Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:53

Rəhim Qazıyev: “Getsəydim, indiyə qədər gedərdim...”


Keçmiş müdafiə naziri Rəhim Qazıyevin ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verilmişdi. Avqustun 13-də Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürova həmin vəsatətə baxıb və sabiq nazirin ev dustaqlığına buraxılmasını məqsədəuyğun saymayıb.

Məhkəmədə R.Qazıyevin özü də iştirak edib. Sabiq nazir bildirib ki, ona verilən dövlət əleyhinə açıq çağırışlar və təxribat törətmə ittihamları absurddur.

“Mənə verilən ittihamlar absurddur, cəfəngiyyatdır. Mənim işimdə sübut kimi müsahibəmin səs yazısını götürürlər. Həbsimdən bir ay keçib, bu müddətdə hansı çevriliş, hansı iğtişaş oldu? Mənim nə gizlənmək, nə də ölkədən getmək fikrim var. Getsəydim, indiyə qədər gedərdim”, – R.Qazıyev belə deyib.

Keçmiş nazir əlavə edib ki, Azərbaycanda məhkəmələrin vəziyyətini yaxşı bilir, ona görə də ədalətli qərar gözləmir.

R.Qazıyevin vəkili onun 78 yaşı olduğunu vurğulayaraq, onun ev dustaqlığına buraxılmasını istəyib. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində problemlər var, istintaqdan yayınmaq niyyəti yoxdur.

Amma hakim R.Qazıyevin ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib.

Sabiq nazirin yaxınları bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.

Xatırlatma

R.Qazıyev iyulun 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı CM-in 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (təxribat) maddələri ilə ittiham irəli sürülüb.

DTX-nın yaydığı rəsmi açıqlamada bildirilir ki, R.Qazıyev Tovuzda - Ermənistanla sərhəddə döyüşlər getdiyi vaxtda məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsiylə hadisələrin mahiyyəti barədə həqiqətə uyğun olmayan xəbərlər yayıb: “Rəhim Qazıyevin ölkənin müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub”.

R.Qazıyev haqqında vaxtilə ölüm hökmü çıxarılıb. 1998-ci ildə Azərbaycanda ölüm cəzası ləğv ediləndə onun cəzası da ömürlük həbslə əvəzlənib. 2003-cü ildə onun yenidən məhkəməsi keçirilib və cəzası 15 ilə endirilib. Sonradan 2005-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb.

R.Qazıyevin hazırda ittiham olunduğu CM-in 281.1-ci maddəsində 5 ilə, 282.1-ci maddəsində isə 15 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG