Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:13

İrana sanksiyaların uzadılmasına qarşı çıxırlar


Nyu Yorkda etiraz aksiyası, arxiv fotosu
Nyu Yorkda etiraz aksiyası, arxiv fotosu

İran və Avropa Birliyi ABŞ Prezidenti Donald Trump-ın İranla nüvə sazişinə uyğun olaraq bu ölkəyə BMT-nin sanksiyalarının uzadılmasını rədd edirlər.

İranın Xarici işlər naziri Mohammad Javad Zarif Birləşmiş Ştatların nüvə sazişindən çıxdığını vurğulayaraq deyib ki, amerikalılar “sanksiyaların uzadılmasının qanunsuz və bu səbəbdən tamamilə qəbuledilməz olduğunu çox yaxşı bilirlər”. Onun dediklərini avqustun 16-da dövlət mediası yayıb.

ABŞ nüvə sazişinin “iştirakçısı” kimi qaldığını iddia edir

AB-nin xarici siyasət rəhbəri Josep Borrell-in sözçüsü avqustun 16-da deyib ki, Vaşinqton Birgə Hərtərəfli Hərəkət Planı kimi tanınan razılaşmadan çıxdığından ona tərəf deyil.

Birləşmiş Ştatlar 2018-ci ilin mayında İranla nüvə sazişindən çıxaraq Tehrana sanksiyalar tətbiq etməyə başlayıb. Bundan sonra İran da öhdəliklərinin icrasını məhdudlaşdırmağa başladı.

ABŞ isə nüvə sazişinin “iştirakçısı” kimi qaldığını iddia edir, çünki sazişi qüvvəyə mindirmiş Təhlükəsizlik Şurasının qətnaməsinin siyahısındadır. Vaşinqton bu səbəbdən sanksiyaları bərpa etmək hüququnu olduğunu bildirir. ABŞ onu da deyir ki, sazişdən çıxandan sonra İran nüvə öhdəliklərinin bəzilərini pozub.

Avqustun 14-də BMT-nin Təhlükəsizlik Şurası ABŞ-ın İrana beynəlxalq silah embarqosunun uzadılmasıyla bağlı qətnaməsini rədd edib. Nüvə sazişinə uyğun olaraq, bu embarqo oktyabrın 18-dən yumşaldılmalıdır.

Birləşmiş Ştatlar indi İrana bütün beynəlxalq sanksiyaların bərpasını istəyir. Trump avqustun 15-də jurnalistlərə deyib ki, “bunu gələn həftədən görəcəksiniz”.

“Birləşmiş Ştatlar səhvlər etməkdədir”

Diplomatların və təhlilçilərin fikrincə, ABŞ-ın İrana bütün sanksiyaları bərpa etməsi qarışıq bir diplomatik savaşa yol açar və bu da BMT-nin Təhlükəsizlik Şurasına zərbə vurar, nüvə sazişini tamamilə iflasa uğradar.

İranın prezident aparatının rəhbəri Mahmoud Vaezi ABŞ-ın cəhdlərinin fayda verməyəcəyini deyib.

“Birləşmiş Ştatlar səhvlər etməkdədir. Onlar sonuncu qətnamədə olduğu kimi, yenə eyni prosesdə iflas edəcəklər”, – Vaezi avqustun 16-da Twitter-də yazıb.

Rusiyanın Xarici işlər naziri Sergei Lavrov avqustun 16-da ABŞ-ın Dövlət katibi Mike Pompeo ilə telefon söhbətində nüvə sazişi üzrə sammitin mümkünlüyünü müzakirə edib.

Rusiya Prezidenti Vladimir Putin nüvə sazişini imzalamış ölkələrin liderlərinin telekonfransını keçirməyi təklif edib. Trump isə deyib ki, belə bir sammitə çox güman qoşulmayacaq.

Lavrov telefon söhbətində nüvə sazişinin vacibliyini vurğulayıb, onu “Yaxın Şərq regionunda nüvə silahlarının yayılmamasını və regional təhlükəsizliyi gücləndirməyi hədəfləyən böyük siyasi və diplomatik nailiyyət” adlandırıb. Məlumatı “Interfax” Rusiya Xarici İşlər Nazirliyinə istinadla yayıb.

XS
SM
MD
LG