“Yeni Zelandiyanın daimi sakini (ümid edirəm tezliklə vətəndaş da olacağam) kimi bütün gələcək filmlərimi Yeni Zelandiyada çəkməyi planlaşdırıram”, – o deyib.

Rejissor maliyyə nazirindən kömək istəyir

Yeni zelandiyalı kinorejissor Jane Campion-un ölkənin Maliyyə naziri Grant

Jane Campion - Yeni Zelandiyalı rejissor
Jane Campion - Yeni Zelandiyalı rejissor

Robertsona məktubu isə belə başlayır: “Biz tanış deyilik, ancaq mənim adım Jane Campion-dur”.

O daha sonra yazır: “Mən Yeni Zelandiya vətəndaşıyam və təvazökarlıqdan uzaq olsa da, tanınan kinorejissoram. Hazırda çətin vəziyyətdə qalmışam və çəkilişlərinə Covid-19 böhranından əvvəl başladığımız bədii filmi bitirmək üçün köməyə ehtiyacım var”.

Campion-un 1994-cü ildə çəkdiyi “Piano” (The Piano) filmi ən yaxşı ssenari nominasiyasında Oskar mükafatına layiq görülüb. Onun özü isə bu filmə görə ən yaxşı rejissor nominasiyasında namizəd olub. Bundan əvvəl, 1993-cü ildə isə o, Kann kinofestivalının Qızıl Palma mükafatına layiq görülüb.

Campion nazirə məktubunda bu qədər tələsməsinin səbəbini də açıqlayıb. O bildirib ki, “İtin gücü” (Power of the Dog) filminin çəkilişlərini sürətləndirmək istəməsinin səbəbi aktyorların başqa layihələrə cəlb olunmasıdır.

Campion qeyd edib ki, karantin dövrünü Yeni Zelandiyanın Houks Bey bölgəsində keçirən Benedict Cumberbatch “Marvel”in yeni filmində Doctor Strange rolunda, Kirsten Dunst isə ciddi bir Amerika TV serialında çəkiləcək.

Netflix-in çəkdiyi “Cowboy Bebop” serialının icraçı prodüseri Tim Coddington da çəkiliş qrupunun Yeni Zelandiyaya girişinə icazə istəyib. O da altı ay ərzində 400 Yeni zelandiyalının işlə təmin ediləcəyini və ölkədə 60 milyon dollar xərclənəcəyini bildirib.

Bundan başqa serialın ikinci mövsümünün də çəkilişlərinin bu ölkədə aparılması nəzərdə tutulub. Coddington-un hökumət rəsmilərinə bildirib ki, bu da daha 8 aylıq iş təminatı və Yeni Zelandiya iqtisadiyyatına əlavə 70 milyon dollar investisiya deməkdir.

XS
SM
MD
LG