Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:20

Həkimlər Navalny-nin 'həyatını xilas etməyə çalışırlar'- Reaksiyalar


Alexei Navalny
Alexei Navalny

Almaniya və Fransa Navalny'nın müalicəsini təmin etməyə hazırdır

Fransa prezidenti Emmanuel Macron və Almaniya kansleri Angela Merkel Alexey Navalny'nı Avropa Birliyində müalicə və təhlükəsizlik ilə təmin etməyə hazır olduqlarını bildiriblər.

Birgə mətbuat konfransında Macaron həm Fransa, həm də Almaniyanın siyasətçinin ailəsinə təhlükəsizlik və sığınacaq verməyə hazır olduqlarını vurğulayıb.

***

Moskvada, FSB binasının yaxınlığında, huşsuz vəziyyətdə Omskdakı xəstəxanaya yerləşdirilən Aleksey Navalny-ya dəstək olaraq mitinq keçirilir. AzadlıqRadiosu iki nəfərin saxlandığını xəbər verir.

***

Rusiyada həkimlər müxalifətçi Aleksei Navalny-nin həyatını xilas etməyə çalışdıqlarını deyirlər.

Omsk xəstəxanasının həkimi Anatoly Kalinichenko jurnalistlərə deyib ki, Navalny-nin vəziyyəti ağır, amma sabitdir, həkimlər “onun həyatını xilas etməyə” çalışırlar.

Kreml Prezident Vladimir Putin-in əsas tənqidçisinin vəziyyətindən xəbərdar olduğunu bildirib, ona yaxşılaşmağı arzulayıb. Ancaq siyasətçinin zəhərlənməsi iddialarına dəlil olmadığı qeyd edilib.

TASS dövlət xəbər agentliyi mənbəyə istinadla yazır ki, müxalifətçi bloqer xəstəxanaya daxil olanda ilkin “psixodisleptik maddə ilə kəskin zəhərlənmə” diaqnozu qoyulub.

Navalny-nin həkimi Yaroslav Ashikhmin “Meduza” portalına deyib ki, onun müalicə üçün “Avropaya aparılması lazımdır”: “Hanover, yaxud Strasburqda xəstəxananın onu qəbul etməsi üçün razılaşma əldə etməyə çalışırıq”.

Ashikhmin deyib ki, Qərbdəki klinikalar şübhəli zəhərlənməyə səbəb olmuş maddəni daha yaxşı aşkarlaya bilərlər.

Navalny-nin çay aldığı kafe təhlükəsizlik nəzarətindən keçəndən sonra sərt şəkildə qorunan ərazidə yerləşib. Hüquq-mühafizə orqanındakı mənbə TASS agentliyinə deyib ki, kafedə işləyənlərlə müsahibələr işçilərin baş verənlər haqda az şey bildiyini göstərib.

AB-nin xarici siyasət rəhbəri Josep Borrell “Alexei Navalny-nin şübhəli zəhərlənmə insidenti haqda məlumatlardan narahatlığını” bildirib. “Təsdiqlənərsə, buna görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır”, – o, tvitində yazıb.

Britaniyanın Xarici İşlər naziri Dominic Raab Navalny haqda xəbərlərdən “dərin narahatlıq” keçirdiyini söyləyib.

***

Omskdakı xəstəxananın həkimi Anatoly Kalinichenko Navalny-nin vəziyyətinin ağır olduğunu, süni nəfəs aparatına qoşulduğunu təsdiqləyib. Ancaq deyib ki, “onun vəziyyətinə zəhərlənmənin səbəb olduğu dəqiq deyil”. “Bu, mümkün səbəblərdən biridir”, deyən həkim hazırda testlər aparıldığını, müxtəlif diaqnozların nəzərdən keçirildiyini söyləyib.

Yarmysh isə həkimlərin “vaxtı uzatdığını, bildiklərini demədiklərini” vurğulayıb.

“Xəstəxanada həkimdən çox, polis əməkdaşı var. İstintaq komitəsi gəlib”, – o deyib.

Navalny-nin özünü pis hiss etdiyi təyyarənin sərnişini olmuş Pavel Lebedev deyib ki, uçuşun əvvəlində Navalny “tualetə gedib və qayıtmayıb”.

“O, həqiqətən xəstə idi və ağrıdan qışqırırdı. Ona nə olduğunu demədilər. Biz Omskda endik, təcili yardım gəldi”, – o, sosial mediada yazıb.

Navalny-yə əvvəllər fiziki hücumlar olub.

2017-ci ildə onun üzünə yaşıl boya atıblar, gözünün buynuz təbəqəsi zədələnib.

***

Aleksei Navalny-nin hazırda reanimasiyada komada olduğu bildirilir. Sözçüsü Kira Yarmysh tvitində yazıb ki, “o, süni nəfəs aparatına qoşulub. Hazırda ağır vəziyyətdə komadadır. Hələlik, testin nəticələri bəlli deyil”.

Navalny-nin fondunun hüquq departamentinin rəhbəri Vyacheslav Gimadi isə Twitter-də yazıb:

“Navalny-nin siyasi mövqeyi və fəaliyyətinə görə zəhərlənməsinə şübhə yoxdur”.

Onun sözlərinə görə, Navalny-nin vəkilləri sui-qəsd cəhdi üzrə cinayət işi açılmasını istəyirlər.

***

Kremlin tənqidçini Aleksei Navalny Omskda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun zəhərlənməsindən şübhələnirlər, sözçüsü Kira Yarmysh deyib.

Navalny Moskvadan Tomska uçarkən özünü pis hiss edib. Təyyarə Omskda təcili eniş edib və siyasətçi xəstəxanaya aparılıb. Yarmysh Twitter-də yazıb ki, Navalny-nin huşu özündə deyil.

Aleksei-in çayına nəsə qarışdırılaraq zəhərləndiyini güman edirik. O, səhər yalnız çay içib. Həkimlər zəhərin isti maye ilə daha sürətlə yayıldığını deyirlər”, – Yarmysh vurğulayıb.

Onun sözlərinə görə, Navalny bir il qabaq təcridxanada olanda da zəhərlənmişdi.

“Görünür, onun başına eyni şeyi gətiriblər”, – o deyib.

Omskdakı 1 saylı Təcili Yardım Xəstəxanasının baş həkimi Aleksandr Murakhovsky Navalny-nin vəziyyətinin “ağır” olduğunu deyib. Məlumatı TASS xəbər agentliyi yayıb.

Prezident Vladimir Putinin qatı tənqidçisi olan Navalny Rusiyada kök salmış korrupsiyanı ifşa edirdi.

44 yaşlı Navalny son illər dəfələrlə həbs olunub, prezident seçkisinə, Moskvada mer seçkilərinə buraxılmayıb. O, 2019-cu ilin yayında icazəsiz aksiyalara çağırdığı üçün 30 günlüyə həbs olunub. Həbsdə ikən üzü şişdiyi və səpdiyindən xəstəxanaya aparılıb. Müxalifətçi sonradan zəhərləndiyi iddia elədi.

Navalny-nin Anti-Korrupsiya Fondu 2011-ci ildə təsis olunub.

XS
SM
MD
LG