ABŞ Prezidenti Donald Trump deyir ki, Senatın Kəşfiyyat Komitəsinin 2016-cı il prezident seçkisinə Rusiyanın müdaxiləsinə dair yekun hesabatı onun Rusiya, yaxud Ukraynayla gizli sövdələşməyə getmədiyini göstərir.
“Tam bir yalandır”
“Bu barədə heç nə bilmirəm. Bunu oxumamışam. Bu, tam bir yalandır”, – Trump avqustun 18-də Arizonanın Yuma şəhərində jurnalistlərə deyib.
Rusiya təhqiqatını həmişə “yalan” adlandırmış Trump əlavə edib ki, “bildiyim bir odur ki, Rusiya və Ukrayna ilə heç bir sövdələşməm olmayıb və hesabatda da bu, ucadan və aydın şəkildə bildirilib”.
Trump-ın builki seçki qərargahının mövqeyincə, hesabat Rusiyayla Trump-ın qərargahı arasında heç bir əlbirlik olmadığına dəlildir. “Rusiyayla Əlbirlik Yalanı bu ölkənin tarixində ən böyük siyasi qalmaqaldır”, – bəyanatda deyilir.
Hesabatda Rusiyanın 2016-cı ildə seçkiyə Trump-ın xeyrinə aqressiv şəkildə müdaxiləyə cəhd etdiyi detallı göstərilir. Sənədə görə, Trump-ın seçki qərargahının sədri Rusiyanın kəşfiyyat məmuruyla daimi əlaqə saxlayıb, Trump-ın digər köməkçiləri Kremlin yardımından istifadəyə can atıblar.
Komitənin hesabatı belə bir qənaətə gəlir ki, seçki qərargahının rəhbəri Paul Manafot-un Kremlə bağlı şəxslərlə təmasları “ciddi əks-kəşfiyyat təhdidi” yaradıb.
WikiLeaks-in rolu
Bu, respublikaçıların rəhbərlik etdiyi komitənin beşinci və yekun hesabatıdır. Hesabata görə, Rusiya Prezidenti Vladimir Putin Demokratlar Partiyasına haker hücumuna, Hillary Clinton-a zərbə vurmaq üçün informasiya sızdırılmasına göstəriş verib.
Moskvanın niyyəti Clinton-un kampaniyasına, gözlənən Clinton prezident administrasiyasına ziyan vurmaq, Trump-ın seçki kampaniyasına kömək etmək olub, hesabatda vurğulanır.
WikiLeaks vebsaytının Rusiyanın cəhdlərində əsas rol oynadığı da qeyd olunur. Hesabata görə, vebsayt Rusiyanın təsir kampaniyasına kömək etdiyini “çox güman ki bilirdi”.
Demokrat Partiyasının sənədlərini Rusiyanın GRU hərbi kəşfiyyat qurumu və WikiLeaks yayıb. Hesabatda deyilir ki, Trump-ın seçki qərargahı WikiLeaks-in yaydığı sənədlərdən kampaniyada yararlanmağa çalışıb.
Ancaq komitə Trump-ın seçki qərargahının Rusuyayla koordinasiyaya, yaxud sövdələşməyə getdiyinə yetərincə dəlil olmasıyla bağlı bir qənaətə gəlmir. Bu da respublikaçılar və demokratların fərqli yozumlarına səbəb olub.
Komitənin bir qrup respublikaçı üzvü “əlavə fikirlər” təqdim edərək bildiriblər ki, qurum Trump-ın seçki qərargahının Rusiyayla koordinasiyaya getmədiyini daha aydın ifadə etməliydi. Demokratlar isə qeyd ediblər ki, hesabat bu əməkdaşlığı aydın şəkildə ortaya qoyur.
Manafort 2019-cu ilin martında bank və vergi fırıldağı ittihamları ilə yeddi illik həbsə məhkum edilib.